525.Az

ADMİU-nun yeni loqosu təqdim edilib


 

ADMİU-nun  yeni loqosu təqdim edilib<b style="color:red"></b>

Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yeni loqosunun təqdimat mərasimi keçirilib.

Təqdimatda universitet rəhbərliyi, sənətşünaslar, müəllimlər iştirak ediblər. Təqdimatı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi qeydiyyatdan keçməyə hazırlaşır. Bununla əlaqədar olaraq universitetdə bir sıra yenilənmə işləri gedir. Onlardan biri də ADMİU-nun yeni loqosunun hazırlanıb ictimaiyyətə təqdim olunmasıdır. O deyib ki, yeni loqo təqdim olunan bir neçə variant arasından seçilib. Loqonun müəllifi Rəssamlıq fakültəsinin "Dizayn və Dekorativ tətbiqi sənət" kafedrasının baş müəllimi, rəssam-dizayner Ülvi Abdullayevdir. Xanım rektor yeni loqoda ADMİU-nun bütün fakültələrinin və tədris istiqamətlərinin öz əksini tapdığını, müasirlik və minimalizmə önəm verildiyini vurğulayıb. O bildirib ki, universitetin keçmiş loqosu 50 ildən artıq müddətdə istifadə edilib. İndi isə sürətlə dəyişən zamana uyğunlaşmaq üçün, həmçinin, universitetin fəaliyyət istiqamətlərinin artması səbəbindən yeni loqonun hazırlanması məqsədəuyğun görülüb.

Sonra yeni loqonun müəllifi Ülvi Abdullayev çıxışında loqo haqqında məlumat verib. O bildirib ki, artıq müasir dövrdə bütün dünya minimalizmə üz tutur. Məhz bu məqsədlə ali təhsil ocağının yeni loqosu da həm incəsənətin bütün növlərini əks etdirmək baxımından, həm də minimalist yanaşma baxımından aktual hesab edilir. Ü.Abdullayev onun hazırladığı loqonu seçdikləri üçün ADMİU rəhbərliyinə öz təşəkkürünü bildirib.

Universitetin prorektoru, professor Gülşən Əliyeva-Kəngərli çıxışında bildirib ki, ADMİU-nun keçmiş loqosu 50 il müddətində universitetin siması kimi istifadə edilib. O, özünün həm tələbəlik, həm də müəllimlik dövründə bu loqodan istifadə etdiyini bildirib və yeni loqonun da aktuallığını vurğulayaraq qeyd edib ki, əsas odur bu loqo altında daha böyük işlər görək.

Daha sonra prorektorlar Sədaqət Əliyeva, Nigar Rüstəmova, rektorun müşavirləri Sevil Kərimova və Validə Məmmədova, ADMİU-nun kafedra müdirləri Rafiq Quliyev və Əli Əmirli çıxış edərək, yeni loqo haqqında öz fikirlərini bildirib, universitetə bu loqo altında görəcəyi gələcək işlərində uğurlar arzulayıblar.

 

 





24.09.2022    çap et  çap et