525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucovdan yeni yazı


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucovdan yeni yazı</b>

Ön söz

 

Bəşər tarixini bəzəyən görkəmli şəxsiyyətlər göy qübbəsindəki ulduzlara bənzəsələr də, onların sayı o qədər çox deyildir, ən azı miriad miqdarında deyildir. Onların keçdiyi həyat yolundan, mübarizəsindən, insana münasibətindən və hərbi igidliklərindən biz çox şey öyrənirik. Bu məsələdə antik dünyanı təmsil edənlərdən bəziləri həm də sonrakı minilliklərdə gələn böyük şəxsiyyətlər üçün nümunə rolunu oynamışlar. Dahi sərkərdə, öz qələbələri ilə Böyük Karldan sonra Avropanı birləşdirməyə çalışan  və əsasən, buna nail olan Napoleon özünü, tarixdəki sələfləri olan Makedoniyalı Aleksandra və Qay Yuli Sezara oxşatmağa çalışırdı. Bədbəxtlikdən, ya xoşbəxtlikdən, ambisiyalarını cilovlaya bilmədiyindən məğlubiyyətlər girdabına düşməklə sürgün həyatı yaşamağa məcbur oldu və bütün Avropanı idarə etmək istəyən bir adam, Müqəddəs Yelena adasında tənhalıq mühitində dünyanı tərk etməli oldu. Onun böyük təqlid hədəfləri olan sərkərdələr isə bir dəfə də olsun  oxşar məğlubiyyət acısını dadmamışdılar.

Təəssüf ki, hərbin, militarizmin dünyaya, bəşəriyyətə vurduğu ciddi ziyanlara, şəhərləri xaraba qoymasına, qan çayları axıdıb, insana həyat verən mayedən dənizlər yaratmalarına baxmayaraq, tarix boyu onları təmsil edənlər daha çox təbliğ olunduqlarından, insan şüurunda özlərinə məqsədlərindən fərqli olaraq elə yuva qurmuşlar ki, o, hacıleylək yuvası kimi hətta uzaq məsafədən də görünür.

Lakin bəzi şəxsiyyətlər onların tam əksi olmaqla, öz həyatlarını xalqının, vətəninin azadlığı uğrunda mübarizəyə sərf etmiş, min illər bundan əvvəl insan ləyaqətinin yüksəlməsinə yol açan cəmiyyətlərin yaranması və qorunması üçün ehtiraslı fəaliyyətdən bir an da olsun uzaqlaşmamışlar. Əslində, onlar daha geniş təbliğ olunmalı, onların həyatı sonrakı nəsillər, müasir insanlar üçün yol göstərən ulduz rolunu  oynamalıdır. Onlar nə insan qırğını törətmiş, nə də abad məskənləri xaraba qoymuş, nə böyük ərazilər işğal etmiş, nə də bütöv xalqları işğal asılılığında yaşamağa məcbur etmişdilər. Onların yeganə arzusu öz xalqlarının azadlığı, dövlətlərinin müstəqilliyinə xələl gəlməməsi olmuşdur, bu mübarizədə onlar ittihamlarla, böhtanlarla üzləşmiş, lakin tutduqları haqq yolunu tərk etməmiş, buna görə həyatdan getmək lazım gəldikdə, bir an da olsun tərəddüdə yol verməmişdilər.

Afinanın böyük siyasi xadimi Perikl doğma şəhər-dövlətində demokratiyanın təntənəsi üçün əlindən gələni etmişdi. Elə bil ki, o, zaman maşınında səyahət etməyi bacarırmış, bu maşın indi dəbdə olan qaydada keçmişə deyil, məhz  onun nəzərinin tələbatı ilə gələcəyə ünvanlanmışdı. Onun bilavasitə səyi ilə, buna görə onu təqsirləndirənlər də az deyildi, əsərləri bizim dövrümüzə gəlib çıxan əsl dahiyanə sənət məktəbi yaratmışdı. Onun tikdirdiyi Parfenon zamanın və insanların dağıdıcı təsiri ilə malik olduğu gözəlliklərin çoxunu itirsə də, adamı valeh edən arxitektura incisi kimi indi də dünyanın öyündüyü  bənzərsiz memarlıq əsəri olaraq qalır. Perikl zamana qalib gəlməyi bacarsa da, ağır epidemik xəstəlik qarşısında aciz qalmaqla, dünyanı tərk etdi. Lakin onun demokratiya ilahəsinə sitayişi, Afinanı gözəlləşdirmək sahəsindəki əməlləri, onun mənəvi dünyasının pozulmaz xüsusiyyətləri nəinki itdi, əksinə, bəşəriyyət naminə göstərilən xidmət kimi yaşadı, milyonlar üçün ibrət və pərəstiş nümunəsi oldu.

