ABŞ hərbi təyyarə və gəmiləri Koreya yarımadası yaxınlığında Cənubi Koreyanın hərbi gəmiləri ilə birgə dəniz təlimləri keçirir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya donanmasından verilən açıqlamada bildirilib ki, təlimin məqsədi "Şimali Koreyanın təxribatlarına cavab vermək üçün güclü qətiyyət" nümayiş etdirmək və müttəfiqlərin birgə dəniz əməliyyatları keçirmək imkanlarını artırmaqdır.
Açıqlamada, ABŞ və Cənubi Koreyaya məxsus 20-dən çox hərbi gəminin, o cümlədən ABŞ-ın nüvə enerjili təyyarə gəmisi "USS Ronald Reagan"ın da təlimdə iştirak etdiyi bildirilib. Təlim 2017-ci ildən bəri Amerika təyyarədaşıyan gəmisinin iştirak etdiyi iki ölkə arasında ilk birgə dəniz təlimi olduğu üçün diqqət çəkir.
Bu arada Yaponiya və Cənubi Koreya dünən Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində qısa mənzilli ballistik raket buraxdığını açıqlayıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, qısa mənzilli raket yerli vaxtla saat 06:53-də Şimali Koreyanın şimal-qərbindəki Şimali Pyonqan bölgəsindən buraxılıb. Bu cəhdin ABŞ-ın "Ronald Reagan" təyyarədaşıyan gəmisinin təlim üçün Cənubi Koreyanın Busan şəhərində lövbər salmasından sonra baş tutması diqqət çəkib.
Qeyd edək ki, Şimali Koreya bu il iyunun 5-də 8 qısa mənzilli raket sınağı keçirib.
Məhəmməd Tağıyev