525.Az

Teokratik rejim laxlayır


 

Teokratik rejim laxlayır<b style="color:red"></b>

Hicabı düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanılan və dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra İranda yenə teokratik rejimin təməl prinsiplərinə qarşı çıxışlar başlayıb. İranın Kürdüstan bölgəsindən Tehrana gəldikdən sonra "əxlaq polisi" tərəfindən həbs olunan 22 yaşlı Məhsə Əmininin ölümünü İran rəsmiləri ürək problemləri ilə əlaqələndirməyə çalışıblar. Hadisə şahidləri və Məhsə Əmininin yaxınları isə qızın polislər tərəfindən döyülərək öldürüldüyünü iddia edirlər.

Məhsə Əmininin dəfnindən sonra başlayan etirazlar böyüyüb və polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Teokratik rejim vəziyyəti nəzarət altında saxlamağa çalışır. Hələlik rejim vəziyyətə nəzarəti əlində saxlaya bilir. Ancaq teokratik rejimin əsaslarının laxladığı da göz önündədir. Qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtüklərini çıxarıb havaya atıblar. Bəzi yerlərdə isə hətta qadınların baş örtüklərini yandırdıqları müşahidə olunub. Aksiyalarda Məhsə Əmininin qətlinə etiraz əlaməti olaraq bəzi qadınların hicablarını çıxararaq "Diktatora ölüm!" şüarları səsləndirdikləri müşahidə olunub. İranda diktator dedikdə Ali Rəhbər Seyid Əli Xamenei nəzərdə tutulur. Eyni zamanda, Ali Rəhbər Seyid Əli Xamenei mövcud rejimin təcəssümü kimi də qəbul edilir. Bu isə o deməkdir ki, "Diktatora ölüm!" şüarları həm də rejimə ölüm tələbədir.

İranda teokratik rejimin təməllərinin laxlamasını göstərən əsas səbəb Ali Rəhbərə və onun təmsil etdiyi quruluşa ölüm şüarlarının səslənməsi yox, qadınların dini geyimlərdən, çadra və baş örtüsündən imtina etmələridir. Qeyd edək ki, İslam İnqilabı istibdada qarşı mübarizə, insan haqlarının təmin edilməsi tələbi üzərində baş vermişdi. Şah istibdadına qarşı üsyana qalxan xalq totalitar rejimin istibdadı ilə üzləşdi. Hüquqları ən çox məhdudlaşdırılan isə qadınlar oldu. İranda etirazların əsas hərəkətverici qüvvəsinin qadınlar olması da bununla bağlıdır. Ümumiyyətlə, bütün İslam ölkələrində bu problem müşahidə olunur. Talibanın hakimiyyəti ələ keçirdiyi Əfqanıstanda bərqərar edilən teokratik rejimə qarşı yeganə müxalifət əfqan qadınlarıdır. Türkiyədə siyasi islamçı iqtidara qarşı etiraz aksiyalarında qadınlar bir qayda olaraq çoxluq təşkil edirlər. İstanbulda 600 min nəfərin iştirak etdiyi mitinqdə iştirak edənlərin 52.4 faizi qadınlar olub. Səudiyyə Ərəbistanında hakimiyyət qadınlara bir sıra hüquqlar tanımaq məcburiyyətində qaldı. İranda da teokratik rejimin təməl prinsiplərinə qarşı əsas etirazı qadınlar təşkil edir. Bütün bunlar göstərir ki, İranda 22 yaşlı Məhsə Əmininin ölümündən sonra baş verən erirazlar lokal hadisə deyil və bütöv bir regionu əhatə edən prosesin tərkib hissəsidir.

İranın nüvə proqramı ətrafında Vyanada gedən danışıqların dalana dirənməsi də vəziyyətə mənfi təsir göstərir. Qərbin siyasi təzyiqləri və iqtisadi sanksiyaları altında olan İranda qadınların öz hüquqları uğrunda mübarizəyə başlaması Tehranın teokratik rejimi üçün ölüm hökmü ola bilər. Bunu çox aydın dərk edən teokratik rejim etirazlara qarşı sərt davranmaqdan, rejim əleyhinə çıxışları amansızcasına yatırmaqdan çəkinmir. Siyasi təhlilçilər isə hesab edir ki, hələlik Tehran rejimi qarşısına qoyduğu məqsədə, teokratik rejim əsaslarını qorumağa nail olsa da, zamanla vəziyyət dəyişəcək. Xüsusilə də Rusiyanın Ukraynada məğlubiyyəti bütün regionda siyasi düzənin yenidən formalaşdırılmasına gətirib çıxaracaq ki, bu da ilk olaraq İrana təsir göstərəcək.

 

 





22.09.2022    çap et  çap et