Yaxud Afinanın IV əsrdəki böyük natiqi Demosfen öz dövlətinin müstəqilliyi, həm də bütün Yunanıstanı azad görmək naminə öz dövrü üçün divi xarakterizə edən iki Makedoniya hökmdarına - ata və oğul olan Filippə və Aleksandra qarşı ölümcül mübarizə aparmalı oldu. Filipp artıq xeyli gücə yiyələnmiş bir dövlətin çarı, qüdrətli ordunun sərkərdəsi idi. Aleksandr əraziləri işğal etməklə üç qitədə özünün nəhəng imperiyasını yaratmışdı. Demosfenin isə malik olduğu yeganə silah onun natiqliyi idi. Gənc, cılız David timsalında olan bu adam, əslində filistimli nəhəngi təmsil edən iki Qollafa qarşı vuruşmuşdu. Daviddən fərqli olaraq, o, qeyri-mütənasib, olduqca böyük güc qarşısında məğlub olmalı, həyatdan getməli idi. Lakin onun Afinanın azadlığı uğrunda mübarizəsi artıq bizim eranın ikinci minilliyinin XIX yüzilliyində bütün Yunanıstanın Osmanlı zülmündən xilas olması hərəkatında da ilhamverici ruhu ilə öz əksini tapmaqla, dörd yüzillik əsarətə son qoymaqla, qələbə ilə başa çatdı.

Bir həqiqəti etiraf etmək lazımdır ki, hərbi xadimlər, böyük sərkərdələr, fatehlər çaldıqları  qələbələr hesabına insanların xatirəsində daha böyük yer tutur, işğal etdikləri ərazilərin böyüklüyü onların tarixi fiqurasının da nəhəng ölçülər almasına səbəb olur. 20 yaşında Aleksandr atasının qətlə yetirilməsi nəticəsində Makedoniya taxt-tacına yiyələndi, Yunanıstanda hegemonluq etməklə kifayətlənməyib, Kiçik Asiyaya keçdi, böyük Persiya imperiyasını tarixdən sildi, Misiri tutdu, Hindistanın şimalını işğal etdi. Persiyaya hücum ideyası xeyli əvvəl də mövcud idi, atası Filipp bunu özünün hərbi gündəliyinə salmışdı, lakin qatilin bıçaq zərbəsi ilə ölümü həmin planı həyata keçirməyə imkan vermədi. Aleksandr təkcə özünün yeni imperiyasını yaratmaqla kifayətlənməyib, Qərblə Şərqi birləşdirmək istəyirdi. Bu məqsədlə o, bir sıra qəribə görünən tədbirlərə də əl atmışdı. Paradoks orasındadır ki, onun şöhrəti  Şərqdə daha geniş yayılmışdı, işğal etdiyi ölkələrin xalqları onun real nailiyyətlərini rəvayətlər hesabına böyüdərək, ona fövqəl bəşər qiyafəsi geyindirilmişdi. Lakin bu dahi insanın qeyri-adi xarakter daşıyan uzaqgörən ideyası bütünlüklə həyata keçməsə də, onun bəhrəsi kimi Aleksandr özündən sonra Ellinizm adlı böyük irsi qoyub getdi. Yaratdığı imperiya öz ölümündən sonra tezliklə parçalansa da, Ellinizm yaşamaqda davam etdi, Yaxın Şərqə və Misirə xeyli elmi və mədəni təsir göstərdi.

