525.Az

"Məhkəmələrdə işlərə baxılmasının keyfiyyəti məni qane etmir"


 

Millət vəkili Rafael Cəbrayılovun "525"ə müsahibəsi

"Məhkəmələrdə işlərə baxılmasının keyfiyyəti  məni qane etmir"<b style="color:red"></b>

- Rafael müəllim, Azərbaycanda andlılar iclasçıları institutunun yaradılmasını nəzərdə tutan müddəanın "Məhkəmələr hakimlər haqqında" qanundan çıxarılması məsələsi cəmiyyətdə, elə parlamentin, üzvü olduğunuz Hüquq siyasəti dövlət quruculuğu komitəsinin özündə birmənalı qarşılanmadı, bunun kəskin əleyhinə olanlar da, lehinə olanlar da oldu. Siz özünüz bu müddəanın qanunvericilikdən çıxarılmasının qatı tərəfdarlarındansınız. Nəyə görə hesab edirsiniz etdiniz ki, bu müddəa qanunvericilikdən çıxarılmalıdır?

- "Məhkəmələr hakimlər haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələrini  parlamentə həm qanunvericilik təşəbbüs hüququndan istifadə edərək Baş Prokurorluq, həm Ali Məhkəmə  təqdim etmişdi. Baş Prokurorluğun layihəsinə görə qanunvericilikdən andlı iclasçıların çıxarılması məsələsi qoyulurdu. O müddəa qanunvericilikdə onsuz da belə deyək, işləməyən, dondurulmuş bir müddəa idi.  Bilirsiniz, qədim bir deyim var, pis qanun işləməyən qanundan daha yaxşıdır. Həmin müddəa da qeyd etdiyim kimi, ötən dövrdə qalmışdı belə, işləmirdi. Daha da konkretləşdirmiş olsaq,  qanunvericilikdə keçid müddəası var idi ki,  Azərbaycanda hüquq islahatları tamamlanandan sonra andlı iclasçılar institutu fəaliyyətə başlayacaq. Amma hüquq islahatları elə bir prosesdir ki, uzun sürən bir prosesdir, belə deyək, konkret, son həddi olmayan bir prosesdir. Yəni, qanunvericilikdə təkmilləşmə, islahat elə həmişədən olan bir şeydir. Ona görə gözləməli deyildik ki, vaxt ki, hüquq islahatları bitəcək, ondan sonra andlı iclasçılar müddəası işləyəcək, bu, absurd bir məsələ idi. Onsuz da belə götürsək, andlı iclasçılar institutunun özünün Azərbaycan qanunvericiliyinə gətirilməsini əvvəldən düzgün hesab etmirdim. Deməli, dünyada bir anqlo-sankson hüquq sistemi, hüquq ailəsi var, bir qitə, kontinental hüquq ailəsi var. Azərbaycan da  anqlo-sakson hüquq ailəsinə daxil olan ölkə deyil. Azərbaycan kontinental hüquq sisteminə daxil olan ölkədir. Yəni, anqlo-sakson hüquq sisteminə daxil olan ölkələrdə əsasən andlı iclasçılar məsələsi var, özü bu, hələ çoxdan var olub, neçə əsr bundan əvvəl. Ona görə andlı iclasçıları institutunun Azərbaycana, yəni, kontinental hüquq sisteminə gətirilməsini əvvəldən düzgün hesab etmirdim. Çünki dünyada inkişaf elə bir istiqamətdə gedir ki, hər hansı bir məsələnin həllində peşəkarlardan, onların əməyindən, onlardan istifadə tendensiyası hökm sürür. Artıq bu tendensiya daha sürətlə gedir. Amma biz bilirik ki, andlı iclasçılar peşəkarlar deyil. Onlar peşəkar hüquqşünaslar deyillər. Hər bir sahədə olan səhv ağır nəticələrə səbəb olduğu kimi, hüquqi məsələlərdə belə situasiya çox ağır nəticələrə səbəb olur. Ələlxüsus da məhkəmə səhvləri. Əgər nəzərə alsaq ki, məhkəmə səhvlərini edənlər peşəkar hüquqşünaslardır, peşəkar hakimlərdir, bu prizmadan yanaşsaq, görün andlı iclasçıların qədər səhv etmə ehtimalı var. Bir ki, andlı iclasçıları yalnız təqsirlilik məsələsini həll edirlər. Yəni, filan maddə üzrə bu insan təqsirlidir, yoxsa təqsirli deyil. Amma cəzanı hakim müəyyən edir. Təqsirlilik  elə bir hüquq institutudur ki, hətta, peşəkar hüquqşünaslar belə, burada çətinlik cəkirlər. Eyni zamanda, cinayət tərkibinin 4 ünsürü-cəhəti var. Təqsirliliyin bu cəhətlərdən hansının komponenti olduğunu isə bəzən peşəkar hüquqşünaslar belə müəyyən edə bilmirlər. Andlı iclasçı bunu haradan müəyyən edəcək? Yəni, filan məsələ üzrə bu təqsirlidir, yoxsa yox. Bundan başqa, peşəkar olmadığına görə onların  hisslərinə çox güclü çıxışla ittiham mövqeyinin ya müdafiə mövqeyinin-vəkilin, yaxud, prokurorun təsir etməsi mümkündür. Çünki onlar hüquqi məsələlərdə peşəkar deyillər.Bu isə  məhkəmə səhvlərinin, bunu çıxışımda da dedim, daha çox artmasına səbəb olacaq ki, nəinki azalmasına. Bir ki belə götürəndə hansı ölkələrdəki bu gün bu məsələ mövcuddur, orada bütün məhkəmə işlərinin yalnız bir faizi andlı iclasçılar tərəfindən baxılır. Qalanları hakimlərdən ibarət tərkibdə baxılır. Demək istəyirəm ki, andlı iclasçılar məsələsi qanunvericiliyə gətiriləndə  demokratik çalar illüziyası yaratsa belə,amma məhkəmə sisteminə peşəkarlıq baxımından heç gətirməyəcəkdi. Məhkəmədə işlərə baxılmasının keyfiyyətinin yüksəldilməsinə heç bir töhfə verməyəcəkdi. Bu baxımdan, ilk gündən andlılar institutunun yaradılmasını nəzərdə tutan müddəanın ləğvinin tərəfdarıydım.

