|
|
|
|
Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbül sənətdə təkdir, müqayisə olunmazdır. Hətta mən fikirləşirəm ki, yer üzündə Bülbül qədər öz adını doğrulda bilən ikinci bir adam bəlkə də yoxdur. Hər bir möcüzəyə həm də müqəddəslik kimi baxılır. Bülbülün də səsi əsl möcüzə olduğu üçün bu böyük sənətkara "müqəddəs səsin sahibi" sözləri çox yaraşır. Fikrimə o da gəlir ki, oxuyanda bülbül kimi cəh-cəh vurduğuna, bülbül kimi xoş avazlı olduğuna görə bu ad Allah-təala tərəfindən ona sanki bir vəhy kimi göndərilib, bir mükafat kimi bəxş olunub.
Əgər mən, böyüklər bir yana, hələ 7-8 yaşlı bir uşaq ikən Bülbülün səsini ilk dəfə radiodan eşidib, o səsin məlahətinə, gözəlliyinə, şirinliyinə vurulmuşamsa, o səsin ecazını duya bilmişəmsə, bu səs hələ uşaq yaşlarımdan diqqətimi özünə çəkə bilibsə, məni duyğulandırıbsa və əgər 13-14 yaşlarımda Bülbülün ölüm xəbərini eşidib sarsılmışamsa, bu ağır itkinin dərdini çəkmişəmsə, deməli, bu insan başdan-başa heyrət doğuran, möcüzələr yaradan bir sənətkar olub və eyni bir istəklə bu gün də ürəklərdə yaşamaqdadır. Onu da deyim ki, Bülbülün səsi, gözəl ifaları o vaxtlardan, yəni uşaq yaşlarımdan mənim beynimə, ruhuma həkk olunub, duyğularıma, hisslərimə hopub.
Uzun illər hər ayın 26-da (Bülbülün rəhmətə getdiyi rəqəmdir - sentyabrın 26-sı) radionu açıb Bülbülün səsinə qulaq asmışam və hər dəfə də bu anım gününü təsis edənlərə "çox sağ olun" demişəm. Hər anım günündə bu dahi müğənni sanki yenidən dünyaya gəlir. Bax, əsl ölməzlik budur!
Nə vaxt Bakıya getsəm, yolumu mütləq dahi Bülbülün heykəli ucaldılmış küçədən salıram. Heykəlin önündə dayanıb xeyli düşünürəm, Bülbülün adını eşidib səsinə ilk dəfə qulaq asdığım uşaqlıq çağlarımı yada salıram. Yeganə müğənnidir ki, günlərlə, aylarla dinləsən, yorulmursan...
...85 yaşlı Cəmaləddin kişi ilə söhbətimizdə mənim bu hiss və duyğularıma daha bir zənginlik gəldi. Bülbüllə bağlı söhbətimiz bizi daha da mehribanlaşdırdı, doğmalaşdırdı. Çünki düşüncələrimiz, Bülbülə olan sevgimiz, marağımız, zövqümüz, hörmət və ehtiramımız üst-üstə düşürdü.
Sən demə, həmsöhbətim Cəmaləddin kişi Bülbülü təkcə gözəl müğənni kimi deyil, həm də atasının yaxın dostu kimi tanıyırmış. Atası Atamalı kişi Bülbüllə ailəvi dost olublar, bir-birlərinə gediş-gəlişləri varmış.
Mənə dahi müğənni Bülbül haqqında maraqlı xatirələr söyləyən Cəmaləddin Zeynalov Ağsu rayonunda tanınmış ziyalılardandır. Uzun illər rayonda bir çox rəhbər vəzifələrdə işləyib, rayonun ictimai-siyasi və təsərrüfat həyatında yaxından iştirak edib. Uzun illərdir ki, rayonun Veteranlar təşkilatına sədrlik edir və bu gün də xoş amallarla yaşayır.
Yaş fərqimizə uyğun olaraq mən Bülbülün səsini ilk dəfə radiodan eşitdiyim uşaqlıq çağlarımı xatırladım. Cəmaləddin kişi isə Bülbülü lap yaxından gördüyü və hətta dahi sənətkarın ailəsi ilə birlikdə onların evində qonaq olduğu o gözəl çağları böyük fəxrlə yada saldı.
Bülbülü yaxından görmüş, hətta onu evlərində qonaq kimi qarşılamış bir adamla həmsöhbət olmağım, eləcə də Cəmaləddin kişinin Bülbüllə bağlı dedikləri mənə xüsusi zövq verdi.
Cəmaləddin kişinin Bülbüllə bağlı dedikləri xəyalən məni, elə onun özünü də ötən illərə - uşaqlıq və ilk gənclik illərimizə qaytardı. Hər ikimiz çirin xəyallara daldıq, xatirələrimizin işığında dahi Bülbülü gördük. Sanki o, bizim nəzərlərimizdə yenidən dünyaya gəlmişdi.
Cəmaləddin kişi Bülbüllə bağlı o illəri xatırlayaraq dedi: “1949-cu ilin bir yaz səhəri idi. Ağsu rayonunun birinci katibi, Sosialist Əməyi Qəhrəmanı Hüseyn Məmmədov (o, əslən Ordubad rayonundan idi) atamı yanına çağırıb bildirir ki, dostun Bülbül böyük bir konsert briqadası ilə rayona gəlir. O vaxt atam Atamalı Zeynalov Ağsu rayonunun Kəndoba kəndində kolxoz sədri işləyirdi. Atam bu xəbəri eşidəndə qonaqları qarşılamaq üçün dərhal hazırlıq görməyə başladı.
