“Bu gün gənclər daha daha çox özəl sahədə çalışmağa üstünlük verirlər. Onlar düşünür ki, özəl sahədə çalışıb daha yüksək maaş ala bilər. Akademiya sistemində çalışsa, onun maaşı az olar. Maaşın az olması gənclərin elm sahəsinə maraq göstərməsinə mane olur. Onları bu sahədən uzaqlaşdırır. Təəssüf ki, get-gedə gənclərin elmə marağı azalır”.
Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkilinin dediyinə görə, bu gün gənclərimiz elmi işlərini müdafiə edərkən çox ciddi çətinliklərlə üzləşirlər. Bu da onların elm sahəsinə olan marağını azaldır: “Gənclərin bu sahəyə marağını artırmaq üçün ilk növbədə ölkədə doktorantura səviyyəsinin iki mərhələdən ibarət olmasına son qoymaq lazımdır. Bütün dünyada doktorantura təhsili bir mərhələdən ibarətdir. Azərbaycanda isə gənclər elmi ad almaq üçün ikipilləli doktorantura səviyyəsi oxumağa məcbur olur. Gənclər bir neçə il çalışıb, çətinliklə doktoranturanın birinci mərhələsini bitirirlər. İkinci mərhələni bitirmək üçün isə yenidən illərlə əziyyət çəkməli olurlar. Bu düzgün deyil. Proseduru nisbətən asanlaşdırmaq lazımdır. Prosedurun çətin olması gəncləri elmdən uzaqlaşdırır”.
Ceyhun Məmmədov qeyd edib ki, əgər gənclərin elmə marağını artırmaq üçün lazımi addımlar atmasaq, gələcəkdə çox ciddi problemlərlə qarşılaşacağıq: “Bir müddətdən sonra müxtəlif elm sahələri üzrə alimlər tapılmayacaq. Mütəxəssis azlığı ilə üzləşəcəyik. Bu da çox ciddi problemlər yaradacaq”.
Sevinc Qarayeva
çap et