İndiki dövrdə adı "bədnam" şəxslər sırasında olan V.Lenin qurmaq istədiyi cəmiyyətin inkişafı üçün "uçot" işini ən vacib məsələlərdən hesab edirdi. Onun bu fikrinin siyasi məqsədini kənara qoysaq, qeydiyyat məsələlərinin istənilən halda, istənilən sahədə inkişafa kömək etməsi şəksizdir.
Söylənilən məsələnin müasir informativ və səmərəli planlı yanaşma baxımından kənd təsərrüfatı sahəsində, o cümlədən, heyvandarlıqda tətbiqi də faydalı sayılmalıdır. Məhz bu amillər nəzərə alınaraq, Respublikamızda heyvandarlıq sahəsində uzun illər aparılan tədqiqi və təcrübi işlərin nəticəsi kimi iri və xırda buynuzlu heyvanların cins və növlərinin geneofond kataloqu hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunan bu kataloqların qurumun Göygöldə yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) təqdimatı keçirilib.
Nazirliyin dəstəyi ilə həyata keçirilən və nəticələri təsərrüfatçılar üçün olduqca faydalı hesab olunan "Yerli heyvan genefondunun növlərinin qorunması və saxlanması, şəcərə xətti üzrə qiymətləndirilməsi təlimatları" adlı layihə təqdimatında 22 rayondan 100 nəfərdən artıq heyvandar-fermerlər və bu sahə üzrə mütəxəssislər iştirak ediblər. Ərzaq təhlükəsizliyi məsələləri üçün də vacib sayılan bu cür genefondun yaradılması yerli, eləcə də ölkəmizə idxal olunmuş, genetik potensiallı, irsi dəyişkənliyi olmayan, təmiz qanlı heyvanlar haqqında məlumatları əhatə edir. Həmçinin, heyvanların regionlar üzrə uyğunlaşdırılması məshuldarlığın artırılmasına da töhfə olacaq.
"Kataloq 3 dildə, Azərbaycan, rus və ingiliscə, heyvanların cins və növ üzrə adları, bioloji xüsusiyyətləri üzrə məlumatları əhatə edir. Gələcəkdə bu məlumatları Elektron Kənd Təsərrüfatı informasiya sistemində də yeləşdiriləcək ki, vətəndaşlarımız bundan yararlana bilsinlər. Həmçinin, ilk dəfə olaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Genetik Resurslar veb saytında ölkəmizin genefonduna aid olan heyvan növləri və cinsləri haqda geniş məlumat yerləşdirilib" - deyə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov bildirib.
Görüşdə yeni yerli cins və növlərin alınması üzrə aparılan işlər haqda da məlumat verilib.
"İnstitumuz tərəfindən 7 iri, 9 xırda buynuzlu mal-qara cinsləri yetişdirilir. Həmçinin, onlardan yeni mələzlərin (hibrid- Z.M.) alınması üzrə də işlər aparılıb və aparılır. 4 ildən artıq müddətdir ki, yeni, yerli cinslərin alınması istiqamətində tədqiqatlar gedir" - deyə, HETİ-nun direktoru Mahir Hacıyev qeyd edib.
Kataloqlaşdırma işi fermerlərə hər bir heyvan və aid olduğu cinsin bioloji xüsusiyyətləri, məhsuldarlığı haqqında məlumatlar əldə etməyə və təsərrüfatlarını bu bilgiləri nəzərə almaqla daha səmərəli qurmağa imkan verəcək.
Zakir MURADOV, Gəncə-Göygöl
çap et