Bəzi sərkərdələr döyüş səhnəsində qazandığı qələbələrdən də daha çox, vətəninə sədaqət sahəsindəki əvəzsiz xidməti və humanizmə yad olan müharibənin özündə də insanpərvərliyə qayğı göstərməsi ilə fərqlənmişlər. Qədim Romanın bizim eradan əvvəlki V əsrin sonu və IV əsrinin əvvəllərində dəfələrlə hərbi diktatoru olmuş Mark Furi Kamill Romanın qallara az qala bütünlüklə təslim olmasına imkan verməmiş və onları İtaliyadan qovmuşdu. Faleri şəhərini mühasirədə saxladıqda, şəhərə xəyanət etməyi planlaşdırmış və bu məqsədlə onun yanına gəlmiş müəllimi alicənablıq göstərərək cəzalandırıb, şagirdlərlə birlikdə geri qaytarması, şəhər sakinlərinə böyük təsir göstərdiyindən, onlar vuruşmadan şəhər qapılarını onun üçün açmışdılar. Kamill öz hərəkəti ilə gələcək  azğın sərkərdələrə insanıq dərsi vermiş, müharibədə də bəzi qanunların mövcud olduğunu göstərmişdi.

Qay Yuli Sezar b.e.ə. I əsrdə Romanın böyük sərkərdəsi kimi Qalliyanın nəhəng ərazisini işğal etmiş, Britaniya adalarına keçmiş, öz ölkəsində vətəndaş müharibəsinin başlanmasına səbəb olmuş, Yunanıstandakı Farsalda oraya qaçmış, əvvəlki müttəfiqi, sonralar isə rəqibi olan Pompeyi məğlub etmiş, İspaniyada və Şimali Afrikada pompeyçilər üstündə qələbə çalmışdı. Sezar öz düşmənlərini əfv etməyi də bacarırdı, onun şöhrətləndirən xüsusiyyətlərindən biri clementia adlanan mərhəmətliliyi idi. Lakin Sezar çar olmaq eşqinə düşdü və bu, onun sui-qəsd nəticəsində həyatla vidalaşmasına səbəb oldu.

Haqqında danışılan şəxsiyyətlər böyük olduqları kimi, həm də mürəkkəb təbiətə və müqayisəyə gəlməz qabiliyyətlərə malik idilər. Bu, heç də o demək deyildir ki, onlar bütün qüsurlardan da xali idilər. Onlar insan olmaqla, bəşər övladına xas olan zəifliklərdən və qüsurlardan da tam uzaqlaşa bilməmişdilər. Lakin onların portretlərinin palitrası olduqca zəngindir və bu görkəmli insanlardan öyrənilməsi şeylər də az deyildir.

 

PERİKL

 

Bizim eradan əvvəl V əsrin ikinci yarısında iki onilliyə yaxın müddətdə  Afina şəhər-dövlətinə rəhbərlik etdiyi dövrdə Perikl, bu məkanın beşiyi olduğu hesab edilən  demokratiyanı daha da inkişaf etdirmişdi. Ona görə də tarixçilər həmin zaman kəsiyini Perikl erası adlandırırlar. Həqiqətən də bu illər Afina hakimiyyətinin yüksəlməsi, daha qüdrətli olması və bu sivilizasiyasının parlamasının kulminasiya nöqtəsi oldu. Görkəmli siyasətçinin səyi  və yenilməz iradəsi hesabına dövlətin idarə olunmasında demokratik sistem daha da çiçəkləndi.

Perikl erası dövründə afinalılar idrəçiliyin demokratik qaydalarına dərindən vuruldular. Xalqın suverenliyi, hökmranlığı özünü eklesiya adlanan baş məclisdə (Xalq yığıncağında) göstərirdi. Həmin eranın 18 ili ərzində kişi cinsindən olan bütün vətəndaşlar ona daxil idi. B.e.ə. 440-cı illərdə bu qrupun sayı 43 min nəfərə yaxın idi. Akropoldan şərqdə, təpə tərəfdə aparılan baş məclis, başqa sözlə, həmin yığıncaqlar keçirilirdi. Onlarda heç də hamı gəlib iştirak edə bilmirdi və iştirak edənlərin sayı nadir hallarda 6 min nəfərdən çox olurdu və yığıncaq yeri də yalnız o qədər adamı tuturdu. Baş məclis bütün qanunları qəbul edir, müharibə və xarici siyasət barədə son, həlledici qərarını verirdi. Burada hər bir adam danışa bilərdi, adətən, bunu yalnız hörmətli liderlər edirdi, çünki belə çox adamın olduğu yerdə bir şərt kimi danışmaq qabiliyyəti də tələb olunurdu.

