525.Az

Radikal ermənilər "ASALA"nı aktivləşdirirlər


 

GENERAL YÜCEL KARAUZ: "MİLÇƏYİN VIZILTISINDAN XƏBƏRİ OLAN FRANSA VƏ ABŞ-ın ERMƏNİLƏRİN HÜCUMUNDAN MƏLUMATSIZ OLMASI MÜMKÜN DEYİL"

Radikal ermənilər  "ASALA"nı aktivləşdirirlər<b style="color:red"></b>

Son günlər ermənilər tərəfindən Azərbaycanın bir sıra ölkələrdəki səfirliklərinə radikal hücumların edilməsi erməni terrorunun yenidən baş qaldırmasını göstərir.

Bu, tarixən azərbaycanlılara qarşı terror, soyqırımı törədən  ermənilərin yenə də öz xislətlərinə "sadiq" qaldıqlarını nümayiş etdirir. Səfirliklərimizi hədəf alan radikal ermənilər "ASALA"nı aktivləşdirirlər, hədə dolu bəyanatlar verirlər. Təəssüf doğuran məqam isə budur ki, səfirliklərimizə qarşı terror Avropanın mərkəzində - Fransada, bundan əvvəl isə Böyük Britaniyada baş verib. Ardınca ABŞ-da ermənilər Azərbaycan səfirliyi qarşısında hücum xarakterli aksiya keçirib. Livanda, Gürcüstanda yerli polis hücumların qarşısını alsa da, yuxarıda qeyd edilən halların heç birində polisin müdaxiləsi olmayıb. Yayılmış görüntülərdə həm Fransada, həm də ABŞ-da ermənilərin hansı radikal hərəkətlərə yol verdiyi açıq şəkildə görünür. Lakin polis gözə dəymir. Ermənilər, xüsusilə Fransada diplomatik korpusun binasına ziyan vurublar, onlar səfirliyə soxulmağa çalışıb, qapıları qırıblar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı təkbaşına radikal ermənilərin qarşısını kəsib, onların binaya daxil olmasına imkan verməyib. Qeyd edilən vandal aktı birbaşa Vyana Konvensiyasının pozulmasıdır. Qeyd edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin etməlidir.

Hadisə ilə bağlı Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və ona hücumla bağlı etiraz notası təqdim edilib. Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycanın Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib. Fransanın Azərbaycandakı səfirinə Vyana Konvensiyasının səfirliklərin mühafizəsi ilə bağlı qəbul edilən bəndi xatırladılıb. Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.

Ardınca Fransa Xarici İşlər Nazirliyinin ermənilərin Azərbaycanın bu ölkədəki səfirliyinə hücumunu pisləyən açıqlaması yayılıb: "Fransa hakimiyyəti səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün onlar ayıq-sayıqdırlar".

Azərbaycanın Fransadakı səfirliyi sentyabrın 20-də yaydığı bəyanatda erməni radikalların Parisdəki səfirliyimizin binasına hücumdan sonra bu ölkənin səlahiyyətli orqanlarından aşağıdakı tədbirləri görməyi tələb edir:

"Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik: "1. 18 sentyabr 2022-ci ildə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın; 2. Ona hüquqi qiymət verilsin; 3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın; 4. Günahkarları məsuliyyətə cəlb etmək; 5. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar".

Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı "525"ə bildirib ki, ASALA kimi terror təşkilatları heç bir vaxt ortadan qalxmayacaq. Bu kimi terror təşkilatları zaman-zaman aktivləşir, zaman-zaman yuxu dövründə olur, yaxud "dərin donma" dönəminə daxil olur. "Başqa sözlə, Türkiyəyə, Azərbaycana qarşı bu cür terror təşkilatlarının fəaliyyəti, səfirlikləri, səfirləri və diplomatları hədəf alması bundan sonra da mümkündür. ASALA kimi terror təşkilatları türk düşmənlərinin logistika, təhsil, diplomatik dəstəyi ilə fəaliyyətlərini davam etdirirlər. Qarşıdakı zamanda artan Azərbaycan-Türkiyə qardaşlığının bölgəyə hüzur, barış, sabitlik gətirməsini istəməyən qüvvələr belə təxribatlar törədə bilərlər".

General əlavə edib ki, beynəlxalq hüquqa görə, diplomatik korpusların qorunması yerli polis və təhlükəsizlik qüvvələrinin nəzarətindədir. Eyni zamanda səfirliyin də özünün təhlükəsizlik elementləri vardır: "Bu cür hadisələrin "yoldan keçirdim, ayaq saxladım" şəklində olmadığı açıq-aşkardır. Normal şərtlərdə yerli polis və təhlükəsizlik gücləri bunun kəşfiyyat məlumatlarını almalıdırlar və alırlar da. Lakin bu kəşfiyyat məlumatlarını əldə etmələrinə, bilmələrinə rəğmən gərəkən təhlükəsizlik zolağının yaradılması, bu zolağın barrikadanı keçmədən buraya çatmaması məsələsi məncə, diplomatiyanın tamamilə dəyişik bir şəkildə davamıdır. Dolayısı ilə bu hücumların baş verdiyi ölkələr də bu hücumların ortağıdır. Çünki havada uçan milçəyin vızıltısından xəbəri olan Fransa, Britaniya və ya ABŞ-ın belə bir hücumun həyata keçiriləcəyini bilməmələri mümkün deyildir. Bu səbəbdən mənim fikrimcə, onlar da cinayət ortaqlarıdırlar.

Generala görə, belə qüvvələrin məqsədi bundan Azərbaycana qarşı təzyiq elementi olaraq istifadə etmək və Azərbaycanı sıxışdırmaq istəyidir: "Fəqət bunlar bizi doğru bildiyimiz yoldan geri çəkə bilməzlər. Ona görə də bu cür halları bundan sonra da yaşayacağımız mümkündür. Buna yönəlik də Azərbaycan səfirliklərində çalışan yerli əməkdaşları daha da gücləndirməyimiz, lazımi tədbirlər həyata keçirməyimiz mümkün olduğu qədər Azərbaycan səfirliklərini London və Fransada olduğu kimi bir məhəllənin içərisindən daha başqa, güvənli bir yerdə fəaliyyətinin daha faydalı ola biləcəyini düşünürəm".

 

 

 





22.09.2022    çap et  çap et