525.Az

"Musiqişünas olmasaydım, sözsüz ki, rəssam olardım"


 

"Musiqişünas olmasaydım, sözsüz ki, rəssam olardım"<b style="color:red"></b>

Müsahibimiz Azərbaycanın tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, əməkdar incəsənət xadimi, "Dan ulduzu" İnstrumental Ansamblının yaradıcısı mərhum Gülarə xanım Əliyevanın qızı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim, musiqişünas Ayanda xanım Əliyevadır.

 

- Ayanda xanım, əvvəlcə söhbət üçün zaman ayırdığınıza görə təşəkkür edirəm. İlk sualımız isə belə olacaq: hansı xüsusiyyətiniz sizə mərhum ananız Gülarə xanım Əliyevadan keçib? Siz özünüz ananızda gördüyünüz hansı xüsusiyyəti övladlarınıza təlqin edirsiniz?

- Əvvəlcə diqqət göstərib mənə vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. O ki qaldı suala, bəli, emosionallıq mənə daha çox anamdan keçib. Anam da tez-tez kövrələrdi. Hansısa bir məsələ ona çox möhkəm təsir edə bilərdi. Olduqca həssas insan idi. Əvvəl mən də elə idim. Amma anamı itirəndən sonra sanki həyat mənə emosiyamı gizlətməyi, onu göstərməməyi öyrətdi. Bəzi yerlərdə daha soyuqqanlı olmağa çalışdım. Amma deyim ki, yenə də soyuqqanlı insan deyiləm. İnsanın sonradan nəyisə özündə tərbiyə etməsi çox çətin olur. Əvvəldən nə varsa, odur. Amma çalışıram, özümü bir az çərçivədə saxlayım. Əlbəttə ki, həyatdı da... ola bilər, nəyəsə kövrəlirsən, nəyəsə təsirlənirsən. Gündəlik xəbərlərdə mənfi hadisələri oxuyursan. Belə anlar mənə çox təsir edir. Ümumiyyətlə, çalışıram uşaqlarla dost olum. Məndən qorxmasınlar, mənimlə açıq olsunlar. Hər zaman bilsinlər ki, mən onların tərəfindəyəm, onların yanındayam. Ətrafdakı insanlara qarşı hörmət və mərhəmət duyğusunu onlara aşılayıram. Dürüst olmaqlarını tövsiyə edirəm.

- Yaxından tanıdığım üçün mən sizi müsbət düşüncəli, həyata var gücü ilə sarılan insan kimi xarakterizə edirəm. Bəs özünüz özünüzü necə xarakterizə edərdiniz?

- Çox düzgün müşahidə etmisiniz, mən olduqca pozitiv insanam. Pozitivlik mənə hədsiz dərəcədə kömək edir. Bir problem üzərində çox düşünməyi, çox qalmağı sevmirəm. Daim öz-özümlə mübarizə aparan biriyəm. Özüm özümə həmişə deyirəm ki, eybi yoxdur, sabah yaxşı olar. Ya da deyirəm ki, bu, ən pisi deyil. Bəlkə də, belə düşünməyimin səbəbi odur ki, mən həyatda ən pisini görmüşəm, faciənin nə olduğunu yaxşı bilirəm. Ona görə də bu cür yanaşma tərzi özümə ən böyük təsəllimdir. Yəni ailədə ən pis hal ölüm-itimdir. Bax məhz bu müqayisələrlə mən özümü çox yaxşı motivasiya edirəm. Gələcəyi müsbət düşünürəm.

- Ananızı itirəndən sonra yəqin ki, həyatda stimulu övladlarınızda tapdınız?

- Anam 1991-ci ildə dünyasını dəyişib. Onun üçün çox darıxıram. Bəli, bu, həqiqətən də belədir. Övladlarım dünyaya gələndə onlar mənə ruh yüksəkliyi verdilər. Əhval-ruhiyyəm olmayanda onlarla zarafatlaşıram. Övladlarım artıq özüm boydadılar. Qızımın və oğlumun 15 yaşları var. Reaksiyaları çox itidir. Mübahisələr edib fikir mübadiləsi aparanda məni artıq gülmək tutur ki, bunlar haçan belə böyüdülər ki, mənlə qarşı-qarşıya mübahisə edirlər, söz çatdırırlar? (gülür) Ona görə həyatda bu kimi nüanslar mənə çox kömək olur.

- Dincliyinizi, həyat hüzurunuzu nələrdə tapırsınız?

