525.Az

Əhməd bəy Ağaoğlu yaradıcılığında kulturoloji fikir


 

Əhməd bəy Ağaoğlu  yaradıcılığında kulturoloji fikir<b style="color:red"></b>

Həcər ATAKİŞİYEVA

 

Görkəmli ictimai xadim, böyük türkoloq Əhməd bəy Ağaoğlunun yaradıcılığının önəmli bir hissəsini kulturoloji fikir tariximizin öyrənilməsi təşkil edir. Əhməd bəy milli kulturoloji fikirdə mədəni qələbənin qazanılmasını Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsində görürdü. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyətin tarixi tipologiya problemlərinə daim nəzər salmışdır. O, dünyada üç böyük mədəniyyətin olduğu fikrini irəli sürmüş və bu fikri dəstəkləmişdir. Şərq mədəniyyətini və Budda-Brahma mədəniyyətini bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olmaqda günahlandırırdı. Ə.Ağaoğlu yaradıcılığında ən çox toxunduğu mövzulardan biri də məhz mədəniyyət anlayışıdır. O,"Mədəniyyət demək - həyat tərzi deməkdir" - fikrini həyat və yaradıcılığında rəhbər tutmuşdur.

Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti "Yaxşıları özündə birləşdir" prinsipində görürdü. Əhməd bəy İslam mədəniyyətindən Quranı kamil şəkildə dərk edib, onun şərtlərinə əməl etməyi məsləhət görürdü. Qərb mədəniyyətindən isə elm və texnikanı dərindən öyrənməyi tövsiyə edirdi. Ə.Ağaoğlu Azərbaycan xalqı üçün tərəqqini elm və təhsil sahəsində uğur qazanmaqda görürdü. Bununda yolunu xalqın maarifləndirməsində olduğunu bildirirdi. Əhməd bəy Ağaoğlunun əsərləri onun kulturoloji görüşlərini tamamilə əks etdirə bilmişdir. Dünya mədəniyyətşünasları mədəniyyət tarixinin inkişaf mərhələlərinin müxtəlifliyini dünyanın müxtəlif ölkə və xalqlarının mədəniyyətlərinin müxtəlifliyi ilə əlaqələndirmişlər. Dünya sivilizasiyalarında daim  müxtəlif yerdəyişmələr olmuşdur, bu dəyişmələr Şərqdən Qərbə, bəzi hallarda isə Qərbdən Şərqə doğru baş vermişdir. XX əsrin əvvəllərində artıq Türkiyə və Azərbaycanda modern Qərb dəyərləri tarixə "yeniləşmə", "müasirləşmə", "qərbliləşmə" kimi adlar şəklində daxil olmuşdur. Azərbaycanda müasirləşmə prosesi dövlət səviyyəsində deyil, qabaqcıl ziyalılar tərəfindən aparılırdı. Buna görə də, Azərbaycanda qərbliləşmə prosesi ciddi nəticələr verə bilməmişdir. Əhməd bəy Ağaoğlu kulturoloji fikrində ifrat qərbçi mövqeyi ilə tanınırdı. Əhməd bəy Ağaoğlu Avropa mədəniyyətinin uğurunu onların elm və texnika sahəsində qazandıqları  nailiyyətlər ilə əsaslandırırdı.

XX əsrin I yarısında Azərbaycanda mədəniyyət məfhumu cəmiyyətin maddi və mənəvi həyatına köklü dəyişikliklər gətirməyi bacardı. Tarixi şəraitin özü bu vəziyyəti formalaşdırdı. Azərbaycan Rusiya və İranın tərkibində iki yerə bölünmüşdü. Şimali Azərbaycanda da Rusiyadakı kimi 1905-1907-ci illər inqilabının, Birinci Dünya müharibəsinın və vətəndaş müharibələrinin təsiri görülürdü. Azərbaycanda da ictimai-siyasi fəallıq özünü açıq bir şəkildə göstərirdi. Azərbaycan mütəfəkkirləri də öz növbələrində bu prosesdən kənarda qalmırdılar.

XX əsrin I yarısında Azərbaycanda kulturoloji fikrin daha çox inkişaf etdiyi açıq bir şəkildə görülürdü. XX əsrin əvvəllərində artıq "mədəniyyət" anlayışına dair fikirlər dövrü mətbuatın  mərkəzində dayanırdı.

