525.Az

Pelosinin İrəvana səfərində korrupsiya izi


 

120 MİLYON DOLLARI KİM VERİB VƏ HARA XƏRCLƏNİB?

Pelosinin İrəvana səfərində korrupsiya izi<b style="color:red"></b>

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və orada verdiyi bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə zərər verməklə yanaşı, regionda vəziyyətin gərginləşməsinə xidmət etdi. O, 12-14 sentyabrda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatda Bakını günahlandırıb. Beləliklə, Pelosinin öz siyasi ambisiyaları və lobbi maraqlarına hesablanmış fəaliyyəti Birləşmiş Ştatların Azərbaycanın ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflətmiş oldu. Siyasi fəaliyyəti boyunca ermənipərəst mövqe sərgiləyən xanım spiker öz maraqları naminə, seçkilərdə dəstək qazanması üçün daim provokativ addımlar atıb. Onun bir müddət əvvəl Çinə qızışdırıcı səfərini də yada salmaq lazımdır. Bu səfər həmin regionda vəziyyətin gərginləşdirməsinə hesablanmışdı.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən sonra Moskva və Brüsselin vasitəçiliyi ilə Ermənistanla normallaşma prosesi başladılıb. Post-müharibə dövründə ABŞ-ın Cənubi Qafqazda itirdiyi nüfuzunu yanlış addımlar və gündəliklə bərpa etmək cəhdi özünü göstərməkdədir. Belə ki, öz yarıtmaz fəaliyyəti ilə arxivə göndərilən ATƏT-in Minsk qrupunu dirçəltmək cəhdi açıq görünür. Ermənistan üzərindən regionda müdaxilə siyasəti və Minsk qrupunun bərpa etmək cəhdləri tamamilə uğursuz bir strategiyadır.

Təəssüf ki, eyni yanaşma bir vaxtlar həmsədrlik missiyasını yerinə yetirən Fransa tərəfindən də sərgilənir. Fransanın BMT Təhlükəsizlik Şurasında sərhəd toqquşmasını gündəliyə gətirməsi bu ölkəyə də etimadı azaldır. İstər Fransa, istərsə də ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel sülh gündəliyini dəstəkləməlidirlər. Hər dəfə Brüssel görüşündən sonra Vaşinqtondan və Parisdən sözdə sülhə dəstək bəyanatları verilsə də, son davranışlar sabiq vasitəçilərin əslində Ermənistanı qızışdıraraq, sülh gündəliyinin irəli getməsinə imkan vermədiyini göstərir. Avropa İttifaqı və Aİ Şurasının prezidenti Şarl Mişelin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar. Bir tərəfdən Minsk qrupunu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. 31 avqustda Brüssel görüşündə real nəticələrin olunmaması bu siyasətin nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina etdi və təxribatlara əl atdı.

Hazırda siyasi-diplomatik provokasiyalarla alternativ gündəlik yaratmaq aparılan işin ziyanınadır. Brüssel sülh gündəliyi dəstəklənməli, xüsusilə, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Prosesin irəli aparılması üçün bütün fəaliyyət məhz bu istiqamətə yönəlməlidir.

Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham etmək əsassız bir yanaşmadır. Birincisi, Ermənistan hələ Qazaxın yeddi kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan Paşinyanın dili ilə dedi ki, bu kəndlərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur. Deməli, bütün sərhədyanı zona şərtidir və sual altındadır. Ona görə də hələ kim-kimin ərazisindədir mövzusu ayrıca müzakirə olunmalıdır.

Ermənistan həqiqətən sülh istəyirsə, pelosikimilərdən "imdad" gözləmədən, Azərbaycanla birbaşa təmasla məsələləri yoluna qoya bilər.

Yeri gəlmişkən, Pelosinin özünün fəaliyyəti korrupsiya ilə doludur. Araşdırmalar nəticəsində bəlli olub ki, onun Ermənistana səfəri üçün 120 milyon dollar xərclənib. Xanım spikerin səfəri barədə informasiyalar sentyabr ayının əvvəllərində gündəmə gəlsə də, ABŞ hökuməti  səfər  xərclərini ödəməkdən imtina etdiyi üçün səfər ləğv olunmuşdu. ABŞ  hökuməti "sadə amerikalı vergi ödəyicilərinin hesabına Nensi Pelosinin İrəvan səfərinə maliyyə ayırmaqdan imtina etmişdi.  İndi bəlli olub ki, Nensi Pelosinin səfər xərclərinin bir hissəsini Konqresdə fəaliyyət göstərən  Amerika Erməni Kommitəsi - ANCA ödəyib. Digər  hissəsi isə rusiyalı biznesmen Ruben Vardanyanın payına düşüb.  Politoloq Yeganə Hacıyeva və media eksperti Müşfiq Ələsgərlinin birgə araşdırmasında vurğulanıb ki, Pelosinin İrəvana səfəri erməni icmasına  nə az,  nə çox, tam  120 milyon dollara başa gəlib.