- Yuxudan oyanıram və baxıram ki, hava günəşlidir. Günəşi çox sevirəm. Fərq etməz, istər qışda, istər yazda, günəş çıxdısa, əhval-ruhiyyəm artıq dəyişir. Əgər görsəm ki, hava gözəldir, o zaman mütləq çıxıb hardasa gəzməliyəm, o havada özümü görməliyəm, havanı hiss etməliyəm. Musiqini çox sevirəm. Musiqi həyatdır mənim üçün. Evdə daim hansısa əsərə qulaq asıram. İstər milli, istər xarici musiqi olsun, fərqi yoxdur. Ən əsası, keyfiyyətli musiqini dinləyirəm. Bizim gözəl mahnıları dinləməyi sevirəm. İstər retro, istər yeni. Özüm üçün pianoda ifa etməyi sevirəm. Bilirsiniz ki, sizin yaradıcılığınızı da çox bəyənirəm, Aysel xanım.

- Təşəkkür edirəm. Musiqişünas olmaq sizin öz seçiminiz idi, yoxsa ananızın? Əgər musiqişünas olmasaydınız, hansı sənət sizi özünə cəlb edərdi?

- Düzünü desəm, musiqiçi olmaq daha çox anamın mənə göstərdiyi istiqamət idi. Atam da musiqini sevən insan idi. Mən daha çox rəsmlə məşğul olmaq istəyirdim. Musiqişünas olmasaydım, sözsüz ki, rəssam olardım. Amma peşman deyiləm, musiqini çox sevirəm. Lakin özümü professional tərzdə musiqidə heç cür görmürdüm. Yəni fikirləşdim ki, qətiyyən pianoçu olmayacağam. Çünki səhnəni sevmirəm. Müğənni də olmayacağam, çünki o da səhnədir. Qorxuram səhnədən. Musiqi sahəsini ancaq musiqişünas kimi seçmək mümkün idi. Dedim, çəkilim bir az kənarda durum, nəsə yazım, nəyəsə fikir verim, daha çox kitab oxuyum, bəstəkarlarla maraqlanım. Məndə səhnə utancaqlığı var deyə heç zaman səhnədə olmaq, anamın yolunu davam etdirib pianoçu olmağı düşünməmişəm. Ona görə də musiqişünaslığı seçdim. Şan-şöhrətli insan deyiləm. Anam sənətinə verilən dəyərdən zövq alırdı. Qonaqlıqlarda fortepianoda ifa edirdi, onu alqışlayırdılar. Mən isə göz önündə olmaqdan utanmışam. Bu xüsusiyyətimə görə çalışmışam kənarda olum. Bilmirəm nə ilə əlaqədardır. Yəqin mənə elə gəlirdi ki, anamın fonunda onun kimi bacarmayacağam. Ola bilər, bununla bağlı olsun. Bəlkə, ola bilər bu, mənim xüsusiyyətim, xarakterimdir. Tam dəqiq deyə bilmirəm.

- Musiqişünaslığı seçməklə bağlı sizinlə təxminən bənzər hissləri yaşamışıq. Musiqini araşdırmaq, təhlil etmək mənə də daha yaxın gəldi və cəlb etdi. Nəinki səhnədə daim diqqət mərkəzində olmaq. Ayanda xanım, bilirəm ki, iddialı deyilsiniz, amma yenə də, hansısa fəxri ad daşımağı, vəzifə sahibi olmağı niyə istəmədiniz?

- Heç zaman vəzifə arxasınca qaçmamışam. Hər zaman təvazökar insan olmuşam. İndiki zamanədə bəlkə də, bu, doğru deyil. Ancaq mənim üçün belə yaşamaq daha rahatdır. Mən savadlı insanam, zövqüm də var. Bilirəm ki, hardasa vəzifədə işləsəydim, işimi yaxşı bacarardım. Bu gün vəzifədəsən, güclüsən, məşhursan, insanlar sənin yanındadır. Sabah vəzifən olmasa, heç sənə zəng edən olmur. Mən bunları öz ailəmizdə yaşamışam. 1980-ci illərin sonunda televiziyada anamın bütün konsert səsyazmalarını amansızcasına silmişdilər. Anama konsert üçün, səsyazma üçün vaxt vermirdilər, onu xarici ölkələrə qastrol səfərlərinə göndərmirdilər. Anam çox dərin sarsıntı keçirirdi, özünü pis hiss edirdi, təsirlənirdi. İnsanların qorxudan birdən-birə necə dəyişdiyini mən hələ o vaxt gördüm. Bu isə mənə dərs oldu. Bu gün sən yüksəkdəsənsə, yanında adamlar çoxdur.

