525.Az

BMT-də Azərbaycandakı multikulturalizm təqdir edilib


 

BMT-də Azərbaycandakı multikulturalizm təqdir edilib<b style="color:red"></b>

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən tədbir keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, BMT Baş Assambleyasının bu mötəbər tədbirində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib.

R.Həsənov Azərbaycanda əsrlər boyu formalaşan və bu gün də davam edən tolerantlıq mühiti, dövlətimizin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasəti, milli və dini qrupların fəaliyyətlərinə yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı barədə danışıb. O bildirib ki, Azərbaycanda ölkə başçısının fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mərkəz dünyada nadir olan təşkilatlardandır və tolerantlıq, mədəniyyətlərarası dialoq və dinlərarası dialoqun qlobal səviyyədə təşviqinə öz töhfəsini verməkdədir. Mərkəzin nəzdində azsaylı xalqların məşvərət şurası fəaliyyət göstərir. Daha mühüm bir layihə isə budur ki, Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində həm bakalavr, həm də magistr pilləsində, bütün ixtisaslarda multikulturalizm fənni tədris olunur. Bununla yanaşı, bu fənn dünyanın 24 nüfuzlu universitetində də Mərkəzin təşkilatçılığı ilə tədris edilir. Bu gələcək nəsillərdə tolerantlıq və multikultural düşüncənin formalaşması baxımından çox vacibdir.

Rəvan Həsənov vurğulayıb ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində həyata keçirilməsinə baxmayaraq ölkəmizin mədəni irsinə qarşı son 30 ildə​ Ermənistan tərəfindən məqsədli şəkildə vandalizm aktı törədilib:" Azərbaycanın işğaldan azad edilən ərazilərində tarixi-dini abidələr, ibadətgahlar tamamilə dağıdılıb və məhv edilib. Təəssüf ki, bu mədəni soyqrıma heç bir beynəlxalq təşkilat reaksiya göstərməyib. Bu cür hallar, əlbəttə, regionda dayanıqlı sülhə və birgəyaşayışa zərbə vurur".

Qeyd edək ki, dünyanın müxtəlif elmi dairələrində, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizdə müxtəlif xalqların və konfessiyaların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına, Azərbaycan multikulturalizminin örnək model kimi öyrənilməsinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə maraq gündən-günə artır.​

Sevinc Qarayeva

 





22.09.2022    çap et  çap et