Səfərin xərclərinin ödənilməsi haqqında açıq mənbələrdən görünür ki, Vaşinqtondakı erməni lobbiçilərin hesabına  Ruben Vardanyanın bankı vasitəsilə 75 milyon dollar vəsait  köçürülüb. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına "birdəfəlik ianə" kimi nəzərdə tutulub. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin  təhlükəsizlik və digər xərclərinə sərf edilir. Səfərin təşkilatçısı qismində çıxış edən  erməni şirkəti Pelosinin hesabına  daha 15 milyon dollar ayıracaq ki, o, yekun bəyanatında  Nikol Paşinyanın müdafiəsi üçün əlahiddə  fikirlər səsləndirsin. Vasitəçi şirkət nümayəndələri olan  3 nəfər isə hərəyə 10 milyon dollar olmaqla, ümumilikdə  30 milyon dollar "qonorar" alacaqlar.

Məsələnin təəccüblü tərəfi odur ki, bütün dünyada rusiyalı  iş adamlarına sanksiyalar tətbiq olunur. Belə durumda erməni əsilli Rusiyadan olan iş adamı  Ruben Vardanyan Rusiyadan oğurladığı pullar hesabına ABŞ Konqresinin nümayəndələr palatası spikerinin səfəri üçün maliyyə ayıra bilir. Paralel şəkildə ABŞ-ın iqtidar partiyasına- Demokratlar Partiyasına- ianələr edə bilir.

İş ondadır ki, OCCRP ( Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi)  2019-cu ilin  mart ayında açıqladığı hesabatında  Rusiyada yaşayan erməni əsilli oliqarxların fəaliyyətinə də  toxunub. Onların  Ermənistandakı oliqarxlarla müştərək  şəbəkələrindən bəhs edib. Qeyd edilib ki, bu şəbəkə Rusiyada "çirkli pulların yuyulması"nda rol alıb. Özlərinə məxsus investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasını təşkil ediblər. Hesabatda  şərti olaraq "Troyka  pulyuyan maşını" kimi təqdim edilən  bu sxem korrupsiyaya bulaşmış Rusiya oliqarxlarının, siyasətçilərinin çirkli pullarının yuyulması, vergidən yayınması, mülklərinin  xaricdə gizlədilməsi kimi fəaliyyətlərdə ittiham edilir. 53 yaşlı oliqarx milyarder, "Troyka Dialoq" investisiya şirkətinin keçmiş sahibi olan Ruben Vardanyan isə bu şəbəkənin açar fiqurlarından biri kimi təqdim edilib. Əlavə edilir  ki, "şəbəkə"  Rusiyanın hakim elitası ilə sıx əlaqəlidir. İndi isə ABŞ-ın Konqres spikeri Ruben Vardanyandan ianə qəbul edir.

Bu səfərin təşkilini Ruben Vardanyanın sanksiyalardan yayınmaq üçün  verdiyi rüşvət kimi də qəbul etmək olar. Kiçik dövlətlər Ruben Vardanyanla münasibətə görə sanksiyaya məruz qalır, ABŞ Konqresinin spikeri isə onunla müttəfiqliyindən qazanc götürür.

Atəşkəs rejiminin təminində ABŞ-ın rolu olmayıb.

Son günlər cərəyan edən proseslərdə başqa bir məqam isə bundan ibarətdir ki,  Ermənistan tərəfindən ABŞ-a yaltaqlanmaq üçün atəşkəs rejimini guya Vaşinqtonun  təmin etməsi barədə açıqlamalar verilir. Ermənistan parlamentinin sədri Alen Simonyanın bu açıqlaması yalandır. ABŞ-ın burada hər hansı xüsusi rolu olmayıb. Atəşkəs 13 sentyabrda Rusiya tərəfinin təşəbbüsü ilə baş verib. Amma Ermənistanın hücumlarını davam etdirdiyinə görə bunu təmin etmək mümkün olmayıb. Bundan sonra tərəflərin birbaşa təmasları vasitəsilə atəşkəs təmin edilib. Alen Simonyanın bu açıqlaması ABŞ-a yaltaqlıqdan başqa bir şey deyildir.

 

 





21.09.2022    çap et  çap et