525.Az

Türkiyə mövqeyini dəyişir? - Xaqani Cəfərli yazır


 

Türkiyə mövqeyini dəyişir? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayan Türkiyənin son günlər mövqeyində dəyişiklik müşahidə olunur. Türkiyənin böyük banklarından ikisi, "İş Bankası" və "DenizBank" Rusiyanın "Mir" ödəniş sistemi ilə əməliyyat aparmaqdan imtina edib. Məlumatlara görə, Türkiyənin bu iki bankı adları sanksiya siyahısında olan 22 bank tərəfindən verilmiş bank kartını qəbul etmir. Məlum olduğu kimi, Rusiyanın 22 bankı sanksiyaya məruz qalıb ki, onların arasında "Sberbank", VTB, "Alfa-Bank", "Qazprombank", "Rosselxozbank", MKB və digərləri var. Bu banklar isə Rusiyanın ən böyük bankları olduğu üçün əhatə dairəsi genişdir. Rusiya vətəndaşlarının çox böyük hissəsi məhz bu bankların xidmətindən istifadə edirlər. Bu banklar sanksiya siyahısına daxil edildiyi üçün onlar tərəfindən verilən "Mir" bank kartı dünyanın əksər ölkəsində işləmirdi. Yalnız Türkiyə, Hindistan, Çin və İran kimi sanksiyalara qoşulmayan ölkələrdə bu banklar tərəfindən verilmiş kartlar işləyirdi.

ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrə təzyiqi artırdığı haqqında məlumatlar yayılmağa başladı. Bu məlumatlarda Türkiyənin adı xüsusilə qeyd edilirdi. "Financial Times" nəşrinin bir həftə öncə yaydığı bir məlumatda ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalara əməl etməsi üçün Türkiyəyə təzyiqləri gücləndirdiyi qeyd olunurdu. Həmin məlumatda qeyd edilirdi ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın "Mir" ödəniş sistemi ilə işləyən türk banklarını nəzarətə götürüb. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə bağlı məlumatlar da yayılmağa başladı.

Qeyd edək ki, hələ avqust ayının sonlarında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığında Ankaranı Rusiyanın sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməyə çalışdığı haqqında xəbərdar etdiyi haqqında məlumat yayıldı. Eyni zamanda, nazir müavininin Türkiyənin sənayeçi və iş adamlarının ən böyük təşkilatı olan TÜSİAD-a da bir məktub göndərərək Rusiyanın Türkiyə vasitəsilə sanksiyalardan yan keçməyə çalışa biləcəyi ilə bağlı eyni xəbərdarlıq etdiyi məlum oldu. Siyasi təhlilçilər ABŞ maliyyə nazirinin müavininin Türkiyə rəsmilərinə və iş adamlarına xəbərdarlığının son addım olduğunu, bunun ardınca sanksiyalar tətbiq olunacağını bildirirdilər. Ekspertlər əmin idilər ki, yaxın həftələr ərzində Türkiyə mövqeyini dəyişməsə, sanksiyalara məruz qalması qaçılmaz olacaq.

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemonun xəbərdarlığı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçiyə səfəri və Rusiya Prezidenti Vladimir Putinlə bir neçə saat davam edən görüşündən dərhal sonra gündəmə gəlmişdi. Bütün bu addımlar belə görünür ki, öz nəticəsini verməyə başlayıb və Türkiyənin iki ən böyük bankı Rusiyanın "Mir" ödəniş sistemi ilə işləməkdən imtina edib. "İş Bankası"ndan mətbuata verilən informasiyada qeyd edilir ki, "Mir" kartlarına xidmətin dayandırılması barədə qərar sentyabrın 16-da qəbul edilib. Bunun nəticəsində "İş Bankası" "Mir" bank kartının istifadəçilərinə nağd pul verməkdən imtina etməyə başlayıb. "Denizbank"dan yayılan məlumatda da "Mir" kartlarına xidmət edilmədiyi və Rusiya valyutası ilə əməliyyatlar aparılmadığı qeyd olunur.

Məlumatlara görə, "Mir" kartı ilə əməliyyat aparan beş türk bankından ikisi artıq mövqeyini dəyişsə də, digər üç bank -  "Halkbank", "Ziraat bankası" və "VakıfBank" hələ də "Mir" ödəniş sistemi ilə işləyir. Türkiyə rəsmiləri bu vəziyyəti "Mir" ödəniş sistemi əməliyyat aparıb-aparmamağa görə bankların müstəqil qərar verməsi ilə izah edir. Rəsmi Ankara bununla da "Mir" ödəniş sistemindən imtinanın Türkiyənin rəsmi qurumlarının mövqeyi olmadığını nümayiş etdirməyə çalışır. Digər tərəfdən Türkiyə rəsmiləri ABŞ-ın türk banklarına qarşı sanksiya tətbiq edə biləcəyinin və bu addımın hansı nəticələrə səbəb olacağının fərqindədir. Əgər, Çin və Hindistan kimi ölkələr ABŞ-ın sanksiyalarının hədəfinə çevrilmək istəmirsə, Türkiyə bunu özünə rəva görə bilməz. Heç şübhəsiz ki, "İş Bankası" və "Denizbank" "Mir" ödəniş sistemi ilə əməliyyat aparmaqdan rəsmi qurumlarla məsləhətləşəndən sonra imtina edib. Türkiyə bununla nümayiş etdirməyə çalışır ki, Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, sanksiyalardan yan keçmək üçün vasitəçi olmayacaq.

Qərb mediasının məlumatına görə, ABŞ "Mir" ödəniş sistemi ilə əməliyyat aparan xarici banklara təzyiqləri artıracaq. ABŞ Maliyyə Nazirliyi Rusiyaya sanksiyalarından yayınmağa imkan verməyəcəyi, bu məsələdə Rusiyaya yardım edənlərin də cəzalandırılacağı ilə bağlı mövqeyini sərtləşdirir. Buna görə də ABŞ-ın sanksiyalarına qoşulmayan ölkələrin bankları özləri üçün ikinci dərəcəli sanksiyalar riskini minimuma endirməyə çalışırlar. Fransanın "BNP Paribas" bankının başına gələnlər bütün bankları qorxudur. "BNP Paribas" bankı ABŞ-ın sanksiyalarını pozaraq İran, Sudan və Kuba banklarına pul köçürdüyü üçün ABŞ-a 8,83 milyard dollar məbləğində cərimə ödəməklə daha ağır cəzada yayına bilmişdi. Fransa bankına güzəştə getməyən ABŞ-ın Çin, Hindistan və Türkiyəyə qarşı da sərt mövqe tutacağını ehtimal etmək olar. Ona görə də bu ölkələrin bankları maksimum ehtiyatla davranmaq və ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalmamaq məcburiyyətindədirlər. Çin və Hindistandan fərqli olaraq maliyyə vəziyyəti daha ağır olan, infilyasiyanın tuğyan etdiyi Türkiyə ikiqat diqqətli olmaq məcburiyyətindədir. ABŞ-ın Türkiyə banklarına qarşı sanksiyası maliyyə sektorunda xaosa, inflyasiyanın isə hiperinflyasiyaya çevrilməsinə səbəb ola bilər.

 





21.09.2022    çap et  çap et