XX əsrin birinci yarısında Azərbaycanda başqa sahələrdə yaranan çətinliklər kimi kulturoloji fikir də müəyyən çətinliklərlə və maneələrlə qarşılaşdı. Bu çətinliklərə baxmayaraq inkişaf edib, millətin inkişafına tərəqqisinə istiqamətlənə bildi. XX əsrin ilk onilliklərində Azərbaycan kulturoloji fikri Şərq ilə Qərb arasında körpü rolunda idi. Həmin ideoloji düşüncələr çərçivəsində mədəniyyət probleminə dair fikir və mülahizələr Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin, Məhəmməd Əmin Rəsulzadənin, Hüseyn Mirzə Camalovun, Ömər Faiqin, Hacı İbrahim Qasımovun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Üzəyir Hacıbəylinin və digərlərinin yaradıcılığında öz əksini tapmışdır.

İctimai-siyasi, fəlsəfi baxışların geniş vüsət alması qaçılmaz hala çevrilir, azadlıq hərəkatının miqyası getdikcə genişlənirdi. Bu dövrdə artıq inqilabi və demokratik dünyagörüşün formalaşması, ictimai fikrin siyasi mübarizə ilə əlaqələndirilməsi üçün bacardıqlarından da artığını edən Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Üzəyir bəy Hacıbəyli bu proseslərdə xalq üçün böyük xidmətlər etmişdilər.

Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixində böyük xidmətləri olmuşdur. Əhməd bəy Rusiya və Qərbi Avropada tanınmış şərqşünas - alim, publisist, ictimai xadim və ideoloq olmuşdur. Əhməd bəy Ağaoğlunun dünyagörüşü və ictimai fəaliyyəti mürəkkəb olması ilə yanaşı eyni zamanda, bir qədər də ziddiyyətli olmuşdur. Görkəmli mütəfəkkirin mədəniyyətə baxışı onun yazmış olduğu çox dəyərli əsərlərində - "Üç mədəniyyət", "Azərbaycanın əhəmiyyəti", "Türk hüquq tarixi", "Sərbəst insanlar arasında", "Sərbəst insanlar ölkəsində", "İslama görə və islamda qadınlıq''və digərlərində öz əksini tapmışdır. Ağaoğlunun ədəbi irsinin çox mühüm və qiymətli bir hissəsini bədii-fəlsəfi və publisist məzmunlu traktatlar təşkil edir. Bu əsərlərdə utopik sosializm, xalq hakimiyyəti, mənəvi təkamül, müasirləşdirmə ideyaları, əməkçi insanın qüdrətinə və gələcəyinə inam əksini tapmışdır. Ə.Ağaoğlu əsərlərində daim qeyd edirdi ki, mədəniyyət və maarifin tərəqqisi milli istiqlaliyyətin qazanılmasından keçir. Əhməd bəy tərəqqiyə çatmağın yolunu yenidən tərbiyələnməkdə görürdü. O, öz növbəsində məqsədinə nail olmaq üçün  yollar da axtarırdı. Əhməd bəy bunun yolunu Quranın kəlamlarını dərindən bilib, onlara əməl etməkdə və eyni zamanda, Avropanın mədəni xalqlarının ən yaxşı ənənələrini tətbiq etməkdə, elmi və texniki nailiyyətləri dərindən öyrənməkdə görürdü. Müsəlman xalqlarının yüksəlişinin bu şərtlərə əməl olunmasında olduğunu bildirirdi. Əhməd bəy hər zaman Azərbaycan xalqının dünya miqyasında tanınmağının  yolunu elm və təhsildə görürdü. Buna görə də bütün səyləri ilə bacardığı qədər xalqın maarifləndirilməsinə çalışırdı. Artıq XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu "Asiyanın oyanması" dövründə Şərq və Qərb mədəniyyətləri arasındakı anlaşılmazlıqların aradan götürülməsinin mümkünlüyünü irəli sürən bir mütəfəkkir olmuşdu.

Ə.Ağaoğlunun "Üç mədəniyyət" əsərini milli kulturoloji fikrin tarixi qaynağı hesab etmək olar. Müasir Azərbaycan milli kulturologiyasının öyrənilməsində Ağaoğlunun "Üç mədəniyyət" əsərinin böyük rolu vardır. Əhməd bəy Ağaoğlunun kulturoloji görüşlərini əks etdirən bu traktat onun yaradıcılığının şah əsəridir.