Rayon mərkəzində Bülbülün iştirakı ilə böyük bir konsert oldu. Sonra atam yaxın dostu olan Bülbülü konsert briqadası ilə birlikdə bizim kəndə - Kəndobaya dəvət etdi. Bülbül əmi (mən ona "əmi" deyirdim) bizə gələndə həyat yoldaşı Adilə xanımı və oğlu Poladı da özü ilə gətirmişdi.
Kənddə böyük bir məclis quruldu. Bülbülün gəlişindən xəbər tutan kənd camaatı hamılıqla yığışıb gəlmişdilər bizim həyətə. Yemək-içmək ərəfəsində səsləndirilən musiqi sədaları məclis əhlinə xüsusi zövq verirdi.
Atam olduqca zarafatcıl, deyib-gülən adam idi. O, məclisin şirin yerində Bülbül əmiyə dedi: "Ay Bülbül, sən şirin mahnıları, romansları, dünya xalqlarının mahnılarını onsuz da çox gözəl oxuyursan. Gəlsənə, bu gün, bu gözəl məclisdə, kənd camaatının toplaşdığı bu gözəl gündə gözəl muğamlarımızdan oxuyasan".
Bu söz Bülbül əminin də ürəyindən oldu. Odur ki, tar çalana üz tutub: Bir "Rast" çal, - dedi.
Tar bir anda cuşə gəldi. Bülbül "Rast" muğamı üstündə bu sözləri oxumağa başladı:
Xatirat dəftəri durur qarşımda,
Dolanır dəli bir sevda başımda.
Gözəl Qarabağda cavan yaşımda
Bir gözəl seçdiyim yadıma düşdü.
Gözəl Qarabağın gözəl çiçəyi,
Baxdıqca artırdı ömrün diləyi.
Ona öz sevgimi necə deməyi
Hey ölçüb-biçdiyim yadıma düşdü.
Sonatək uçmuşdu eşqin gölündən,
Adı aşiqinin düşməz dilindən.
İsa bulağında onun əlindən
Su alıb içdiyim yadıma düşdü.
Baxdıqca doymazdım gül yanağından,
Bir güldü, dərmişdim eşqin bağından.
Bir gün evlərinin lap qabağından
Titrəyib keçdiyim yadıma düşdü...
Bülbül muğamı bitirib keçdi xalq mahnısına:
İkisi bir boyda gəzən gözəllər,
Toyda-mağarda süzən gözəllər,
Hər sözə bir söz düzən gözəllər...
...Eyvana çıxdım, gördüm yar gəlir,
Dağlar maralı o maral gəlir,
Başına örtüb xara şal gəlir...
Hamı heyranlıqla, necə deyərlər, nəfəs dərmədən Bülbülə qulaq asırdı. İfa sona çatanda “məclis əhli Bülbülü xeyli alqışladılar...
....Danışdıqca kövrələn, ara-bir qəhərlənən Cəmaləddin kişi söhbətinə davam edib dedi: “Bülbül əmi bizim kəndə öz "Moskviç" maşını ilə gəlmişdi. Söhbət əsnasında Bülbül atama dedi: "Atamalı, eşitmişəm yeni "Pobeda" maşını çıxıb. Mən Bakıya qayıdanda həmin maşından alacam. Bu "Moskviçi" də bağışlayıram sənə.
Atamın etirazına baxmayaraq, Bülbül əmi dediyini elədi. " Moskviç" qaldı bizdə. Atam səhəri gün Bülbül əmini konsert briqadasının üzvləri ilə birlikdə qonşuluqda yerləşən Sığırlı dəmir yolu stansiyasından qatarla Bakıya yola saldı.
Cəmaləddin kişi Bülbüllə bağlı daha bir xatirəni yada saldı: O vaxt, 50-ci illərdə hər yerdə sürücülük kurslarına böyük tələbat vardı. Sürücü kadrlar çatışmırdı. Bizim Kəndoba kəndindəki kolxoz da sürücü sarıdan çətinlik çəkirdi. Odur ki, Kəndoba kəndində kolxoz sədri işləyən atam 1958-ci ildə Bülbülə bu məzmunda bir məktub yazdı: "Kolxozumuzun sürücü kadrlarına böyük ehtiyacı var. Ona görə də kəndimizdən üç nəfər gənci sənin yanına göndərirəm. Xahiş edirəm ki, onların sürücülük kursuna qəbul olunmasına köməklik göstərəsən".
Beləliklə, atam yazdığı məktubla birlikdə həmin gəncləri göndərir Bakıya - Bülbülün evinə. Bülbül atamın yazdığı məktubu da, uşaqları da mehribanlıqla qarşılayır və onların sənədlərini hazırlatdırıb sürücülük kursuna təqdim etdirir. Kəndobadan olan həmin gənclər Bülbülün qayğısı sayəsində Bakıda sürücülük kursuna daxil olub oxuyurlar və sürücülük vəsiqəsi ilə kəndimizə qayıdırlar. Həmin o gənclər uzun illər Kəndoba kolxozunda sürücü işlədilər...
Bülbül əminin belə xeyirxah işləri çox olub. Mən özüm də bir neçə dəfə Bülbül əmigilin evində olmuşam. Poladın uşaq yaşlarında evlərində pianino çaldığını da görmüşəm.
Bülbül əmi rəhmətə gedənə qədər atamla dostluqlarını davam etdirmişdilər...”
...Cəmaləddin kisinin həzin və kövrək duyğularla söylədiyi xatirələr məndə xoş təəssüratlar oyatdı, dahi sənətkar Bülbüllə bağlı bilgilərimi daha da artırdı. Bəli, dahi Bülbülün Kəndoba izləri bu gün də yaddaşlardadır.
Tofiq ABDULLAYEV