525.Az

Polşada VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib


 

Polşada VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib<b style="color:red"></b>

Polşanın Varşava şəhərində təşkil olunan "Türk dünyası araşdırmaları - multidissiplinar perspektivlər" VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində  çoxsaylı panellərdə Azərbaycan nümayəndələri fəal təmsil olunub.   

Tədbirin plenar sessiyasında Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək, Azərbaycanda türkoloji elmlərin müasir dövrdə vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Konqres çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunmuş panel keçirilib. Paneldə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  nümayəndəsi Vəfa Quliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü  Məleykə Əlizadə, AMEA-nın elmi işçiləri Əhməd Qəşəmoğlu və Tahirə Məhəmməd, eləcə də Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova iştirak edərək Qarabağın yazılı abidələri, maddi və mədəni tarixi, Şuşa şəhərinin elmi inkişafına təkan verən hadisələr, XIX əsrdə şəhərin ədəbi və sosial həyatında qadınların rolu barədə təqdimatlar edib, müzakirələr aparıblar.

Tədbirdə "Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa" adlı sərginin də açılışı olub.

Bununla yanaşı, Konqres çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndəsi Gülər Abdullabəyovanın müəllifi olduğu və polyak dilində nəşr olunmuş "XIX əsrdə Azərbaycan-Polşa ədəbi əlaqələri" adlı kitabın təqdimatı olub.

Konqresin ikinci günündə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva və nümayəndəsi Gülarə Əmirova,  Varşava Universitetinin nümayəndələri  Şəhla Kazımova və Nərgiz Axundova Orxon Yenisey və Orta əsr türk  abidələrinin tədqiqat tarixi,  Sovet dönəmində Azərbaycanda türkologiyanın vəziyyəti barədə məlumat veriblər.

Keçirilən müzakirələrdə BDU-nun nümayəndəsi Zərifə Nəzirli İkinci Qarabağ müharibəsinin beynəlxalq mediada işıqlandırılması, Azərbaycan Tibb Universitetinin nümayəndəsi Səkinə Əliyeva və AMEA nümayəndəsi Aynur Mahmud türk dialektologiyasının əsasları barədə danışıb, dialektlərin müqayisəli təhlilini aparıblar.  

 





23.09.2022    çap et  çap et