525.Az

Baba sovqatı - Aydın Tağıyev yazır


 

Baba sovqatı - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

Nəvələrimə - xanım Lamiyəyə, atam Əhmədə, adaşım Aydına, cüvəllağı balaca Cavada, körpə Rəsula

 

Baba sevgisi

 

Lamiyə ilə Əhmədin öz aralarında olan bu söhbətlərindən nənələri məni agah etdi.

Lamiyənin də, Əhmədin də ana babaları dünyadan cavan yaşlarında köç ediblər.

Dərs əlaçısı olan hər iki nəvəm məşğələlərə bəzən birgə hazırlaşarlar. Elə bu söhbət öz aralarında o vaxt olub. Əhməd üzünü əmisi qızına tutub:

- Lamiyə, təkcə bir babamız var, gəl yaxşı oxuyub hər ikimiz həkim olaq. Aydın babanı xəstələnməyə, qocalmağa qoymayaq...

2015

lll

Cavadın iməkləyən vaxtlarında ilk şuluq əməllərindən biri də bacısının əlinə keçən kitab-dəftərlərinin varaqlarını qoparıb cırmaq olub.

Ayağı yer, əli qələm tutanda isə dəcəl Cavad bacısının şkafdakı kitablarının varaqlarındakı rast gəldiyi şəkilləri əlindəki qələmlərlə rəngləməyə girişib.

Özündən yaşca xeyli balaca, ərköyün, dəymə-düşər qardaşına bu pis vərdişini tərgitmək üçün Lamiyə xeyli dilə tutsa da, xeyri olmur.

Nəhayət, Lamiyə nə fikirləşirsə bir gün üz qabığında iri bir şəklim olan kitablarımdan birini Cavada verir. Kitabda babasının şəklini tanıyan Cavad sevincək:

- Baba, baba, - deyib kitabı hətta sinəsinə sıxır.

Odur-budur, o gündən Cavadın daha kitablarla işi yoxdur. Əksinə, hansı kitabın üz, yaxud arxa qabığında mənə oxşatdığı kişi şəkli görürsə üzü gülür: - Baba, baba...

2020

 

Polisə hörmət

 

Adaşım Aydın ağır oturub batman gələn bir oğlandır. Dindirməsən dinib danışmaz. Hərçənd ki, verəcəyin suala cavabı dilinin ucundadır. Halda-xasiyyətə heç babasına oxşamır. Ancaq burası var ki, nə qədər ağır təbiətdirsə, bir o qədər mehriban, qılıqlıdır.

Adaşımla bağlı bir əhvalatı nəql etmək istəyirəm. Aydının hələ məktəbə getmədiyi illər idi.

Gecənin bir vaxtı, yollarda  təkəm-seyrək maşınların göründüyü o qış günü Aydın təkid edib atasının sürdüyü maşında qabaqda oturur, hərçənd ki, atası çox deyib başa salır ki, balacaların sürücünün yanında oturması qadağandır, bu, yol hərəkəti qaydalarının pozulması deməkdir. İnadcıllıqda babasına çəkən Aydın axır ki, atasını yola gətirə bilir.

İş belə gətirir ki, sürücü güzgüdə arxadan onların ardınca gələn YPX maşınını görür. Yol polisinin qaydanı pozduğuna görə onları saxlayacağını fikirləşib maşının sürətini azaldır. Bütün bunları təşvişlə izləyən Aydın hətta oturacaqda gizlənməyə cəhd edir.

Polis maşınının yanlarından ötüb keçdiyini görən atası: - Yaxşı qurtardıq, - deyə zarafatyana dillənir.

"Təhlükənin" sovuşduğunu görüb gizləndiyi yerdən dikəlib qalxan Aydın isə birdən-birə ədalı-ədalı:

- Əh, maşınımızı saxlasaydılar, onların paqonlarını qoparardım.

Atası qulaqlarına inanmır, əlbəəl də başa düşür ki, bu, uşaq sözləri deyil. Çox güman Aydın bunları səhərdən-axşamacan baxdığı hansısa bir filmdən eşidib, yadında qalıb. Atasının onun bu sözlərinə qəzəblənib özündən çıxdığını görən Aydın əvvəlcə hönkürür, sonra hıçqırıb ağlayır.

Heç vaxt uşaqlara qarşı sərt olmayan atası bu dəfə oğluna necə təpinib bir qulaqburması verirsə, indi Aydın çöldə-bayırda harda bir polis işçisi görürsə, tanıdı-tanımadı, əlini gicgahına aparıb hərbi salam verir.

 

"Səni kim qocaldıb..."

               

Nənəsi Cavadgildəymiş. Cavad nənəsinin ağ saçlarına baxıb-baxıb birdən: - Nənə, səni kim qocaldıb, - deyə xəbər alır. Nənəsi də Cavadın bu qəfil sualının qarşısında izah edir ki, bəs nənələr qoca olur.

Cavad nənəsinin cavabı ilə razılaşmır: - Yox! Anam deyir ki, Cavad, sən məni qocatdın. Bəs səni kim qocaldıb?

Nənəsi də Cavadın əl çəkmədiyini görüb zarafatla qayıdır ki, bəs baban Aydın.

Demə, nənə-nəvə arasında bu söhbət gedən məqam mən də Lamiyəyə zəng etmişəm. Onunla hal-əhval biləndən sonra Cavadla da danışmaq istədim. Lamiyə Cavadı nə qədər çağırsa da telefona gəlmədi. Uzaqdan səsini eşidirdim: - Mən Aydın babadan küsmüşəm. O nənəni qocaldıb...

 

Rəsul

 

Rəsul hələ körpədir. Qardaşları danışır ki, baba, bəs sən bizimlə telefonda danışanda beşikdəki qaqaşın gözləri bizdə qalır. Hər dəfə "baba" kəlməsini eşidəndə yerində qımıldanır, elə bil yerindən qalxıb o da səninlə danışmaq, "baba" demək istəyir...

2022

 





23.09.2022    çap et  çap et