525.Az

Vətən sevdalısı - Kamalə Abiyeva yazır


 

Vətən sevdalısı - <b style="color:red"> Kamalə Abiyeva yazır</b>

Vətən müharibəsi şəhidi Vüsal Yəhya oğlu Salamov 1993-cü il sentyabrın 21-də Bakının Buzovna qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Buzovnada Birinci Qarabağ savaşının qəhrəmanı Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbin sevilən, seçilən şagirdlərindən olub. Məktəbi əla qiymətlərlə bitirib. Musiqini də sevib Vüsal. 4 nömrəli Uşaq İncəsənət Musiqi məktəbində skripka sinfində təhsil alıb. "Musiqi duyumu o qədər gözəl idi. Onun ifası sehrli idi elə bil, özünə bənzəyirdi" - deyirlər Vüsalın ifasını eşidənlər. Musiqi müəllimləri onun istedadını xüsusi vurğulayırlar.

Sinif rəhbəri Gülarə Salami: "Hər şagird, hər məzun müəllimlər üçün əzizdir. Ən dəcəl məzunumuzun belə uğur qazanmasını istəyirik. Vüsal isə tamam fərqli idi. İbtidai sinifdən seçilirdi. Bütün məktəb onunla fəxr edirdi. İbtidai sinifdən diqqət çəkən, adı dilimizdən düşməyən şagirdlərimiz olur Vüsal kimi. Hərtərəfli, zəngin dünyası vardı. Bütün tədbirlərdə, bilik yarışlarında seçilərdi. Muzeylərə, teatra getməyi sevərdi. O qədər həyat dolu, işıqlı idi. Arzularının sərhədi yoxuydu. Gözəl nitqi vardı.  Qarabağ mövzusu onun həyatının ana xətti idi. Vətəndən danışanda silahlanmış əsgərə bənzəyirdi".

Həqiqi hərbi xidmətini 2013-cü ildə Murovda manqa başçısı kimi başa vurduqdan sonra Azərbaycan Maliyyə və İqtisad Kollecində təhsil alır. Elmi konfranslarda, bilik yarışmalarında, müxtəlif layihələrdə uğur qazanır. Prezidentin fərmanı ilə keçirilən "Yüksəliş" proqramının iştirakçısı olur. 30000 iştirakçı arasında seçilir, onluğa düşür. Neçə-neçə elmi məqalənin, mühazirənin müəllifi idi Vüsal Salamov.

Hamı "mükəmməl idi" dedi. Həmişə qaliblər sırasında oldu. Torpaqlarımızın azadlığı uğruna savaşda da məğlub ola bilməzdi Vüsal. Qalib oldu Vüsal. Zəfər tarixi yazanlardan oldu.

Şəhriyar Əliyev Vüsalın ən yaxın dostlarındandır: "2016-cı ildən "NB qrup" ASC kimya sənaye qurumunda birlikdə işləmişik. İşlə bağlı ezamlarda da birlikdə olurduq. Savadlı idi, işi ilə fərqlənirdi. Dəfələrlə təşəkkürnamə, fəxri fərman, mükafatlar almışdı. Növbə rəisi idi. İnsan kimi də tamam başqaydı. Tək mənim yox, bütün kollektivin əzizi idi. Hamının hörmətini qazanmışdı. Hamının problemini həll etməyə çalışırdı. Mənim üçün onun haqqında danışmaq, yoxluğuna inanmaq çox çətindi. Tovuz hadisələrində könüllü qeydiyyatdan keçmişdi. Torpaqlarımızın işğalından tez-tez danışardı. Savaş başlayan gündən döyüşə getməyə can atırdı. Bir neçə gün sonra çağırış gəldi ona. Döyüşdə də birinci olmağa can atırdı... Hər gün danışırdıq. Oktyabrın 12-dən sonra telefonu susdu. Bu günümüzü Vüsal kimi oğullara borcluyuq" - deyib Şəhriyar da susur. Bilirəm ki, kövrəlib.