Xalq yığıncağı Afinada ali hakimiyyəti təmsil edirdi və verilən qərarlar çoxluğun iradəsinin bəhrəsi idi. Azlığın deyil, çoxluğun hakimiyyəti demokratiyanın təməl prinsipi idi. Perikl isə məhz belə hakimiyyətin mövcudluğu və təzahürü ilə fəxr edirdi.

Afina əsrin əvvəlində, b.e.ə. 480-cı və 440-ci illərdə böyük və qorxulu sınaqlara cəlb edilmişdi. Persiyalılarla 480-ci ildəki müharibədə qalib gəldikdən sonra, Afina yeni liderliyini sübut etmək üçün Delos Liqası adlanan konfederasiya yaratdı. B.e.ə. 478-477-ci illərin qışında yaradılan bu Liqada əvvəldən Afina dominantlıq edirdi. Liqanın baş qərargahı İoniya yunanları üçün (Kiçik Asiyanın qərbində olan şəhər -dövlətlərin yerləşdiyi ərazi İoniya adlanırdı) müqəddəs olan Delos adasında yerləşsə də, baş idarələr, xəzinə və həm də donanma komandanlığı Afinada idi. Ona məxsus olan, 300 gəminin də çoxunu Afina vermişdi. İri dövlətlər üzv kimi Liqaya pul ödəyirdi.

Afinanlıların liderliyi altında Delos Liqası Persiya imperiyasına qarşı hücuma meyl edirdi, çünki iki dəfə onun təcavüzünə məruz qalmışdı. Bu vaxt faktiki olaraq Egey dənizi adalarındakı bütün yunan dövlətləri Persiyanın nəzarətindən azad olunmuşdu. Persiya donanması və ordusu isə b.e.ə. 469-cu ildə Kiçik Asiyanın cənubunda qəti surətdə məğlub edilmişdi. Beləliklə, əslində, Persiya təhlükəsi artıq arxada qalmışdı. Afina ona çalışırdı ki, heç bir dövlət Liqadan ayrılmasın. Tezliklə Liqa Afina imperializminin alətinə və həmin imperiyanın aparıcı qüvvəsinə çevrildi.

Bu siyasəti afinalılar bəyənirdilər, xüsusən b.e.ə. 450-ci ildən isə Perikl adlı aristokrat bu şəhər-dövlətdə mühüm siyasi rol oynamağa başlayandan Afinanın Liqada əhəmiyyəti daha da böyümüşdü.. Periklə qədər, Klisfen islahatı ilə şəhərin 10 tribasından (bölgəsindən) seçilmiş 500-lər Şurası fəaliyyət göstərirdi və onun xalq yığıncaqlarının təşkilində xeyli səlahiyyətləri var idi. Baş məclisdən keçən qərarların icrasına hər triba nəzarət edirdi.

Şəhərin icra orqanı olan magistratlar, adətən, sinifləri nəzərə almadan seçilirdi və onun həmin tərkibdəki fəaliyyəti yalnız bir il davam edirdi. Kişi cinsindən olan vətəndaşların çoxu həyatının hansısa bir dövründə ictimai vəzifə daşıya bilirdi. On nəfərdən ibarət vəzifə şurası isə generallar kimi tanınırdı, onlar strateq adlanırdılar və dövlət işlərini aparmaq üçün ictimai qaydada seçilirdilər. Generallar, adətən, varlı adamlar olurdu, lakin xalq sərbəst qaydada başqalarını da seçə bilərdi. Həm də generallar təkrarən seçilmək hüququna malik idilər, bununla da fərdi liderlik mühüm siyasi rol oynamağa qadir olmuşdu.. Perikl 15 dəfə ardıcıl olaraq on generaldan biri olaraq seçilmişdi və daha böyük dövr ərzində, b.e.ə. 461-ci illə 429-cu il arasında o, aparıcı siyasətçilərdən biri idi.

(Ardı var)

 

 





25.09.2022    çap et  çap et