525.Az

Prezidentin Laçından verdiyi mesajlar


 

ERMƏNİSTAN SÜLH MÜQAVİLƏSİ ÜZRƏ İŞƏ BAŞLAMALI, ZƏNGƏZUR DƏHLİZİNİN İCRASINA MANE OLMAMALIDIR

Prezidentin Laçından verdiyi mesajlar<b style="color:red"></b>

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş və sürətli bərpa-quruculuq işləri davam etdirilir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə böyük işlər görülüb, artıq Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhali köçürülüb. Yaxın illərdə digər regionlara da insanların köçürülməsinə başlanacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərinə səfəri zamanı bir sıra infrastruktur layihələri ilə tanış olub. Dövlət başçısı burada Azərbaycan Bayrağını ucaldıb, Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Prezident eyni zamanda, Laçın şəhərində bir sıra mühüm mesajlar verib. Dövlət başçısının Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması tarixi hadisə olaraq böyük  əhəmiyyət daşıyır.

"Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır", - deyə Ali Baş Komandan bildirib.

Prezident İlham Əliyevin söylədiyi kimi, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri Azərbaycanın nəzarətindən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Azərbaycan cəmi 8 ay ərzində alternativ yolu inşa etdi. Beləliklə, avqustun 26-da Ordumuz Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Bu, tarixi hadisədir.

Laçın şəhəri digər işğaldan azad edilən yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalıb. Ermənistan 30 il ərzində Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparıb, tarixi-mədəni irsimizi talayıb, oğurlayıb. Ərazilərimizi tamamilə  minalayıb. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənib, həmin minalar 2021-ci ildə basdırılıb, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Təəssüf ki, beynəlxalq aləm Ermənistanın bu vandal əməllərinə susmaqda davam edir ki, bu da Azərbaycan xalqının haqlı olaraq etirazına səbəb olur.

ATƏT-in Minsk qrupunun həmsədrləri illərlə Laçın şəhərinin və digər Azərbaycan torpaqlarının erməniləşdirilməsinə, törətdikləri dağıntılara göz yumması onların Azərbaycanda tam nüfuzdan düşməsi, legitimliyini itirməsi ilə nəticələndi. Azərbaycanın böyük zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz Ermənistan tərəfinə sülh təklif etdi. Lakin Ermənistan öz təxribatları ilə sülh istəmədiyini, yenə də revanşist fikirlərlə yaşadığını, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayındığını göstərdi. Bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir, məğlub Ermənistan öz vəziyyətini düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalı, Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir. Prezident İlham Əliyevin bu yerdə Zəngəzur dəhlizi ilə bağlı fikirlərini xatırladaq: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Ermənistanla sərhədin delimitasiya prosesinə gəlincə, bu, həm XX əsr xəritələri, həm də əvvəlki dövrün xəritələri üzrə aparılmalıdır.

Rəsmi Bakının dəfələrlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan öz çirkin əməllərini davam etdirir. Sentyabrın 13-də sərhəddə törətdikləri növbəti təxribata Azərbaycan Ordusundan aldıqları cavab ki, Ermənistan üçün dərs olmalıdır. Azərbaycanın sərhəd boyunca əldə etdiyi mövqelər imkan verir ki, istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək.

"Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən, önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir", - dövlət başçısı deyib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə söyləyib: "Prezident səfəri zamanı mesajlarını verdi və Laçının tarixi Azərbaycan ərazisi olduğunu bir daha vurğuladı. Səfər çox mühüm bir dövrü əhatə edir. Bir müddət öncə Ermənistan Azərbaycanla sərhəddə təxribat törətmişdi və ermənilər ümid edirdilər ki, Azərbaycan torpaqlarını yenidən işğal edə və ya hansısa mövqeyimizi ələ keçirə bilərlər, amma bu mümkün olmadı. Məsələnin digər bir əhəmiyyətli tərəfi odur ki, Laçın şəhəri Azərbaycana geri verilib. Ermənistan bu səfərdən çox ciddi nəticə çıxarmalıdır. Bilməlidir ki, onun ən kiçik təxribatının belə qarşısı qətiyyətlə alınacaq və Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq".

