525.Az

Sülh, ya müharibə? - Fərid Sançar yazır


 

Sülh, ya müharibə? - <b style="color:red"> Fərid Sançar yazır</b>

Cənubi Qafqaz tarix boyu müharibələrə, işğallara, konfliktlərə səhnə olub. Məsələn, Qarabağ müharibəsi, Osetiya müharibəsi, Abxaziya müharibəsi və s. Sözügedən münaqişə nöqtələri Qafqazı çox geriyə aparıb. Bunları yaradan səbəb isə ərazi iddialarıdır. Halbuki, bu münaqişələr baş verməsəydi, bu gün vəziyyət tamamilə başqa cür ola bilərdi. Məsələn, postsovet məkanından Baltikyanı (Latviya, Litva, Estoniya) ölkələri misal çəkmək istərdim. Bu üç ölkə digər Sovet ölkələrindən fərqli olaraq qısa zaman ərzində inkişaf edə bildi və daha sonra Avropa İttifaqına qəbul edildi. Çünki nə estonların, nə latviyalıların, nə də litvalıların bir-birinə ərazi iddiası oldu. Sovet rejimi 50 il buna çalışsa da, oradakı xalqlarda bir-birinə qarşı nifrət, düşmənçilik hissi yarada bilmədi. Bu da o deməkdir ki, Baltikyanı əraziləri öz təsiri altında saxlaya bilməsi üçün oynayacağı kartı, o coğrafiya üzərində heç bir təsir mexanizmi yox idi. Həmçinin, onların Avropaya yaxın olmaları da bu məsələdə önəmli rol oynamışdı.

Təəssüf ki, nə Cənubi Qafqazda, nə də Orta Asiyada bu belə oldu. Bizim yaşadığımız bu coğrafiya da bu gün dünyanın qaynar nöqtələrindən biri sayılır. Həm Qarabağ problemi, həm də Cənubi Qafqazın Rusiya və İranın bu dərəcədə təsiri altında olması bütün Qafqazı geriyə salan amildir. Əgər böyük ölkələrin istəyi olmasaydı, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və həmçinin bu günədək Azərbaycana qarşı bu formada düşmən mövqeyində olması mümkün olmazdı. Nəticədə, Qafqazda böyük işlər, layihələr həyata keçirilə bilərdi. Həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistanın bir-biri ilə yaxşı münasibətlər qurması regionu dünyanın ən əhəmiyyətli nöqtəsinə çevirə bilərdi. Onu da unutmayaq ki, Qafqaz tranzit bölgədir. Dünya ticarətində çox böyük rol oynaya bilər. Təəssüf ki, Qafqazda olan münaqişələr, savaşlar buna imkan verməyib.

Buna bənzər başqa bir tarixi hadisəni nümunə çəkmək istərdim. Avropa da tarix boyu qanlı müharibələrə səhnə olub. Fransızların, almanların, ingilislərin qorxunc savaşlarını görüb. Məsələn, Almaniya hər iki Dünya müharibəsində Fransa ərazilərini işğal etmişdi. Lakin İkinci Dünya müharibəsindən sonra hər şey tamamilə ayrı cür oldu. Qərbi Avropa ölkələri fərqli siyasət həyata keçirdilər. 1957-ci ildə Qərbi Almaniya, Fransa, Belçika, İtaliya və Lüksemburq arasında Romada müqavilə imzalandı. Tarixə Roma müqaviləsi kimi keçən bu anlaşma nəticəsində Avropa İqtisadi Birliyi quruldu. Bir-biri ilə qanlı savaşlar aparmış bu ölkələr artıq vahid bir ittifaq altında birləşə bilmişdilər. Çünki Sovetlərin üstünlüyü ilə Soyuq müharibə dövrü başlamışdı. Avropada yenidən müharibələr alovlansaydı, bu, Avropanı parçalayıb öz təsiri altına almaq üçün SSRİ-nin əlində bir vasitə ola bilərdi. Necə ki Sovetlər bunu Şərqi Avropada bacara bilmişdilər. Ona görə də, inkişaf etmək, gələcəyə doğru addımlamaq, firavan, müharibəsiz həyat yaşamaq üçün bu 5 ölkə birləşdi. Bu prosesə ən çox dəstək verən ölkələr isə Amerika və Böyük Britaniya oldu. Çünki onlar da Avropada qanlı savaşların olmasının, yenidən nasizmin baş qaldırmasının əleyhinə idilər.

Biz bundan özümüz üçün nümunə götürə bilərik. Hesab edirəm ki, Qafqazda münaqişələr bitəcəyi halda, hər üç Qafqaz ölkəsi də Avropanın 50-ci illərdə etdiyi kimi müsbət addımlar ata biləcək. Təbii ki, burada da ən önəmli rolu Azərbaycan oynayacaq. Çünki Qafqazın tranzit bölgəyə çevrilib-çevrilməyəcəyi Azərbaycanın əlində olan bir məsələdir. Bu baş versə, Cənubi Qafqaz həm Rusiyanın, həm İranın, həm də burda maraqları olan digər dövlətlərin də təsiri altında yaşamaqdan qurtula bilər. Fikrimcə, problemin əsas çıxış yolu budur. Bunun üçün ilk növbədə, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanısa və Zəngəzur dəhlizinin açılmasına imkan versə, bu bizi çox irəliyə apara bilər. Əgər Ermənistan revanşist mövqeyindən əl çəkib bu addımları ata bilsə, bunun Qafqaz tarixində yeni bir səhifə açacağına şübhə yoxdur. Bu, çətin və uzun bir proses olsa da, mümkündür. Qarabağ məsələsi prosesi kənardan izləyən biri üçün sadəcə olaraq ərazi problemi kimi görünə bilər, ancaq bu belə deyil. Bütün regionun taleyi ilə bağlı bir məsələdir. Ona görə də sülhə köklənmək ən yaxşı çıxış yolu ola bilər. Əgər Azərbaycan və Ermənistan arasında olan münaqişələr bitməsə, münasibətlər normallaşmasa, bu bizi daha da geriyə aparacaq. Biz 2020-ci ildə Vətən müharibəsi aparıb düşmənə qalib gəldik, 30 il ərzində işğal altında olan ərazilərimizi azad edə bildik. Bu hər birimiz üçün böyük bir uğurdur. Lakin sülh üçün kifayət etmir. Bu o deməkdir ki, belə bir məqamda diplomatiyaya, iqtisadi inkişafa, xaricdə bizim maraqlarımızı həqiqətən müdafiə edəcək diaspor qurumları yaratmağa da üstünlük verməliyik.

 

 

 





20.09.2022    çap et  çap et