İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin edilib. Əslən Təbriz şəhərindən olan mətbuat katibi Behnam Məlikpur buna qədər İranın Xarici İşlər Nazirliyində çalışıb. Daha əvvəl isə nazirliyin xətti ilə səfirlikdə müvəqqəti təcrübədə olub. Eyni zamanda İran prezidentinin Azərbaycana iki səfəri zamanı tərcüməçi kimi heyətdə yer alıb.
B.Məlikpur "525"ə deyib ki, İran və Azərbaycan eyni mədəniyyətin, dinin, ənənələrin daşıyıcılarıdır. Buna görə də Azərbaycanı özümüzün doğma diyarımız hesab edirik: "Bakıda hansısa məkana, məsələn, restoranlara gedəndə özümüz və ailəmiz çox rahat olur".
B.Məlikpur əlavə edib ki, işinin ağırlığını da bilir: "Azərbaycan mustəqillik əldə etdikdən bu yana İran-Azərbaycan münasibətlərində müəyyən eniş və yoxuşlar olub. Bunun bir sıra səbəbləri var. Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın işğal altında olub və ölkə çox ağır günlər yaşayıb. Bu işğala son vermək üçün diplomatik, siyasi və hərbi cəhətdən səylər göstərib. İran dövləti və xalqı daim Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib. Bizim Ali lider Seyid Əli Xamenei də Qarabağın Azərbaycanın, islam dünyasının ayrılmaz bir hissəsi olduğunu hər zaman bəyan edib. Bu torpaq uğrunda həlak olanları şəhid adlandırıb. Azərbaycan bizə doğmadır. Lakin təəssüf ki, bəzi qüvvələr rəqabət və yaxud düşmənçilik hissi ilə daim çalışırlar ki, İran və Azərbaycan arasında bir sıra maneələr yaratsınlar, əlaqələrimizə kölgə salsınlar. Amma Azərbaycanın yüksək siyasi rəhbərliyi hər zaman bu məsələ ilə bağlı iradə göstərib, əlaqələrimizin inkişafı istiqamətində lazım olan addımlar atılıb".
Diplomat vurğulayıb ki, bu gün bizim çox sayda ortaq iqtisadi layihələrimiz var. Başlıca olaraq isə energetika, nəqliyyat sahəsində çox önəmli və əhəmiyyət verdiyimiz layihələr vardır ki, bunlar təkcə ikitərəfli deyil, regional və bəlkə də beynəlxalq səviyyədə qiymətləndirilməlidir: "Xüsusilə Şimal-Cənub dəhlizi, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini vurğulamaq istərdim. Bunlar ölkələrimizin, xalqlarımızın milli maraqlarına cavab verəcək birgə layihədir. Bununla yanaşı, ticarət əlaqələrimiz də çox yüksək səviyyədədir. İş adamları üçün Azərbaycan bazarı daim cəzbedici olub. Pandemiyaya görə gediş-gəlişdə bir qədər məhdudiyyət yaransa da, ümid edirik ki, artıq pandemiya zəiflədiyi üçün bu sahədə də bəzi addımlar atılacaq".
B.Məlikpur iki ölkə münasibətlərinin dostluq səmimiyyətə əsaslandığını söyləyib. Onun sözlərinə görə, bəzən qeyri-rəsmi səviyyədə səsləndirilən hər hansı fikir küskünlük yaradır: "Hər hansı bir rəsmi mövqelərdə bəzən neqativ fikirlər səslənəndə, yaxud dəqiqləşdirilmədən bir fikir yayılanda küskünlük yaranır. Qarşılıqlı olaraq bu, baş verir. Ancaq dediyim ki, bunda maraqlı olan üçüncü qüvvələr də var, biz gərək onların oyunlarına uymayaq. Bizim özümüzün milli maraqlarımız var, qarşılıqlı əlaqələrimizi, ikitərəfli münasibətlərimizi bunların hamısından üstün tutaq. Ona görə ki, bizim ortaq tariximiz, mədəniyyətimiz, qohumluq əlaqələrimiz mövcuddur, get-gəl var. Biz heç vaxt bir-birimizə yad qonşu, yaxud xalq kimi baxmamışıq. İran və Azərbaycan xalqları olaraq daim qarşılıqlı səfərlər zamanı sanki öz ölkəmizdə, şəhərimizdə, doğma diyarda olduğumuzu hiss edirik. Yad, əcnəbi baxışı mövcud deyil".
Diplomat vurğulayıb ki, ifadə azadlığına qarşı çıxmaq olmaz, amma bizim üçün önəmli olan rəsmi şəxslərin rəsmi mövqeləridir: "Rəsmi mövqelərdə isə neqativ fikir yoxdur. Daim qarşılıqlı olaraq rəsmi mövqelərdə ölkələrimizin ərazi bütövlüyünə, milli suverenliyinə dəstək vermişik. Qeyri-rəsmi mövqelərin bir qismi ifadə azadlığına dayanır ki, hər kəs öz fikrini səsələndirə bilər. Amma əfsus olsun ki, bəzən yanlış dəyərləndirmələr əsasında ideologiyalara xidmət etmək prosesində fikirlər səslənir ki, bu da bizə xoş deyil. Amma ifadə azadlığı baxımından qarşısını da almaq olmur. Mən təklif edərdim ki, iki ölkənin KİV-ləri arasında əlaqələrin artırılması üçün birgə komissiya, yaxud bir qurum yaradılsın. XİN-lər də buna dəstək versin və bu çərçivədə müzakirlər aparaq. Bəlkə də bununla həmin məsələlər öz həllini tapar. Lakin biz istəsək də, istəməsək də, üçüncü tərəflər, təxribatçı qüvvələr daim fəaliyyət göstərəcəklər. Bir qədər fikir verməmək lazımdır. Önəmli olan dövlət rəsmilərinin mövqeləridir ki, biz də bunu müsbət qiymətləndiririk".
B.Məlikpur düşünür ki, başqa bir məsələ birinci əldən informasiyanın alınmasıdır: "Məsələn, sual ünvanlananda deyirlər ki, mövzu sosial şəbəkədə yayılıb. Əgər sosial şəbəkə bizim qaynağımız olacaqsa və ona dayanaraq sual irəli sürəcəyiksə, bu, hansısa xoş günlərin vədin verməyəcək. Çalışaq ki, rəsmi qaynaqlara istinad edək. Sosial şəbəkədəki təxribatçı qüvvələrə uymamalıyıq. İnsanlarımız qarşılıqlı səfərlər zamanı görürlər ki, sosial şəbəkələrdə yayılan aşırı ekstrimis fikirlər doğru deyil. Reallıq tamam başqadır. Çalışacam ki, bu işdə səylər göstərim, birgə layihələr həyata keçirək, qarşılıqlı səfərlər reallaşdıraq".
çap et