525.Az

Dəmir yumruğun təntənəsi


 

Dəmir yumruğun təntənəsi<b style="color:red"></b>

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi "Vətən, sənə canım fəda" layihəsi çərçivəsində sentyabrın 20-də Hərbi Qənimətlər Parkında "Dəmir yumruğun təntənəsi" adlı ədəbi-bədii görüş keçirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşən tədbirə Abşeron rayonundakı 3 nömrəli tam orta məktəbdən start verilib. Məktəbin direktoru Afət Camalova bu gün parta arxasında əyləşən məktəblilərimizin sabah səngərdə vətənimizin keşiyini çəkəcəklərini xatırladaraq, onların Vətənə layiqli övlad olacaqlarına əminliyini vurğulayıb.

Layihənin rəhbəri, "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və böyük zəfərlə başa çatan Vətən müharibəsindən söz açıb, erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti təhlil edib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı, Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna güvəni qat-qat artırdı, Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezident İlham Əliyevin ətrafında sıx birləşdirdi, odlar yurdunda doğulan hər kəs, milliyyətindən asılı olmayaraq ayağa qalxdı, hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. "Dəmir yumruq" düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa qalasına "Zəfər Yolu" açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət, Böyük qayıdışa start verildi. 19 iyul 2022-ci il tarixdə Şərqi Zəngəzurun Ağalı kənd sakinlərinin ilk qrupu yurda qayıtdı. Qarabağın yeni növrağı başlandı. Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

Tarixçi müəllim, "Ordum.az" informasiya portalının redaktoru Siyavuş Əmirli Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əks-hücumla göstərdiyi həmlələrdən söz açaraq qeyd edib ki, ordumuz qısa müddətdə 300-dən çox şəhər və kəndimizi döyüş meydanında azad etdi. Eyforiyaya qapılmış Ermənistan ordusunun onurğa sütunu isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu tamamilə məhv olmaqdan xilas etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq. Bu uğurlardan sonra dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə Paradı keçirildi. Azərbaycanın qələbəsi şərəfinə keçirilən tarixi hərbi paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, Türkiyənin əsgər və zabitləri də iştirak etdilər.

Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin hərbi-rəhbəri, baş leytenant Hidayət Nağıyev 44 günlük müharibədə silahlı qüvvələrimizin məhv etdiyi və düşməndən qənimət götürdüyü, Hərbi Qənimətlər Parkında sərgilənən hərbi texnikalar barədə məlumat verib. Bildirib ki, döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər, 125 artilleriya topu, 366 tankı, 7 "S-300" zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Sonra məktəbli gənclərə "Vətən sənə canım fəda" layihəsi çərçivəsində hazırlanmış "Zəfərdən zəfərə" adlı buklet və Tamxil Ziyəddinoğlunun "Güllə səsinə açılan qapı" kitabı hədiyyə edilib.

S.QARAYEVA

 





22.09.2022    çap et  çap et