525.Az

Hər kəs öz işi ilə məşğul olsa... - Sosial şəbəkədə yazılanlar


 

Hər kəs öz işi ilə məşğul olsa... - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri, köhnə "dostum" Vardan Oskanyan 13-14 sentyabr döyüşləri ilə bağlı "news.am" portalında "Əslində nə baş verib və nə etmək lazımdır?" adlı məqalə dərc etdirib. "Erməni ideyasının" apologetlərindən olan Vardan etiraf edir ki, Azərbaycan Ordusu Şuşaya girəndən sonra "bütün Artsaxı işğal etmək" 4-5 saatın işi idi. Yalnız Ermənistanın kapitulyasiya aktına qol çəkməsi vəziyyəti xilas etmişdi. Oskanyan daha sonra yazır ki, 9 noyabr gecəsi necə deyərlər, parada Prezident İ.Əliyev komandanlıq edirdi və o, Paşinyanın qarşısında üç əsas tələb qoymuşdu: a) Qarabağ ermənilərinə heç bir status verilməyəcək; b) Zəngəzurdan Naxçıvana koridor açılacaq; v) ermənilərin işğalı altındakı anklavlar da daxil sərhədlər demarkasiya və delimitasiya olunacaq. Lakin Paşinyanın "simasını" xilas etmək üçün bu şərtlər olduğu kimi "kağıza köçürülməmiş", sadəcə Putinin qarant olması şərti ilə centlmen razılığı əldə edilmişdi. Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Şimal qonşusunun susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin "kişi sözü" və qarantör məsuliyyəti ilə bağlıdır. Ona görə də Paşinyan vədlərini yerinə yetirməyənə qədər Azərbaycan öz təzyiqlərində davamlı olacaq. Hər halda Oskanyan belə yazır və soruşur ki, bəs çıxış yolu nədir?

Praktiki adam kimi tanıdığım Vardan burada irreal bir təkliflə çıxış çıxış edir - guya Paşinyanı siyasi səhnədən uzaqlaşdırmaqla, Azərbaycan qarşısında təhəddüdlərlə bağlı olmayan yeni negotiator (danışıqçı) tapmaqla - bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi ilə vəziyyətdən çıxmaq olar.

Xam xəyaldır!

Lap Taleyranı qəbirdən çıxarsalar da, mifik Tiqranı dirildib hakimiyyətə gətirsələr də, danışıqlarla baş qatmaq, vaxt uzatmaq daha mümkün olmayacaq. Əksinə, özlərini çıxılmaz vəziyyətə salacaqlar!

 

Fərid Pərdəşünas, texnobloger:

-  Google Play trendi, Azərbaycan.

Sadəcə TikTok-un bloklanması kütləvi şəkildə VPN istifadəsini artırdı. Top 45-də 33 ədəd VPN tətbiqi trenddə-dir. Top 10 hamısı VPN-dir. Dəhşətli rəqəmdir. TikTok istifadəçiləri lazımi bloklama qərarını heçə sayaraq VPN-lərə üz tutublar. Bu, bir daha göstərir ki, Azərbaycanda TikTok istifadəsi yüksək həddədir və digər platformaları çox asan qabaqlayacaq.

Qeyd edim ki, TikTok dezinformasiya və həssas görüntülərin yayılmasının və sonra bunun bizə qarşı istifadə olunmasının qarşısını almaq məqsədilə bloklanmışdı. Lakin görünən odur ki, bəzi TikTok istifadəçiləri bu qərara hörmətlə yanaşa bilmədilər.

 

Məhəmmədli Qəribli, jurnalist:

- Pelosinin Ermənistan səfərinə kədərlənmək yox, sevinmək lazımdır!

Adını demokrat qoyan, əslində isə böyük əksəriyyəti Qərb və ABŞ-dakı fondlardan maliyyələşən bizim bəzi siyasətçilər ABŞ-ın yüksən vəzifəli şəxsi Nensi Pelosinin Ermənistana etdiyi səfəri İlham Əliyevin xarici siyasətdəki böyük uğursuzluğu kimi qələmə verməyə çalışırlar.

Çox vacib nüans bundan ibarətdir ki, bu təqdimatı edənlər nədənsə, Nensinin ABŞ rəsmisi olmaqla yanaşı, həm də ermənilərin böyük hamisi funksiyasını daşıyan bir siyasətçi obrazını qeyd etmirlər. Əslində, belə kritik məqamda Nensinin timsalında ABŞ-ın Ermənistana bu şəkildə dəstək ifadə etməyə məcbur qalması elə İlham Əliyev siyasətinin böyük uğurudur.

Çünki sular durulur. Əvvəl neytrallıq göstərməyə çalışan ABŞ indi açıq şəkildə Ermənistanın yanında olduğuna dair mövqe sərgiləyir. Onsuz da biz bunları bilirdik, lakin uzun illərdən bəri ABŞ-ın balans imitasiyası Vaşinqton üçün manevr imkanlarını özündə saxlayırdı.

