Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında çıxışı zamanı bir sıra təxribatçı bəyanatlar verib. O, son sərhəd döyüşündə bütün məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışaraq, ölkəmizin yeni ərazilər tutmaq niyyətinin olduğunu iddia edib. Əlbəttə ki, bu açıqlama məhz İrəvanın yeni hərbi təxribata hazırlaşdığını söyləməyə əsas verir. Xatırladaq ki, Ermənistan ordusu sentyabrın 12-dən 13-nə keçən gecə dövlət sərhədində genişmiqyaslı təxribat törətməklə, sülh prosesinə böyük zərbə vurmuş oldu. Paşinyan sözdə sülh sazişindən, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğundan danışır, əməldə isə hərbi təxribatlarla sülh prosesinin irəliyə aparılmasına mane olur, sərhədlərin delimitasiya və demarkasiyasından yayınır.
O, çıxışında Azərbaycan tərəfinə müraciətlə "Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız?", deyib.
Paşinyanın BMT Baş Assambleyasında çıxışı Ermənistan daxilində də tənqid olunub.
Erməni politoloq Beniamin Matevosyan bildirib ki, Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı onun 14 sentyabr 2022-ci ildə Ermənistan parlamentində çıxışının məntiqi davamı oldu: "Paşinyan həm müharibəni, həm də sülhü uduzub. Müttəfiqlərlə dalaşdı, yenilərini tapmadı. Paşinyan artıq iki dəfə açıq şəkildə etiraf edib ki, onun bütün xarici və daxili siyasəti, hesablamaları və planları iflasa uğrayıb, bu da öz növbəsində "düşmən iştahının" "yeni zirvələri fəth etdiyi" bir şəraitdə dövlətin müharibə astanasında olması deməkdir. Ermənistanın strateji və təbii müttəfiqi şəxsən Nikol Paşinyana etibar etmir".
B.Matevosyana görə, Baş nazir uğursuz olduğunu etiraf etdi, lakin bu, onun gedəcəyi anlamına gəlmir: "Hətta yeni müharibə də onu özbaşına getməyə məcbur etməyəcək, bu, faktdır".
Politoloq Suren Sarkisyan isə sosial şəbəkədə yazıb ki, Paşinyan çıxışında əsas üç mesaj verdi: "1. Sülhlə bağlı hakimiyyət konsepsiyası "ölü doğulub", 2. Hakimiyyət Ermənistanın müdafiəsini təşkil etməyi bacarmadı, 3. Hakimiyyət diplomatiyanı və bütün danışıqlar prosesini iflasa uğratdı. Digər məsələlər yuxarıdakı üç mesajın nəticəsi idi".
Ermənistan parlamentindəki "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan: "Bu hakimiyyət özünün müharibələr dövrü ilə ölkəni elə bir vəziyyətə gətirib çıxarıb ki, erməni xalqının sadəcə olaraq seçmək hüququ yoxdur. Mövcudluq mübarizəsi Ermənistanın dayanıqlığına bərpası mümkün olmayan ziyan vuracaq güzəştlərlə yeni dağıdıcı müharibə arasındadır".
Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə bunları deyib: "Primitiv və dəyərsiz bir mətn. Utancverici performans. Rusiya haqqında axmaq zarafatlar.
Ordunu buraxan, xarici siyasətdə uğursuzluğa düçar olmuş, "demokratiya"ya ümid bəsləyən ağılsız".
çap et