Əhməd bəy mədəniyyətdə böhran, tənəzzül, geriləmə və onlara əks olan tərəqqi, intibah, çiçəklənmə hallarının törənmə və yaranma səbəblərini izah edirdi və onları qarşılaşdırırdı. Şərq və Qərb mədəniyyətlərinin "məğlub" və "qalib" edən şərtləri bir-biri ilə müqayisə edirdi. Müasir, sivil dünya mədəniyyətinin çökməkdə olan mədəniyyətlərin hesabına yarandığını qeyd edirdi. Ə.Ağaoğlunun fikrinə görə, hər millət mədəniyyət hadisəsini özünəməxsus şəkildə anlayır. Əhməd bəy bildirir ki, mədəniyyət müxtəlif millətlərin  təfəkküründə formalaşan məfhumdur.

Ədib mədəni müxtəlifliyi tərəqqinin əsas şərtlərindən biri kimi görürdü. Milli özünəməxsusluğu mədəniyyətlərarası tərəqqinin şərtlərindən biri kimi analiz edirdi. Əhməd bəy bildirirdi ki, hər bir xalqın mədəniyyəti onun keçmişi, ənənəvi dəyərləri, dini inancları, mənsub olduqları milli kimlikləri, yerləşdikləri region ilə çox sıx bağlıdır.

Ədib Avropanın digər mədəniyyətlər üzərində qələbə qazanmağının səbəbini yalnız elm və mədəniyyətdə uğur əldə etməsində görmürdü. Onun gəldiyi nəticəyə görə, Avropa mədəniyyəti başqa mədəniyyətlərə qalib gəlmişsə, o bu qələbəni bütün gücü ilə, bütün qüvvələri ilə, bütün səhvləri ilə birgə qazanmışdı.

Ə.Ağaoğlu Qərb mədəniyyətinin qələbə qazandığını bir çox əsərlərində təsdiqləyir. Ə.Ağaoğlunun fikrincə, "Mədəniyyət həyat tərzi deməkdir". Mədəniyyət bir həyat tərzi olduğuna görə onda bütün tərzlər cəm olur.

Ə.Ağaoğlu "Üç mədəniyyət" traktatında həm keçmişin, həm öz dövrünün, həm də gələcəyin təsvirini vermişdir. Ədib azərbaycançılıq ideologiyasından çıxış edərək, ümumbəşəri dəyərlərə və Azərbaycan xalqının  mədəni ənənələrinə söykənərək milli mədəni inkişaf konsepsiyasını yaratmağa çalışmışdır. Mədəniyyətşünas alim "Üç mədəniyyət" əsərində müsəlman xalqlarının milli tərəqqiyə çatmağı üçün Qərb mədəniyyətini öyrənməklərinin vacibliyini dönə-dönə qeyd edirdi. Əhməd bəy Qərbin dünyagörüşü və kulturoloji fikir cəhətdən sürətlə irəliləməsinin səbəbini onların ən azı üç Avropa dilini - fransızcanı, ingiliscəni, almancanı bilmələrində görürdü. Qərbdə  alim və ədiblərin demək olar ki, hamısı ortaq Avropa dillərini bilir. Məhz dil vasitəsilə onlar Avropa mədəniyyətini bu qədər geniş yaymağa və yaşatmağa nail ola bilirlər. Qərbdə ümumi götürdükdə mədəniyyət dili kimi yunan və latınca qəbul edilib və buna görə də mədəniyyətləri yaşadıb gələcək nəsillərə ötürmək üçün bu dilləri gənc nəslə uşaqlıqdan  öyrədirlər. İslamda ərəbcə və farsca ortaq mədəniyyət dili olduğu kimi, Qərbdə də ortaq mədəniyyət dili latınca sayılır. Əhməd bəy Ağaoğlu Şərq mədəniyyətinin çökməsinin səbəbini Şərqdə hökmdarlara, Qərbdə isə qanunlara itaət edilməsi ilə əlaqələndirir. Ədib mədəniyyət anlayışını xarakterizə edərək onu - ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s. kimi bölmələrdə təhlil edir. Ədib "Üç mədəniyyət" əsərində xalqın əxlaqının formalaşmasında dindən sonra ən çox təsir göstərmək gücündə ola biləcəklər kimi ədəbi və fəlsəfi əsərləri görür.

(Ardı var)

 





20.09.2022    çap et  çap et