525.Az

Təqdir olunmaq ehtirasının əlimizdən aldığı azadlıq - Şahanə Müşfiq yazır


 

Təqdir olunmaq ehtirasının əlimizdən aldığı azadlıq - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Türkiyəli məşhur psixoloq və akademik Doğan Cücəloğlu özünün "Gerçək azadlıq" kitabında həqiqi azadlığı, insanın insan kimi var oluşunu, yaşadıqlarından, yaşamadıqlarından dərs alma potensialını, eləcə də sevgini anladır. Sevgimi insana azadlıq verir, yoxsa azadlıqmı sevgi? Bəs insan nə zaman azadlıq anlayışını dərk etməyə, ondan həyatında, yaşantısında istifadə etməyə başlayır?

Psixoloqun adı keçən kitabında qələmə aldığı bir hadisə bu mənada çox təsirli və düşündürücüdür:

"İyirmi altı yaşım vardı. Amerikaya təzə getmişdim. Osqudun tədqiqatçı assistentiydim. Eyni otaqda Con və Gary adlı daha iki assistent vardı. Bir şənbə günü ofisə gedəndə gördüm ki, bir oğlan uşağı xalçanın üstündə iməkləyir. Gary oğlunu gətirmişdi. Hər kəs öz işi ilə məşğul idi, mən də masamda oturub işə başladım. Otaqda çox alçaq dəri divan var idi. Mən fikir verəndə uşaq oraya çıxmağa çalışırdı. Bir ayağını atdı, tutdu, amma divana çıxa bilmədi. Uşaq bunu dörd-beş dəfə sınadı. Atası işləyərkən gözünün ucu ilə oğlunu izləyirdi. Con isə heç maraqlanmırdı,  tamamilə öz işi ilə məşğul idi. Uşaq yenə cəhd edib çıxa bilməyəndə ayağa qalxıb uşağın qoltuğundan tutdum. "Hoppa!" dedim və dəri divanın üstünə qoydum. Uşaq bunu heç gözləmirdi, əvvəlcə çaşdı, sonra eləcə oturub qaldı.

O vaxt bilmirdim, amma indi bilirəm ki, mənim kontekstimdə o balaca oğlan mənim qardaşım oğlu, mən isə onun əmisi idim. Böyüdüyüm qəsəbənin semantik çərçivəsi o uşaqla münasibətimizi belə müəyyənləşdirmişdi. Qardaşım oğlu divana çıxmağa çalışırdı və əmisi olaraq ona kömək etmək mənim öhdəmdə idi. Çünki onun atası Gary və əmisi Con nəsə etməyə o qədər də həvəsli görünmürdülər!

Vəzifəsini yerinə yetirmiş bir əmi xoşbəxtliyi ilə gülümsəyərək Gariyə baxdım. "Niyə elədin?"-deyə soruşdu. "Çıxmağa çalışırdı" dedim, vəzifəsini yerinə yetirmiş bir əminin rahatlığı ilə. Gary dedi: "Mən də bilirdim çıxmağa çalışdığını, sən niyə elədin?". Mən təəccübləndim və qəzəbləndim. Öz-özümə fikirləşdim ki bu amerikalılara yaxşılıq yoxdur. Amma marağım da güc gəlməkdəydi. Sonra soruşdu: "Nə etdiyini başa düşürsənmi?" İçimdə yenə əsəbiləşdim. Mən İstanbulda psixologiya fakültəsini bitirmiş, iki il assistent işləyən bir maarifçi idim. Nə etdiyimi bilməyəcək biri deyildim. "Bax,"-dedi,-"uşaq divana çıxacağına inanırdı. Bəlkə yarım saat, bəlkə də bir saat çəkəcəkdi, amma sonda çıxacaqdı. Eləcə tutmurdu, çıxacağına inanaraq, pişik balası kimi bərk-bərk tuturdu. O, buraxmazdı, cəhd edərdi, çalışardı, axırda çıxardı. Çıxanda dönüb mənə baxacaqdı. Mən də ona "çıxdın" deyəcəkdim. Sonra enər, bir də cəhd edər, bir saata elədiyini bəlkə də iyirmi dəqiqəyə edəcəkdi. Bu gün bütün günü bununla məşğul olacaq və bəlkə də beş dəqiqəyə çıxa biləcək hala gələcəkdi. Bu, onun bugünkü qələbəsi olacaqdı. Sən onun qələbəsini oğurladın!"