 - Allah Gülarə xanıma rəhmət eləsin, ruhu şad olsun. Bəlkə bir az da sənətdəki peşəkar addımlarınızdan danışasınız?

-1994-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdim, məktəb-studiyada müəllim kimi çalışmağa başladım. Nəyin necə olacağını düşünmədən oranı bir iş yeri kimi seçdim. Uşaqları sevdiyim üçün müəllimliyə meyl etdim. Orda təxminən 2000-ci ilə qədər çalışdım. Dayım qızı, musiqişünas Nigar Əliyeva mənə dedi ki, bəlkə, mövzu götürəsən və yazasan? Dedi, işini sevirsən, inanırıq ki, sənətində növbəti addım atmış olacaqsan. Onun məsləhəti ilə bunu etdim. Mövzu götürdüm və seçdiyim mövzunu çox istəklə yazdım. Mövzum Nazim Hikmətin yaradıcılığına həsr olunmuşdu, "Azərbaycan bəstəkarlarının yaradıcılığında Nazim Hikmətin poeziyası" adlanırdı. Hardasa 4 il bu elmi işlə məşğul oldum, üzərində həvəslə çalışdım. Elmi rəhbərim Rəna xanım Məmmədova idi. İnanın, 4 il kitabxanaların qapılarını açmışam. O zaman hələ övladlarım yox idi. Vaxtım yetərincə idi. Müdafiə edənə qədər musiqi tarixi kafedrasında işə başladım. O kafedra mənə çox doğmadır. O vaxtdan elə orada qalıb, müəllim kimi fəaliyyət göstərirəm.

- Sadəlik sizdə irsidir, yoxsa bir həyat seçiminizdir?

- Sadəlik məndə gendən gəlir. Babam Əziz Əliyev məşhur insan olsa da, çox sadə olub. Anam musiqiçi olub, ansambl yaradıb. Ömür boyu İncəsənət Universitetində müəllim kimi işləyib, kafedra müdiri olub. O da heç bir zaman vəzifə sahibi olmayıb. Öz ansamblı, yaradıcılığı ilə məşğul olub. Heç bir yerə vəzifə üçün müraciət etməyib. Mən belə bir mühitdə böyümüşəm. Çox gözəl sənətkarlar evimizə qonaq gəlirdi. Bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Ramiz Mirişli, Oktay Kazımov, Elza İbrahimova, müğənnilər Rəşid Behbudov, Zeynab Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva, Şövkət Ələkbərova... Belə insanları evimizdə görmək mənə musiqini daha da sevdirərdi. Hər zaman anamda təvazökarlıq görmüşəm. O, hamıya əlindən gələn köməkliyi edirdi.

- Hansısa cəhətiniz övladlarınıza keçibmi? Təkliyi, yoxsa qələbəliyi sevirsiniz? Dostlarla, yoxsa ailənizlə çox zaman keçirirsiniz?

- Qızım musiqi sənətini sevir. Uşaqlıqda çox konsertlərdə iştirak edirdi, xorlarda oxuyurdu. 13 yaşından sonra özünə qapanmağa başladı. Bilmirəm, bəlkə, bu, yaşla əlaqədardır. İndi görürəm ki, uşaqlarım da çox qabaqda olmaq istəmirlər. Mən qızıma deyirəm ki, nə üçün səhnədə görünmək istəmirsən, axı sən gözəl çıxış edirsən? Deyir, ana, sənin gözündə gözəldir, sən ana kimi baxırsan deyə yalnız gözəllik görürsən. Mən artıq onları üzdə olmağa məcbur edə bilmirəm. Görürəm ki, istəmirlər. Təvazökardırlar. Ona görə bu, genlə keçir. Ailədə elə görüb, elə götürürlər. Biz belə həyat yaşamağa üstünlük veririk. Təkliyi sevirəm. Amma ailəmlə zaman keçirməyi daha çox sevirəm.

- Dərs prosesində sizin necə yaxşı insan olduğunuzu öz gözümlə görmüşəm. Daim insanlığı ön plana çəkirsiniz.

