525.Az

Nüvə müharibəsi təhlükəsi artır


 

Nüvə müharibəsi təhlükəsi artır<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində nüvə silahından istifadə edə biləcəklərinə işarə vurub. Əgər bundan əvvəl rusiyalı ekspert və siyasi təhlilçilər nüvə silahından istifadə edilə biləcəyi haqqında açıqlama verirdilərsə, indi artıq dövlət başçısı da bu barədə danışır. Çox maraqlıdır ki, Rusiya rəsmilərinin nüvə silahı ilə bağlı açıqlamaları artıq Qərbdə narahatlıq doğurmur. ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə hədəsinin Ukraynaya hərbi dəstək göstərmələrinə təsir etməyəcəyini bildirib: "Rusiyadan eşidilən bəyanatlar bizim beynəlxalq tərəfdaşlarımız və müttəfiqlərimizlə Ukraynaya öz ölkəsini müdafiə etmək üçün lazım olan dəstəyi vermək üçün yaxından işləməyə davam etmək öhdəliyinə təsir etmir". General Patrik Rayder bildirib ki, Ukraynanın nəyə ehtiyacı olduğuna dair ukraynalı həmkarlar, beynəlxalq tərəfdaşlar və müttəfiqlərlə açıq və cəsarətli dialoqu davam etdirirlər.

ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Vladimir Putin müharibənin diplomatik həll yollarını axtarmaq əvəzinə, münaqişəni daha da qızışdırır. Blinkenin sözlərinə görə, səfərbərlik elanı və nüvə silahından istifadə ilə bağlı birbaşa təhdidlər bunu aydın göstərir. ABŞ dövlət katibi bildirib ki, "bu müharibəni bir adam - Vladimir Putin başlayıb və yalnız o, könüllü şəkildə dayandıra bilər". O, həmçinin deyib ki, müdafiə etmək üçün burada olduğumuz beynəlxalq nizam gözümüzün qabağında dağılır. Blinken vurğulayıb ki, Putin müharibənin təşəbbüskarı kimi buna görə məsuliyyət daşımalıdır.

Blinken Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna sistematik zərbələr endirməsinə işarə edərək, bunu Rusiyanın növbəti dəfə beynəlxalq hüququ kobud şəkildə pozması adlandırıb. ABŞ dövlət katibi vurğulayıb ki, əgər BMT Rusiyanın Ukraynaya müdaxiləsi zamanı sərhədlərin toxunulmazlığı prinsipini qorumasa, bu, digərlərinə də sərhədlərin özbaşına yenidən cızılmasında sərbəstlik verəcək. Blinken bildirib ki, BMT Təhlükəsizlik Şurası birmənalı şəkildə bəyan etməlidir ki, Ukrayna ərazisinin heç bir hissəsini ilhaq etmək cəhdi qanuni ola bilməz.

Rusiya, Ukrayna və ABŞ rəsmilərinin açıqlamaları göstərir ki, müharibə daha da qızışacaq. Aydın görünür ki, tərəflərin heç biri güzəştə getmək istəmir. Bu isə nüvə müharibəsi ilə bağlı narahatlıqları daha da artırır.

 





25.09.2022    çap et  çap et