525.Az

Bakıda Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq günü qeyd olunub


 

Bakıda Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq günü qeyd olunub<b style="color:red"></b>

Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə bağlı “Azadi Ka Amrit Mahotsav” tədbirləri çərçivəsində bu ölkənin Bakıdakı səfirliyi Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) gününü qeyd edib. "525"in məlumatına görə, tədbirdə Azərbaycan  Xarici İşlər Nazirliyinin və digər nazirliklərinin rəsmiləri, ITEC proqramının məzunları, Hindistanın Azərbaycanda fəaliyyət göstərən icma birliklərinin rəhbərləri, hind icmasının tanınmış üzləri və KİV nümayəndələri iştirak ediblər.

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar çıxışında Azərbaycanın, o cümlədən tərəfdaş ölkələrdən olan iştirakçıların potensialının artırılmasında ITEC proqramının əhəmiyyətini vurğulayıb. O, Hindistanın müstəqilliyinin 75-ci illiyi ilə əlaqədar Hindistan hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün qeyd edilməsi barədə toplaşanlara məlumat verib. Həmçinin, 2022-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 159,5 faiz artaraq 1,528 milyard ABŞ dolları məbləğinə çatdığını vurğulayıb.
Tədbir zamanı nümayiş etdirilən ITEC haqqında qısametrajlı filmdə Hindistanın xarici işlər naziri Dr. S. Caişankar deyib: “Hindistanın tərəqqi və inkişaf sahəsində əməkdaşlığı Hindistanın xarici siyasətinin əsas komponentidir. Bu proqram, şərtsiz təklif olunur və tərəfdaşlıq, qarşılıqlı fayda və həmrəylik prinsiplərinə söykənir. Hindistan hesab edir ki, dünyanın inkişafı və rifahı vahid və bölünməzdir. Hamımız birlikdə inkişaf edirik”. 
Hindistanın xarici işlər üzrə dövlət naziri V. Muraleedharan isə deyib: “ITEC proqramı istər kənd təsərrüfatı, kənd yerlərinin inkişafı, idarəetmə, bank işi, istərsə də ətraf mühitin dayanaqlılığı və iqlim dəyişikliyi olsun, tələbat üzərində qurulub. Ayurveda və yoqa üzrə qədim biliklərimizi bölüşməklə yanaşı, ITEC proqramı, həmçinin Hindistanın qlobal miqyasda qəbul edilmiş təcrübəsini də bölüşür”.
Tədbir zamanı ITEC-in Azərbaycandan olan məzunları Hindistanda ITEC təlimi zamanı yaddaqalan təcrübələrini bölüşərək, ITEC təlimi zamanı əldə etdikləri bilik və bacarıqlardan öz işlədikləri sahələrdə istifadə etdiklərini vurğulayıblar.
ITEC Proqramı çərçivəsində Hindistan hökuməti bir çox sahələr üzrə 300-dən çox qısamüddətli və orta müddətli kurslarda Hindistanın ən yaxşı institutlarında tam maliyyələşdirilən təqaüdlər təqdim edir. Hər il, 30-a yaxın azərbaycanlı ITEC təqaüdçüsü müxtəlif ITEC kurslarında iştirak etmək üçün Hindistana gedir. Pandemiya dövründə bu təlim proqramları onlayn rejimə keçirilib və artıq 200-dən çox azərbaycanlı iştirakçı e-ITEC proqramlarında iştirak edib. Hazırda səfər məhdudiyyətlərinin yumşaldılması ilə əlaqədar rəsmi ITEC proqramları yenidən işə salınıb və 8 Azərbaycan məmuru artıq son bir neçə ay ərzində Hindistanda ITEC təlimində iştirak edib.
Bundan əlavə, Hindistan hökuməti Azərbaycan rəsmilərinin xarici diplomatlar üçün peşəkar kurslarına, eyni zamanda, tələbələr üçün müxtəlif təlim proqramlarına, o cümlədən Hindistan Mədəni Əlaqələr Şurasının (ICCR) təqaüdləri və hind dili tədrisi çərçivəsində təlimlərə sponsorluq edir.
ITEC kurslarına 25-45 yaş arasında olan Azərbaycan dövlət məmurları müraciət edə bilər. Müraciət edənlərdən onlayn ərizə formasını doldurmaları və doldurulmuş formanın çap olunmuş şəkildə müvafiq nazirlik vasitəsilə səfirliyə təqdim etmələri tələb olunur. ITEC/e-ITEC kursları, Qaydalar və şərtlər və s. haqqında ətraflı məlumatı https://www.itecgoi.in saytında əldə etmək olar.

 





22.09.2022    çap et  çap et