525.Az

125 il sonra qayıdan tarix - Şahanə Müşfiq yazır


 

"MƏCLİSİ-ÜNS" ƏDƏBİ MƏCLİSİ YENİDƏN BƏRPA OLUNDU

125 il sonra qayıdan tarix - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

2021-ci ilin avqust ayında böyük şair, ictimai xadim Molla Pənah Vaqifin məqbərəsinin açılışı və "Vaqif Poeziya Günləri"nin bərpası ilə əlaqədar Şuşaya səfər edərkən bu qədim və gözəl şəhərdə məni ən çox təsirləndirən yerlərdən biri Xan qızı Natəvanın düşmənlər tərəfindən dağıdılmış, xarabaya çevrilmiş iqamətgahı olmuşdu. Şuşanın mərkəzində böyük bir ərazini əhatə edən bu iqamətgah vaxtilə dövrün böyük ziyalılarının, şairlərinin, şeir, sənət nümayəndələrinin toplantı yeri, mədəniyyətimizin hər gün bir az daha boy atıb zənginləşdiyi qudsal məkan idi. Təəssüf ki, mənfur düşmən nə tarixə, nə mədəniyyətə, nə də anılara sayğılıdır. Onun barbarlığının, vandalizminin qurbanı isə özündə Qarabağın, Azərbaycanın, Türk dünyasının mədəniyyətinin, tarixinin önəmli səhifələrini yaşadan mədəni abidələrimiz, tarixi məkanlarımız oldu. Onlardan biri də Xurşudbanu Natəvanın evi.

Ancaq şükürlər olsun ki, Şuşamız da, Qarabağımız da düşmən zülmündən qurtuldu, şanlı ordumuzun böyük zəfəriylə artıq iki ilə yaxındır ki, azad nəfəs almaqdadır. Daha orda düşmən səsi deyil, şeir, musiqi sədası, "Azərbaycan" nidası ucalır.

2022-ci il qədim Şuşamızın 270 yaşı münasibətiylə dövlət başçımızın müvafiq Sərəncamı ilə "Şuşa İli"  elan olundu. Bu ildə keçirilən silsilə tədbirlərdən biri də Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyidir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli 3181 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş "Xurşidbanu Natəvanın 190 illik yubileyinə dair Tədbirlər Planı"nın 2-ci bəndində "Məclisi-üns" ədəbi məclisinin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulmuşdu. Təbii ki, bu da təsadüfi deyil. Natəvan deyəndə ilk yada düşənlərdən biri onun rəhbərliyilə böyük ün qazanmış, illərlə şeirimizin, sənətimizin inkişafı və gələcək nəsillərə ötürülməsi üçün çalışmış "Məclisi-üns" ədəbi birliyi yada düşür. O "Məclisi-üns" ki, şairimizin bu gün düşmən tərəfindən xarabaya çevrilmiş iqamətgahı onun toplantı yeri, sözün, şeirin ümdə məkanı idi.

XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir. Mənbələrdə ən çox adı çəkilən Şuşa məclisləri "Məclisi-üns" və "Məclisi-fəramuşan"dır.

 "Məclisi-üns" ədəbi məclisi 1864-cü ildə Şuşada şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunub. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırıb, şöhrəti Qarabağın hüdudlarını aşıb Şamaxı, Şəki, Bakı, Naxçıvan, Lənkəran, Gəncə və digər şəhərlərə yayılır. Şamaxıdan S.Əzim, M.A.Bixud, A.Zühuri, Şəkidən İ.Nakam, Bakıdan A.Müniri, Naxçıvandan M.T.Sidqi, Lənkərandan M.İ.Qasir, "Məclisi-üns"ün adına yazdıqları məktublarında bu yeni ədəbi məclisi təqdir edirlər.

Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, İsgəndər bəy Rüstəmbəyov, Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi Nəsir Lövhi və başqaları məclisin daimi və nüfuzlu üzvləri idilər. Qarabağın görkəmli xanəndə və sazəndələri də məclisin yığıncaqlarında fəal iştirak edirdilər. Hacı Hüsü, Məşədi İsi, Kaştazlı Haşım və başqa xanəndələr "Məclisi-fəramuşan"la yanaşı, onun da yığıncaqlarında iştirak ediblər. Şuşalı Ağamirov Həsən Mirhaşım oğlunun xatiratından məlum olur ki, adları yuxarıda qeyd olunan xanəndələrdən əlavə Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Hacı Məmməd Alı oğlu, Muxtar Kərbəlayi Məmməd oğlu, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıqcan kimi sənətkarlar da "Məclisi-üns"ə çox yaxın olublar.

Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü.

Qeyd edək ki, qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi. Bütün bunlar göstərir ki, Şuşada hər iki məclisin qabaqcıl üzvləri sənətkar, gözüaçıq qadınlara yüksək qiymət veriblər. Heç də təsadüfi deyil ki, məhz qabaqcıl fikirli məclis üzvlərinin yaxından köməyi sayəsində Şuşada olan hər iki məclisdə X.Natəvan və F.Kəminə kimi şairələr yaxından iştirak edib və bütün Azərbaycan şairləri arasında xüsusi hörmət qazanıblar.

Natəvanın "Məclisi-üns"ə rəhbərliyi onun iştirakçılarının sayının artmasına səbəb olduğu kimi, şairənin məclisi vaxtlı-vaxtında maddi cəhətdən təmin etməsi, müşairələrdə iştirakı həm məclisin, həm də şairənin nüfuzunu daha da artırmışdı. Hətta şairlərin əsərlərindən belə qənaətə gəlmək olur ki, onlar öz aşiqanə qəzəllərini üstüörtülü də olsa, bu gözəl, istedadlı və ağıllı xanıma həsr ediblər.

1890-cı illərin əvvəllərindən Natəvanın həyatında baş vermiş bir sıra kədərli hadisələrdən sonra (oğlu Mirabbasın və əri Seyid Hüseynin ölümü, böyük oğlunun Şuşanı tərk edib Rusiyaya getməsi və s.) "Məclisi-üns" əvvəllər olduğu kimi qızğın fəaliyyət göstərmirdi. Artıq burada əsas mövzu X.Natəvanın xəstəliyi olmuşdu və üzvlər ona şeirlər həsr edilərək tezliklə sağalması arzulayırdılar.

"Məclisi-üns"ün fəaliyyəti 1897-ci ilədək - X.Natəvanın vəfatına qədər davam edib. Onun üzvləri artıq "şeir bazarının güllərinin solduğunu", "bülbüllərin susduğunu", "dostluq məclisi başçısının aralarından getdiyini"-məclisin dağıldığını təəssüflə qələmə alıblar.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra "Qarabağ ədəbi məclislər"inin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün "Məclisi-üns" Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alındı.

Bu münasibətlə Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə sentyabrın 9-da Natəvanın ölümündən 125 il sonra Azərbaycan mədəniyyətində, söz-sənət isində xüsusi yeri olan "Məclisi-üns" ədəbi məclisinin fəaliyyətinin bərpası ilə bağlı Şuşada təqdimat keçirildi. 

"Şuşa İli" çərçivəsində və görkəmli şair Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycanın və digər türkdilli ölkələrin dövlət rəsmiləri, elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak edirdilər.

Nə gözəl ki, bu möhtəşəm tədbir-bərpa edilən ədəbi məclisin ilk toplantısı dövründə sözün, sənətin məbədi olmuş, Azərbaycan ədəbiyyatının, incəsənətinin öz inkişafında rola malik şəxsiyyətlərin yetişməsində müstəsna xidmətləri olan  "Məclisi-üns" kimi önəmli ədəbi məclisə ev sahibliyi etmiş, XX əsrin sonları-XXI əsrin əvvəllərində isə düz 28 il erməni vandalizminə məruz qalmış tarixi binada- Natəvanın dağıdılmış evinin önündə, açıq havada keçirildi. Tədbirdə "Məclisi-ün" ədəbi birliyinin tarixi önəmindən danışılıb və bildirilib ki, birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanının mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir.

Bəli, zaman elə bir yoldur ki, burada hər şey yaşana, hər şey baş verə bilər. Ancaq önəmli olan tarixin bərpası, zamanın apardıqlarını geri gətirmək gücüdür. İndi zaman Şuşamızdan, Qarabağımızdan apardıqlarını geri gətirmək, dağıtdıqlarını bərpa etməklə məşğuldur. İnanırıq ki, "Vaqif Poeziya günləri", "Xarıbülbül festivalı", "Məclisi-üns"ün bərpası kimi, azad Qarabağımızın bütün yerlərində ən qısa zamanda firavan həyat bərpa olunacaq, yenə də azərbaycanlı balaların xoş civiltiləri, Azərbaycan incəsənətinin ruh oxşayan sədası ucalacaq. 

 





21.09.2022    çap et  çap et