Deputata görə, digər məsələ isə bu idi ki, guya Azərbaycan hansısa bir təxribat həyata keçirib və ya işğal planlayır: "Amma cənab Prezident səfəri zamanı vurğuladı ki, vəziyyət heç də Ermənistanın qeyd etdiyi kimi deyil. Əgər Ermənistan dediyi kimi idisə, onlar niyə bu günə kimi delimitasiya və demarkasiya prosesinə başlamayıb".

C.Məmmədov əlavə edib ki, Ermənistan revanşizm barədə yox, yekun sülh müqaviləsinin imzalanması barədə düşünməli, delimitasiya və demarkasiya prosesinə başlamalıdır. "Zəngəzur dəhlizi tez bir zamanda açılmalıdır. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan heç bir zaman bir qarış belə torpağının işğalı ilə barışmayacaq və məqsədlərinə nail olmaq üçün bütün addımları atacaq. Ermənistan bu cür təxribatlara nə qədər davam etsə, onun üçün bir o qədər çətin və ağrılı olacaq və bir o qədər itki verəcək. Buna görə də Ermənistan tərəf belə təxribatlardan uzaq olmalıdır".

Deputat  Naqif Həmzəyev  isə bildirib ki, Prezidentin Laçına səfər etməsi və Laçın şəhərinin mərkəzində üçrəngli Azərbaycan bayrağının ucaldılması tarixi bir hadisədir: "Bildiyimiz kimi, Laçın 44 günlük Vətən müharibəsi bitdikdən sonra bir güllə atmadan cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində azad olunmuşdur. Ancaq məhz Laçın şəhərinin mərkəzindən Laçın yolu keçdiyi üçün biz şəhəri tam nəzarətə götürə bilməmişdik. Lakin alternativ yol avqust ayında tikilib təhvil verildikdən sonra isə avqustun 26-da biz Laçın rayonu və onun ətrafındakı kəndləri nəzarətə götürdük".

Deputat bildirib ki, Prezident İlham Əliyev Laçında mühüm açıqlamalar verdi: "Bu açıqlamalardan göründüyü kimi Azərbaycan Silahlı qüvvələrinin bütün sərhədboyu ərazilərdə yerləşməsinin tək və yeganə səbəbkarı Ermənistanın təcavüzkar və təxribaçı siyasətidir. Həmçinin, Ermənistan tərəfinin irəli sürdüyü bir sıra əsassız arqumetlər var. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan əgər həmin əraziləri sərhəd hesab edirdisə, niyə həmin ərazilərdə sərhəd qurmayıblar? Aydın məsələdir ki, onlar Qarabağ və ətraf ərazilərə göz dikmişdilər. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına qətiyyən icazə verməyəcəyik. Hazırda Azərbaycan bütün sərhədboyu mövqeyini qüvvətləndirir. Prezidentin də qeyd etdiyi kimi bütün XIX və XX əsrin xəritələrini incələyərək tarixə baxsaq görərik ki, bu ərazilər Azərbaycan torpağıdır. Və bütün azərbaycanlıların haqqıdır ki, öz dədə-baba torpaqlarında yaşasınlar. Bu hüququ heç kim bizim əlimizdən ala bilməz. Bu halda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ayağına düşmək və beynəlxalq qurumlara sülh müqaviləsini imzalamaq istədiklərini bildirmək, dondurulmuş Brüssel və Moskva görüşlərinin ən qısa zamanda bərpa etmək və sülh üçün addımlar atmaqdır".

N.Həmzəyev deyib ki, Prezident İlham Əliyev laçınlılar üçün də müjdəli xəbər verdi: "Ən qısa zamanda laçınlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar, biz böyük qayıdışın davamının şahidi olacağıq. Laçına müxtəlif istiqamətlərdən avtomobil yollarının çəkilişi davam edir, eyni zamanda, Laçında Beynəlxalq Hava Limanın inşası davam edir və Laçının bütün elektrik təminatları üzrə məsələləri öz həllini tapmaqdadır. Biz Qarabağ və Şərqi Zəngəzur mahalını cənnət məkana çeviririk. Heç kim bu prosesi dayandıra bilməz, heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz".

 

 





22.09.2022    çap et  çap et