525.Az

Rusiyada hərbi səfərbərlik - Xaqani Cəfərli yazır


 

Rusiyada hərbi səfərbərlik - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də xalqa müraciət edərək qismən hərbi səfərbərlik qərarı verdiyini açıqladı. Dövlət başçısının bu qərarı Rusiya əhalisi və beynəlxalq ictimaiyyət üçün sürpriz olmadı. Əksinə, Putinin xalqa sentyabrın 20-də müraciət edəcəyi gözlənilirdi.

Kreml rəsmiləri prezidentin xalqa müraciətinin hansı səbəbdən təxirə salındığına aydınlıq gətirmədikləri üçün şayiələrə səbəb olmuşdu. Sentyabrın 21-də isə dövlət başçısı xalqa müraciət edərək qismən hərbi səfərbərlik elan etdi. Prezident Putinin bu qərarı gözlənilən olsa da, bütün dünyada və Rusiyada geniş rezonas doğurdu. Çünki Şanxay Əməkdaşlıq Təşilatının Səmərqənd sammitindən sonra Ukraynaya qarşı müharibənin səngiyəcəyi ilə bağlı zəif ümidlər yaranmışdı. Səmərqənddə Vladimir Putinlə görüşən Hindistanın Baş naziri Narendra Modi Ukraynaya qarşı müharibəni dayandırmağa çağırmış, Rusiya prezidenti də savaşı dayandırmaqda maraqlı olduqlarını ifadə edən cavab vermişdi. Məlumatlara görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Putinlə görüşdə Ukraynaya qarşı müharibəni dayandırmağı təklif edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirmişdi ki, Səmərqənddə Rusiya prezidenti ilə geniş söhbət edib və Putinin müharibəni dayandırmağa hazır olduğu qənaətinə gəlib. Lakin bütün bu ümidlər doğrulmadı və Putin qismən səfərbərlik haqqında fərman imzaladı.

Bu, 1941-ci ildən sonra Rusiyada ilk dəfə olaraq elan olunan hərbi səfərbərlikdir. Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ehtiyatda olan 300 min hərbçi səfərbər ediləcək. Rusiyanın müstəqil mediası isə ehtiyatda olan bir milyon hərbçinin səfərbər ediləcəyini bildirib. Bu isə o deməkdir ki, Ukraynaya qarşı müharibə qızışa bilər. Lakin bir çox hərbi ekspertlər səfərbərliyin faydalı olacağına şübhə edirlər. Çünki Putinin iqtidara gəldikdən sonra 20 il ərzində 1.1 trilyon dollar sərf edərək qurduğu və dünyanın ikinci ən güclü ordusu hesab olunan Rusiya ordusu yeddinci ayı tamam olmaqda olan müharibədə Ukraynaya qalib gələ bilməyib. NATO-ya qarşı müharibə üçün hazırlanmış, La-Manşa qədər gedib çıxacağı iddia olunan 1-ci Qvardiya Tank Ordusunu Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında darmadağın edib. Rusiya ordusu ilk böyük itkisini Kiyev ətrafında vermişdi. O zaman Rusiya ordusunun ən döyüş qabiliyyətli birlikləri hesab olunan desant qoşunları məhv edilmişdi. Xarkov ətrafında isə 1-ci Qvardiya Tank Ordusu məğlub edildi. Bu məğlubiyyət o qədər güclü olub ki, 1-ci Qvardiya Tank Ordusununun özəyini təşkil edən məşhur Kantemirov tank diviziyası və Tamansk qvardiya motoatıcı diviziyası Xarkov ətrafında ən azı 442 ədəd hərbi texnikasını ataraq qaçıb.

Hərbi ekspertlər belə bir vəziyyətdə məcburi şəkildə hərbi xidmətə çağırılan 300 min nəfərin Rusiyanın qalib gəlməsini təmin edə bilməyəcəyini bildirirlər. Çünki 50 yaşınadək kiçik zabitlərin, 55 yaşına qədər mayor və polkovnik-leytenantların, 3-cü dərəcəli kapitan və 2-ci rütbəli kapitanların, 60 yaşına qədər polkovnik və 1-ci dərəcəli kapitanların, 65 yaşından yuxarı generalların hərbi xidmətə çağırılacağını nəzərə alsaq, bu 300 minlik insan kütləsinin döyüş qabliyyətinin nədən ibarət olacağını müəyyən etmək çətin deyil.

Putinin səfərbərliklə bağlı xalqa müraciətində Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranacağı halda nüvə silahından istifadə edəcəklərinə işarə etməsi də 300 min nəfərin səfərbərliyinə Kremlin də böyük ümidlər bağlamadığını aydın göstərir. Bu 300 minlik çağırışçının döyüş qabiliyyətli ordu olmayacağını müəyyən etmək mümkün olduğu kimi, 300 min mülki insanın məcburi şəkildə hərbi xidmətə çağırılmasının Rusiya cəmiyyətində güclü təsir doğuracağı ehtimal edilir. Bu proses artıq başlayıb. Hərbi səfərbərlik elan edildikdən sonra Rusiyadan qaçış başlayıb. Sosial şəbəkələrdə və müstəqil mətbuatda yer alan məlumata görə, Rusiyanın Gürcüstan, Finlandiya və Qazaxıstanla sərhədində kilometrlərlə avtomobil növbəsi yaranıb. İnsanların çoxu sərhədə taksi ilə gələrək dövlət sərhədini piyada keçir. Tolyatti sakini Qazaxıstanın "My City" nəşrinə deyib ki, "səfərbərlik elan olunan kimi" Rusiyanı tərk etmək qərarına gəlib. Qazaxıstan sərhədi istiqamətində 100-ə yaxın avtomobil görüb. Rusiyanı tərk edən şəxs sürücülərin əksəriyyətinin gənc kişilər olduğunu, bəzilərinin yanında qadınlar da olduğunu görüb. Bu isə o deməkdir ki, insanlar ailələri ilə birlikdə Rusiyanı tərk edirlər.

Sentyabrın 22-də Rusiyadan Finlandiya istiqamətində 4824 avtomobil keçib. Halbuki bir qayda olaraq həftə ərzində 3000-ə qədər avtomobil keçirdi. İndi isə bir gün ərzində keçid həftə ərzində keçiddən 60 faiz çoxdur.

Qərb dövlətləri isə qismən hərbi səfərbərliyə cavab olaraq Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarı verib. Eyni zamanda, Ukraynaya hərbi dəstəyin artırılacağı ilə bağlı yüksək vəzifəli şəxslər ard-arda açıqlamalar verirlər. Rusiyada isə vətəndaş cəmiyyətinin təmsilçiləri hərbi səfərbərliyi boykot etməyə, xalqı etiraz aksiyalarına çağırırlar. Belə görünür ki, Ukraynada müharibə qızışacaq və Rusiya ilə Qərb arasında qarşıdurma güclənəcək. Bu isə heç şübhəsiz ki, bütün bölgə ölkələrinə mənfi təsir göstərəcək.

 





24.09.2022    çap et  çap et