Baxa-baxa qaldım. Bu, həyatımda heç unutmayacağım bir dərs olmuşdu.

Bilirsiniz, iki həftə sonra Garydən soruşdum" "Niyə sadəcə "Sən çıxdın!" deyəcəkdin? Niyə "Afərin, oğlum, alqış, alqış" deyil?" Verdiyi cavabı heç vaxt unutmayacağam: "Mən yalnız onun qələbəsinin şahidi oluram, məndən afərin almaq üçün uğur dalınca getməsi düzgün deyil. Özü üçün uğur qazanır, amma mənim bildiyimi, müşahidə etdiyimi, şahid olduğumu bilir!"

Çox ibrətamiş və düşündürücü hadisədir, deyilmi? Bəli, uşağın erkən yaşlardakı mühiti və yetişdiyi ailə onun inkişafında rol oynayan başlıca amildir. Məhz bu dövrdə beyin çox sürətlə inklişaf edir, uşaq çevrəsini, özünü və insanları öyrənməyə, tanımağa və anlamağa başlayır. Bu zaman valideyn və mühit olaraq ona öyrədilməsi gərəkən təməl anlayışlardan biri də azadlıqdır. Gələcəkdə bir cəmiyyətin fərdinə çevriləcək körpənin hələ o yaşlardan şəxsiyyət kimi formalaşması üçün ona bu mərhələdə azadlıq vermək, ancaq həm də onu gördüyünü, hiss etdiyini, anladığını göstərmək lazımdır. Azadlıq təkcə əlinin, qolunun açıq olması, istədiyin yerə sərbəst gedib gəlmək, insanlar arasında yaşaya bilməkdirmi? Əlbəttə, yox. İnsanın ilkin azadlığı onun ruhunda və beynində başlayır. Ruhu və beyni azad olmaq isə düşüncələrini, hərəkətlərini kimlərsə üçün sərhədləməmək, rahat ifadə edə bilməkdir. Nəticədə bu günün körpəsi sabahın yetkin bir fərdi olarkən atacağı addımları, gerçəkləşdirəcəyi işləri kiminsə gözünə girmək, xoşuna gəlmək, "afərin" almaq və təqdir edilmək üçün yox, özünə məhz belə xoş olduğu, belə istədiyi və bunu ruhuyla doğru sandığı üçün edəcək. Həm də körpəykən əlindən tutan, onu nəzərindən qoymayan, hər addımında nəfəsi kürəyində olsa da, müdaxilə etmədən ona arxa-dayaq çıxan insanların yenə də olduqları yerdə qaldıqlarını və onun uğurlarına ilk günki kimi sevindiklərini bilərək.

Təəssüf ki, bəzən bizim sevgi anlayışımız sevdiyimizi gərəyindən artıq sahiblənmək, onu qorumaq üçün hətta azadlığını, düşünmək, fikir yürütmək haqqını belə əlindən almaq olur. Nəticədə sabaha özgüvənsiz, qorxaq, sözünü demək bir yana, düşünməkdən belə çəkinən fərdlər hazırlayırıq. Bəlkə də buna görədir ətrafımızda özgüvənsiz, başqalarının diqtəsiylə hərəkət edən, evdəki valideyni, məktəbdəki müəllimi, işdəki müdiri tərəfindən daim təqdir olunmağı gözləyən və bunun üçün hər şeyə hazır insanların gün-gündən artması. Bütün problemləri bircə anlıq kənara qoyub məhz bu haqda düşünməyə nə deyirsiniz?

 





22.09.2022    çap et  çap et