Tərəflər və tələblər bəllidir. ABŞ və Qərb Azərbaycandan Minsk qrupunun bərpasını, gələcək danışıqların özünün siyasi impotensiyasını sübut edən bu formatda aparılmasını və Qarabağdakı ermənilərə status verilməsini tələb edir. Rusiya isə Ermənistanı məcbur edir ki, məhz onun vasitəçiliyi ilə 10 noyabr tarixli bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Bura əsasən Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasi, Zəngəzur dəhlizi ilə bağlı işlərin yekunlaşması və bütün bunların fonunda Sülh Sazişinin imzalanması aiddir. Rusiya prezidenti Vladimir Putin Özbəkistanın ev sahibliyi etdiyi ŞƏT-in tədbirində keçirdiyi mətbuat konfransında baş verən son hadisələrlə bağlı ona verilən suala maraqlı cavab verdi. Dedi ki, sərhəddə baş verənlərin Qarabağa heç bir aidiyyəti yoxdur. Faktiki olaraq, Azərbaycanın addımlarına haqq qazandırdı.

Bəzi liberallarımız kimi "Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edib" ifadəsini işlədib, bizi tənqid etmədi. Bəllidir ki, Azərbaycan da Ermənistanla olan danışıqlarda Qarabağla bağlı mövzunun müzakirəsinə şərait yaratmır. Aksenti daha çox iki suverən dövlət arasındakı problemlərə yönəldir. Deməli, ABŞ və Qərbdən fərqli olaraq, Rusiya bu prosesdə öz seçimini edərək, Azərbaycanın mövqeyini dəstəkləyir.

Biz anoloji münasibəti 44 günlük savaşda da gördük. Azərbaycanın müharibədə qalib gəlməsini şərtləndirən əsas amillərdən biri də bölgəyə ciddi hərbi-siyasi təsir rıçaqları olan Rusiyanın neytral qalması oldu. Bu gün Ermənistanın sərhəddəki hücum postlarını darmadağın edib, təhlükəsizlik məqsədilə özünə bufer zona yaradan və Göyçə gölünə, Cermuk şəhərinə vizual nəzarəti təmin edən Azərbaycanı KTMT adı altında Rusiya yola verirsə, deməli, bunun arxasında ordumuzun gücü ilə yanaşı, həm də İlham Əliyevin uğurlu xarici siyasəti dayanır.

Nensinin Ermənistana gəlişini bizim üçün faciəyə çevirən siyasətçilərə bir sualım var: uzun illər Ermənistan açıq şəkildə Rusiyanın for-postu olmaq siyasətini yürüdəndə Pelosinin vətəni olan ABŞ keçmiş Qarabağ problemi ilə bağlı Ermənistana hansı təzyiqləri etdi? Yalnız tərəflərin məsuliyyətini eyniləşdirən bəyanatlarla kifayətlənmədimi?

Bu baxımdan, Pelosinin Ermənistana etdiyi səfər və səsləndirdiyi bəyanatlar bölgə və onun tərkib hissəsi olan Azərbaycan uğrunda mübarizədəki oyunçuların əlindəki kartları tam şəkildə açıb ortaya qoydu. Belə olanda dünya ermənilərinə nənəlik etmək missiyasını üzərinə götürən Pelosinin İrəvan səfərinə kədərlənmək yox, əksinə sevinmək lazımdır.

 

Orxan Cəbrayıl, həkim:

- Xəyanət cəzasız qalmır...

Osmanlıda ermənilərə "milleti sadıka" deyirdilər. Osmanlı dövləti digər bütün millətlərə olduğu kimi, ermənilərin də nə dilinə, nə də dininə toxunmurdu. Əsrlər boyu öz milli və dini kimliklərini qoruyub saxlama imkanı yaratmışdı onlara.

Ən böyük şəhərlərin ən varlı adamları idi ermənilər. Ticarətlə, sənətkarlıqla məşğul olmaqla bərabər, siyasətdə də söz sahibi idilər, parlamentdə təmsil olunur, hətta sultandan bir pillə aşağı olan sədrazam vəzifəsinə qədər yüksələ bilirdilər.

Lakin XIX əsrin sonlarından etibarən ermənilərə bir şeylər olmuşdu. Osmanlını parçalamaq istəyən böyük dövlətlər ermənilərdən bir alət kimi istifadə etməyə başlamışdılar.

Çox yaxşı təşkilatlanmışdılar, türk dilində qəzetlərin sayı barmaqla sayılacaq qədər az olanda, erməni dilində nəşr olunan qəzetlərin sayı 500-dən çox idi.

Birinci Dünya müharibəsi başlayanda "milleti sadıka"nın sadiqliyindən əsər-əlamət qalmamışdı, xəyanət yolunu seçmişdilər. Silahlanmışdılar, ruslara, fransızlara, ingilislərə arxalanıb üsyanlar edirdilər.

Birinci Dünya müharibəsində 150 min nəfərə yaxın erməni Rusiyanın, 50 min nəfərə yaxın ermıni isə Fransanın tərəfindən Osmanlıya qarşı vuruşurdu.