Bütün uşaqlar kimi gizlənqaç, futbol, qartopu oynayanda, əla qiymətlər alanda sevinib Vüsal. Böyüdükcə sevincinə kədər qarışıb. "Torpaqlarımız ermənilərin əlində necə qala bilər?" - sualı beynində dolaşıb həmişə. Müharibə başlayan kimi dostu Ağaəmi Heybətovla birlikdə könüllülərin sırasına qatılıb. Füzuli və Suqovuşan uğrunda döyüşlərdə seçilib, ən ağır döyüşlərdə igidlik göstərib. Düşmənin neçə-neçə canlı qüvvəsini, texnikasını məhv edib.

Oktyabrın 13-də Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb Vüsal. Anası ilə də son dəfə oktyabrın 12-də əlaqə saxlayıb, ürək-dirək verib, "torpaqlarımızı azad edirik" deyib.

Anası Gülçöhrə Salamova: "Yeganə oğul payım idi. Çox şirindil, qayğıkeş, çalışqan idi. Qeyrətliydi mənim oğlum. Torpaqlarımızın işğalda olması qüruruna toxunurdu. Heç cür barışa bilmirdi. Savaş başlayanda dedi ki, ana, döyüşə gedəcəm, torpaqlarımızı azad edəcəyik. Sən narahat olma, düşün ki, bunda mənim də payım olacaq, mənimlə qürur duyacaqsan. Həmişə başımızı uca edib. Heç yersiz hərəkəti olmayıb ki... Mən oğlumla həmişə qürur duymuşam... İndi də qürur duyuram balamla... Bütün şəhidlərimizlə, igid oğullarımızla qürur duyuram".

Bu ananın göz yaşındakı ağrını yaşamaq necə çətindir. Qələbə sevinci qədər böyükdür bu ağrı.

Yəhya ataya, tək qardaşını itirən Tünzalə xanıma necə təsəlli verəsən? Olmur...

"Vətən sağ olsun" - deyir ata.

"Qürurunu qorudu. Qürurumuzu qorudu qardaşım" - deyir Tünzalə xanım.

Əmrah Mirzəyev Vüsalın döyüş yoldaşıdır, 1995-ci ildə Bakıda anadan olub: "Könüllü olaraq vətənin müdafiəsinə yollandım Vüsal kimi. Az bir zamanda illərin dostu olmuşduq elə bil. Müharibədən danışmaq ayrıdı, müharibədə olmaq bir başqa. Bəzən qorxu da olur, çaşqınlıq da. Vüsal özünü itirməzdi. Qorxmaz idi. Suqovuşan istiqamətində çox çətin döyüş gedirdi. Oktyabrın 10-dan sonra ayrı-ayrı istiqamətlərdə hücuma keçməli olduq. İmkan olan kimi ona zəng edirdim. Əlaqə yarada bilmirdim. Ayın 21-də yaralandım. Naftalan şəhər xəstəxanasında müalicə alarkən ondan xəbər tutmağa çalışdım və şəhid olduğunu öyrəndim. Çətindir döyüş dostunu itirmək. Ağır döyüşlər idi. Necə oğullar itirdik. Əvəzində torpaqlarımızı - vətəni qazandıq. Hər birimiz bu yolda şəhid olmağa hazır idik".

Vüsal Salamov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Vüsalın bir müqəddəs arzusu olub: Torpaqlarımızı azad etmək. Vətən - Qarabağ onun həyat hekayəsinin mövzusu idi. Bu hekayənin sonuna qələbə yazdı Vüsal. Uşaqlıq dostu Ağaəmi Heybətovdan bir həftə sonra - 31 oktyabrda Buzovnada, Şəhidlər xiyabanında torpağa qovuşdu.

Sinif rəhbəri Gülarə müəllimə bir də onu dedi ki, Vüsal anadan qəhrəman doğulmuşdu, torpaqlarımızın vüsalına can atırdı və arzusuna çatdı. Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm, elə bilirəm səfərdədir, bir gün qayıdacaq.

Əlbəttə, Gülarə müəllimə, Vüsal azad etdiyi torpaqlardadır. Orda yaşayacaq, orda doğulan, böyüyən uşaqlarla birgə hər gün qayıdacaq.

İndi də o gözəl gözləri bizim əlimiz yetməyən ucalıqdan baxır Azərbaycana, "Mən burdayam" deyir.

 

 





21.09.2022    çap et  çap et