525.Az

Türkiyədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib


 

Türkiyədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib<b style="color:red"></b>

XXIII Türksoy Beynəlxalq "Opera günləri" çərçivəsində Bursa Atatürk Merinos Konqress Mərkəzi və İzmir Dövlət Opera teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Dövlət Opera Teatrları Birliyi,  Şimali Kipr Mədəniyyət, Turizm, Gənclər və Ətraf Mühit Nazilliyi, Bursa və İzmir şəhərlərinin meriyalarının təşkilatı dəstəyi ilə baş tutan konsertlərdə Bursa Dövlət Simfonik Orkestri və İzmir Dövlət Opera Teatrının simfonik orkestrləri iştirak ediblər. 

Orkestrlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərlik edib. Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" ilə başlayan bütün konsertlər dinləyicilərin böyük marağına səbəb olub. Konsertlərdə türkdilli dövlətlərin tanınmış opera müğənniləri - Uralxan Seilbekova və Şınqıs Rasılxan (Qazaxstan/Astana Opera), Elgiz Beyşenbayev və Ataxan Aybek Ulu (Qırğızıstan/ Bişkek Opera), Burcu Sayın (Türkiyə/İzmir Opera Teatrı), Malika Normatova (Özbəkistan/Daşkənd Opera Teatrı), Eleonora Jorjoska (Şimali Makedoniya) və Həvva Özdəmiraq (Şimali Kipr) böyük uğurla təmsil ediblər.  Ölkəmizi festivalda təqdim edən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti soprano Fatimə Cəfərzadənin ifasında Fikrət Əmirov və Cüzeppe Verdinin ariyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Digər opera sənətkarlarının ifasında səslənən türk dünyasının görkəmli bəstəkarları - A.Madıbayev, A.Jubanov, L.Hamidi, M.Aşrafi, L.Pipkov,  A.Atabayev, K.Azizin əsərləri gecəyə xüsusi rəng qatıb

Konsertin ikinci bölümündə isə qərb dünyasının məşhur klassik opera nümunələri - C.Verdi, C.Puççini, F.Çilea, C.Rossini, P.Maskanyi və Ş.Qunonun əsərləri yerli dinəyicilərə təqdim edilib. Bədii hissədən öncə çıxış edən Türksoyun baş direktorunun müavini Bilal Çakıjı, Bursa şəhərinin merinin müavini Süleyman Çelik, Bursa Mədəniyyət İdarəsinin rəhbəri  Fətullah Bingöl və digər rəsmi şəxslər Opera günlərinin türk dövlətləri arasında mədəni əlaqələrin inkişafındakı rolundan danışıb,  TÜRKSOY-un daimi şurasının qərarı ilə 2022-ci ildə keçirilən  "Fikrət Əmirov İli" ilə bağlı layihələr barəsində geniş məlumat veriblər.

Həmin tədbirlər çərçivəsində konsertlərlə bərabər dahi bəstəkarın həyatının müxtəlif dövrlərinin əhatə edən fotosərgi də təşkil edilib. Konsertlərin sonunda azərbaycanlı dirijor və türk dilli dövlətlərin solistlərinə Türksoyun "Fikrət Əmirov-100" xatirə diplom və mükafatları təqdim olunub.

Festivalın növbəti konsertləri Şimali Kiprdə keçiriləcək.

 

 





23.09.2022    çap et  çap et