525.Az

Yeni tədris ilinə teatra dair kitab töhfəsi


 

Yeni tədris ilinə teatra dair kitab töhfəsi<b style="color:red"></b>

ADMİU-nun professoru, teatrşünas-alim, Əməkdar incəsənət xadimi İsrafil İsrafilovun “Azərbaycan rejissor sənəti tarixindən” yeni kitabı nəşr olunub.

Kitabda ibtidaidən başlayıb, sonrakı onilliklər ərzində yüksək professional ustalıq səviyyəsinə yüksələn Azərbaycan rejissor sənətinin keçdiyi tarixi mərhələlər, müxtəlif dövrlərdə yaşanan ictimai-mədəni proseslərdən qaynaqlanan sənət həyatının, başlıcası rejissor sənəti tarixinin ayrı-ayrı səhifələri yer alıb.

Teatral tamaşaçılar üçün də maraqlı ola biləcək kitab başlıca olaraq teatr sənəti ixtisası üzrə pedaqoji fəaliyyət göstərən mütəxəssislər, elmi araşdırmalar aparan doktorantlar, həmçinin bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Kitab “Ötənləri xatırlayaq”, “Adil İsgəndərovun yeni teatr yaratmaq səyləri”, “Ələsgər Şərifovun rejissor imzası”, “Bədii rəhbərin sənət qayğıları”, “Rejissurada dil və ifadə vasitələrinin tükənməsi faktları”, “Yeni yolun yolçuları”,     “Yeni teatr düşüncəsinin rejissor sənətində təzahürü”,      “Mehdi Məmmədovun romantik-psixoloji teatrı”, “Rejissuranın yazdığı tarixi səhifələr”,   “Rejissura dramaturgiya sorağında”,        “Şekspir labirintində”, “Rejissor dramaturgiyasının kövrək addımları”, “Milli rejissura əsrlərin qovşağında” adlı mövzulardan ibarətdir.

Rejissor sənəti tarixindən səhifələri vərəqlədikcə, belə bir qənaətə gəlinir ki, bir-birinin ardınca Azərbaycan səhnəsində milli rejissor kadrların görünməsi teatr sənətinin ədəbi-bədii, ideya-estetik istiqamətini müəyyənləşdirmiş və teatr milli simasını, eləcə də mütərəqqi bədii ənənələrə dayaqlanan mündəricəsini qazanmağa nail olub.

Kitabın əsas qayəsini bəşər təfəkkürünü məşğul edən bütün fəlsəfələrdən öndə duran teatr fəlsəfəsi təşkil edir.

Oxucular bu dəyərli ixtisas ədəbiyyatından ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində tanış ola bilər.

 





22.09.2022    çap et  çap et