- Demək, sizin özünüz çox həssas insansınız ki, bu məqamlara diqqət yetirib hiss edə bilirsiniz. Bu incə duyumunuza, nəcibliyinizə görə çox sağ olun. Mən sizin kimi hissiyyatlı insanları çox sevirəm. Çalışıram, kobud insanlardan uzaq olum. İnsanlarda zərif hissləri yüksək qiymətləndirirəm. İndiki zamanədə insanın daxilində kin, nifrət, hörmətsizlik baş alıb gedir. İnsana sadəcə yaşca böyüklüyünə, milliyətinə, dininə, dilinə, irqinə görə yox, onun daxili dünyasına, savadına, ağlına, istedadına görə hörmət bəsləmək lazımdır.

- Müəllimlik sizə hansı hissləri yaşadır? Şəxsən mən keçmiş tələbəniz kimi sizdən qayğı, sevgi, dostluq görmüşəm.

- Çalışmışam heç zaman tələbələrimə aşağı qiymət yazmayım. Axı onlar mənə ümid edirlər. İçlərində təqaüd üçün mübarizə aparan tələbələr də olur. Mən sadəcə insanlığımı göstərmək istəyirəm. Onlar da nədənsə motivasiya almalıdırlar. Əgər bu sənəti seçiblərsə, deməli, onların içində nəsə var və o hissi öldürməmək lazımdır. Sabah müəllim olanda, uşaqlara dərs keçəndə onlar da əsəbləşməməlidirlər. Yaxşı oxuyan insan yaxşı oxumağının dəyərini görəndə, o da sonra yaxşı oxuyanların qabağa getməyi üçün təkan olur. Mən bu düşüncə ilə yaşayıram. Bilmirəm, bu, yaxşı xüsusiyyətdir, yoxsa pisdir, artıq dəyişiləsi deyil. Bəli, razıyam, bizim sizinlə müəllim-tələbə münasibətindən əlavə, artıq 5-6 illik tarixi olan gözəl dostluğumuz da var.

- Əgər siz rejissor olsaydınız, filminizin adı və mövzusu nə olardı?

- Mən insan xüsusiyyətlərini ortaya çıxaran, dərindən düşündürən münasibətlərdən bəhs edən filmləri sevirəm. Ana və övlad, kişi və qadın münasibəti kimi. Bilirsiniz hər zaman nəyə qarşı olmuşam? Deyirlər, bu ağdır, bu qaradır. Amma hər şeyin başqa rəngləri də var. Ola bilməz ki, insan tamamilə pis olsun və tamamilə yaxşı olsun. İnsanın içində nələrsə var, içində daim mübarizə var. Nəyəsə yox deyirik, nəyəsə hə deyirik. Həyat da elə budur... Mən belə mövzulu kinolara çox meyilliyəm. O demək deyil ki, insanda yalnız pozitiv xüsusiyyətlər olmalıdır. Yəni demək istəyirəm ki, mən insanları tünd rəngləri ilə də qəbul edirəm. Bu həyatdır, biz yaşayırıq. Nəyəsə əsəbləşərik, nəyisə bəyənməyə bilərik. Kimisə görməyi arzulayarıq, kimisə görmək istəmərik. Bu, bizim içimizdən gəlir. İnsan xasiyyəti, xüsusiyyəti, davranışı insanların münasibətləri kinoda mənə həmişə cəlbedici gəlib. Heç vaxt müharibə filmlərini sevməmişəm. Fəlsəfi məzmunlu filmləri daha çox sevirəm. Harda görəndə ki, gözəl bir söz yazılıb, düşünürəm ki, bunlar doğrudan da həyatdan götürülüb. Sevinirəm ki, hardansa nəsə götürürəm, öyrənirəm. Məsələn, belə olanda başa düşürsən ki, orda nə yazılıbsa, demək, səndə də belə hisslər var ki, o yazılanlar sənə doğma gəlir. Mən dəqiq anlayıram ki, sənət başqadır, həyat başqadır. Amma başqa yerdən də baxanda sənət də elə həyatdan götürülüb. Biz bir-birimizə onsuz da bağlıyıq, ayrılmazıq.

- Ayanda xanım, müsahibəyə razılıq verib suallarımı cavabladığınız üçün sizə təşəkkür edirəm.

- Mən sizə təşəkkür edirəm. İçimdən gələni dedim və söhbətimizdən məmnun qaldım. Bu mövzularda danışığımız çox xoş oldu. Belə gözəl bir görüşün reallaşmağı mənə yaxşı təsir elədi. Sağ olun!

Aysel KƏRİM

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katibi

 





23.09.2022    çap et  çap et