525.Az

ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat


 

ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat<b style="color:red"></b>

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) Ermənistanın 12 sentyabrda başlayan təxribatı barədə bəyanat yayıb.

ANAİB-dən 525.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan Baş naziri tərəfindən imzalanmış atəşkəs bəyanatına görə, erməni silahlıları Azərbaycan torpaqlarından çıxmalı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.

Təəssüf ki, Ermənistan elan olunmuş birgə bəyanatın maddələrinə əməl etməməklə yanaşı mütəmadi şəkildə ölkəmizin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətlərində təxribatlar törədir, revanşist qüvvələrin bitmək bilməyən müharibə hərisliyi bölgədə arzulanan sülh və əmin-amanlığa təhlükə yaradır. Nəticədə, müsbət tendensiyaların qarşısı alınır, gələcək nəsillərin də müharibə təhlükəsi altına düşməsi riski yaranır.
Həmin qüvvələrin 12 sentyabr 2022-ci ildə Azərbaycan ərazilərinə şiddətli hücumu nəticəsində 80 hərbi qulluqçumuz şəhid olub. Düşmən cavab atəşi ilə susdurulub, şəhidlərimizin qanı yerdə qalmayıb.

Azərbaycan tərəfi 10 noyabr bəyanatından sonra sülhə sadiq olub. Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı təklif edilib, onlara hər cür humanitar dəstək göstərilib. Eləcə də onların Ermənistan ərazisinə rahat gediş-gəlişini təmin etmək məqsədilə Laçın rayonu ərazisində dəhlizə icazə verilib.

Halbuki Ermənistan tərəfi Zəngəzur dəhlizinin çəkilməsinə mane olur, tarixi məğlubiyyətləri ilə barışmaq istəməyib yenidən hücuma keçir. Qarabağdakı silahlı dəstələrin çıxarılması istiqamətində hansısa addım atmır.

"Azərbaycan Nəşriyyatları Assosiasiyası” olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan cavab tədbirlərinin hüquq və ədalət prinsiplərinə uyğun olduğunu hesab edirik. Dövlət sərhədlərimizin təhlükəsizliyi Azərbaycan Respublikasının ən ümdə vəzifələrindəndir. Buna görə istənilən bütün təxribatların qarşısının sərt şəkildə alınması şərtdir.

İctimai birlik olaraq bu istiqamətdə atılan hərbi və diplomatik addımlarda Milli Ordumuzun və Ali Baş Komandanımız cənab İlham Əliyevin yanında olduğumuzu bəyan edirik”.

 





22.09.2022    çap et  çap et