525.Az

“Azərbaycanın bloklara qoşulmaması” adlı hesabat hazırlanıb


 

“Azərbaycanın bloklara qoşulmaması” adlı hesabat hazırlanıb<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı haqqında ingilis dilində hesabat hazırlayıb. Hesabatda ölkəmizin Qoşulmama Hərəkatında iştirakı, bunun Azərbaycanın xarici siyasətində rolu, mövcud geosiyasi gərginlik vəziyyətində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyəti və s. haqqında tədqiqat aparılıb, eyni zamanda beynəlxalq münasibətlərdə qoşulmama strategiyasının nəzəri əsasları təqdim edilib.

Mərkəzdən 525.az-a verilən xəbərə görə, hesabatda deyilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə onilliklər ərzində qarşılıqlı əlaqələrinin əsasını balanslaşdırılmış, çoxşaxəli xarici siyasətin davam etməsi və bütün hərbi-siyasi bloklarla bərabər məsafədə olması müəyyən edib. Həmin siyasətin davamı olaraq Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) üzv olub. “Azərbaycanın Qoşulmama Hərəkatı ilə o qədər də dərin tarixi əlaqələri olmasa da, son illər beynəlxalq münasibətlər sistemində bu qurumun aktivləşməsi istiqamətində xeyli işlər həyata keçirib. Qoşulmama Hərəkatı və Azərbaycanın qarşıya qoyduğu məqsədlər əsasən üst-üstə düşür və hazırkı zamanda Azərbaycan və Qoşulmama Hərəkatı arasında əlverişli sinerji yaradır. 2019-cu ildə Azərbaycan 2019-2022-ci illər (daha sonra 2023-cü ilə qədər uzadılaraq) üçün Qoşulmama Hərəkatının sədri olub. Təəssüf ki, bu dövrdə dünya COVID-19 qlobal pandemiyası və bütün dünyada davam edən münaqişələr ilə üzləşib. Bu müddət ərzində Azərbaycan hərəkatda liderlik nümayiş etdirə və ümumi problemlərin həlli istiqamətində səylər göstərə bilib”, deyə hesabatda qeyd olunur.

Hesabatın “Beynəlxalq əlaqələrdə Azərbaycanın hərbi bloklara qoşulmamasına dair perspektivlər” adlı birinci bölməsini şöbə müdiri Vasif Hüseynov yazıb. Onun yazısı dövlətlərin xarici siyasət strategiyalarını iki realist yanaşma perspektivindən izah edir: struktural realism və neoklassik-realizm. “Azərbaycanın çoxşaxəli xarici siyasəti və Qoşulmama Hərəkatı” adlı II bölmədə Azərbaycanın balanslaşdırılmış xarici siyasət seçimi və Qoşulmama Hərəkatı (QH) ilə əməkdaşlığı müzakirə olunur. Bu hissədə İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın balanslı xarici siyasətinin uğurlarından və bu kontekstdə beynəlxalq məsələlərdə bloka daxil olmayan siyasəti təşviq edən Qoşulmama Hərəkatı (QH) ilə konseptual oxşarlığını təhlil edir.

Hesabatın üçüncü bölməsi də Vasif Hüseynov tərəfindən yazılıb və həmin hissə “Azərbaycanın regionda rolu: Rusiya-Ukrayna müharibəsinin geosiyasi kontekstdə balanslaşdırma yolları” adlanır. O yazır ki, Azərbaycan rəhbərliyi münaqişə tərəfləri arasında atəşkəsə nail olmaq üçün fundamental əsas kimi beynəlxalq hüququn, xüsusilə də suverenlik və ərazi bütövlüyünün vacibliyini vurğulayaraq, ölkəmizin Ukraynaya dəstəyini bəyan edib. Növbəti “Ukrayna və Azərbaycan müharibələri: Oxşarlıqlar və fərqlər” adlı bölmə şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılıb. Bu hissədə Cavid Vəliyev Rusiyanın Ukrayna torpaqlarını işğal etməsi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı beynəlxalq reaksiyanı müqayisə edir. Baş məsləhətçi Şahmar Hacıyev tərəfindən yazılmış sonuncu hissə “Enerji ehtiyatları Azərbaycanın müstəqil xarici siyasətinin vacib hissəsi kimi” adlanır.

Sevinc Qarayeva

 





22.09.2022    çap et  çap et