Vuruşmaqla da qalmayıb türk millətinə qarşı tarixdə misli görünməmiş qəddarlıqlar edir, qətliamlar törətdirdilər.

Nəticəsi isə 1915-ci ildən 1930-cu illərə qədər Anadoludan qovulmaları və dünyaya səpələnmələri oldu.

Həmin vaxt nə fransızlar ermənilərə arxa dura bildi, nə də ingilislər.

Lakin Rusiya bizim torpaqlarımız hesabına bunlara dövlət qayırdı.

100 il keçdi, ermənilər yenə xəyanət yolunu seçdilər.

Amma bu dəfə ruslara qarşı...

Bəli, ruslara!

Çünki bizim İrəvanımız, Göyçəmiz, Zəngəzurumuz, Dərələyəzimiz hesabına onlara dövlət qayırıb verən məhz ruslar idi.

Hazır ki, məqamda Qərblə Rusiyanın çəkişməsində Rusiyanın zəifləyəcəyini, hətta məğlub olacağını güman etmək olar.

Amma unutmayaq ki, Osmanlı da məğlub tərəf idi, lakin xəyanəti cəzasız qoymadı.

Mən ümidvaram ki, Rusiya da xəyanəti cəzasız qoymayacaq.

Buna həm də biraz əminəm.

İradə Musayeva, ədəbiyyatşünas:

- Vallah, hərəmiz öz işimiz, öz sahəmizlə məşğul olsaq, daha yaxşı olar. Hamı siyasətçi, hamı hərbçi, hamı kəşfiyyatçı, hamı molla çıxıb indi...

Özü də sadəcə məlumat vermirlər e, məsləhət verir, hökm çıxarırlar.

Prezident belə eləməliydi, general elə eləməliydi, şəhid atası belə danışmalı, jurnalist də filan cür yazmalıydı... Hətta əsəbiləşirlər ki, Səmərqənddə stolda meyvə vardısa, oturmaq imandan deyil və s...

Necə ki, qapısının açarını gündə 10 dəfə itirən adamlar o vaxt yazırdı ki, Şuşaya o tərəfdən yox, bu biri tərəfdən girmək lazım idi və s...

Göyçə gölünü də bəyənmədiniz?!

 

Günel Mövlud, yazıçı:

- Norveçə gələndə, dostluğu və ünsiyyəti modern, sekulyar, sənətə və ədəbiyyata yaxın insanlarda tapacağımı düşünürdüm. Düşünürdüm ki, insan dünyagörüşü, dəyərləri, inancı baxımından ancaq özünə yaxın adamlarla dostluq edə bilər, belə insanların yanında nisbətən mənəvi rahatlıq tapar.

Amma mən qürbətdə ünsiyyəti də, mehribanlığı da, könül rahatlığını da sadə müsəlman qadınların arasında tapmışdım. Nə idi bu, mühacir çarəsizliyi, başqa alternativin olmamasını? Onlar mənə uşaqlığımdakı təvazökar, şən və istiqanlı qadınları xatırlatdığı üçünmü? Yoxsa dünyagörüşümüzün nə olmağından asılı olmadan, burda hamımızın üstünə "şərqli", "müsəlman" yarlığının vurulmasımı, bir-birimizdən başqa heç kimimizin olmaması gerçəyimi? Bilmirəm.

Onlarla tanış olandan təxminən iki il sonra fərqinə vardım ki, məni öz aralarına buraxan, dostlaşan, evlərinə dəvət edən, evimə gələn, günümün böyük hissəsini məşğul edən bu mehriban və ünsiyyətcil qadınlar məni tənhalıqdan və kədərdən xilas etmiş, həyat sevincimi bərpa eləmiş, özümə və uşaqlarıma ailə, qohum, dost olmuşdular.

Onlarla tanışlıqdan sonra ailəmdə hər şey qaydasına düşmüş, yaşadığım ölkə ilə, Norveçin soyuq iqlimi ilə, həyat rutini ilə barışa bilmiş, mənəvi rahatlıq tapmışdım.

Amma bu ünsiyyətin və dostluğun şəxsi tərəfindən başqa, bir də başqa tərəfi vardı. Müsəlman qadınlardan ibarət bu cəmiyyətlə tanışlıq, onların daxili dünyasına, münasibətlərinə, Norveçdə qurduqları həyata diqqətlə baxanda, başqa və daha vacib bir şey görürdüm. Norveçin siyasi, sosial, mədəni həyatından tamamilə təcrid edilmiş bir icma... Özlərinə özlərindən ibarət balaca İran, Pakistan, Əfqanıstan qurmuş bir xalq... Norveç cəmiyyətinə, qaydalarına, həyat rutininə heç dür adaptasiya ola bilməyib, bir-birilərini özlərinin ölkəsi, vətəni, sığınacağı kimi tanıyan, bu balaca adalarında xoşbəxt olmağa çalışan qadınlar...

("Getto" romanımdan parça)

 

 

 

 





21.09.2022    çap et  çap et