525.Az

Azərbaycanın multikultural durumu BMT Baş Assambleyasında təqdir edilib


 

Azərbaycanın multikultural durumu BMT Baş Assambleyasında təqdir edilib<b style="color:red"></b>

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən və açılış, ümumi debatlar və bağlanış sessiyalarından ibarət, fiziki formatda yüksək səviyyəli tədbiri keçirilib. 

Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədlinin 525.az-a verdiyi məlumata görə, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda əsrlər boyu formalaşan və bu gün də davam edən tolerantlıq mühiti, dövlətimizin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasəti, milli və dini qrupların fəaliyyətlərinə yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı barədə müfəssəl məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ölkə başçısının fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mərkəz tolerantlıq, mədəniyyətlərarası dialoq və dinlərarası dialoqun qlobal səviyyədə təşviqinə öz töhfəsini verməkdədir. Mərkəzin nəzdində azsaylı xalqların məşvərət şurası fəaliyyət göstərir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində həm bakalavr, həm də magistr pilləsində, bütün ixtisaslarda multikulturalizm fənni tədris olunur. Bu fənn Mərkəzin təşkilatçılığı ilə dünyanın 24 nüfuzlu universitetində də tədris edilir. Bu, gələcək nəsillərdə tolerantlıq və multikultural düşüncənin formalaşması baxımından çox vacibdir. 

Rəvan Həsənov çıxışında onu da vurğulayıb ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində həyata keçirilməsinə baxmayaraq ölkəmizin mədəni irsinə qarşı son 30 ildə  Ermənistan tərəfindən məqsədli şəkildə vandalizm aktı törədilib: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini abidələr, ibadətgahlar tamamilə dağıdılıb və məhv edilib. Təəssüf ki, bu soyqrım aktına heç bir beynəlxalq təşkilat reaksiya göstərməyib. Bu cür hallar isə regionda dayanıqlı sülhə və birgəyaşayışa zərbə vurur”.

Nadir YALÇIN

 





22.09.2022    çap et  çap et