- Həmin məsələ komitənizdə müzakirə olunarkən komitə sədri Əli Hüseynli bildirdi ki, bunu tərəfdarları da, əleyhdarları da çoxdur, ancaq gəlinən nəticə budur ki, indiki reallıqda Azərbaycanda qanunvericiliyin bu müddəasına ehtiyac yoxdur bu baxımdan, Azərbaycanda məhkəmə-hüquq sisteminin mükəmməlliyinin  təmin olunmasının daha yeni variantları axtarılıb tapılmalıdır. Siz bu haqda deyərdiniz?

- Andlı iclasçılarıhətta, peşəkar hüquqşünaslar olsalar belə, mən düşünmürəm ki, onlar Azərbaycanda məhkəmələrdə işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə bir töhfə verəcəkdilər.  Müzakirələr zamanı deputat həmkarım Qüdrət Həsənquliyev dedi ki,  andlı iclasçılar institutunun ləğv olunması  məhkəmədə xalqın iştirakına son qoyulmasıdır. Ancaq mən düşünmürəm ki, bu , belədir. Yəni, bu formada iştirak, belə deyək, peşəkar bir sferada xalqın ucdantutma iştirakı düşünmürəm ki, müsbət bir hal olsun. Düşünmürəm ki,  sıradan bir adam peşəkar bir məsələ, peşəkar bir keyfiyyət tələb olunan bir yerdə qeyri-peşəkarlıqla məhkəmə fəaliyyətinə nəsə müsbət bir çalar gətirmiş olsun. Amma o ki qaldı məhkəmələrin işinin yüksəldilməsinə, onların keyfiyyətinə, sözsüz ki, son dövrlərdə bununla bağlı Azərbaycanda çox böyük işlər görülür.  Məsələn, 2006- il yanvarın 19-da ölkə prezidentinin Azərbaycan məhkəmələrinin müasirləşdirməsi bəzi qanunvericilik aktlarına əlavə dəyişikliklərin edilməsinə dair fərmanı çox mühüm, fundamental bir fərman idi. Orada ölkə Prezidenti birbaşa  tövsiyə edir ki, presedent hüququ hüququn mənbəyi kimi Azərbaycan hüquq sisteminə gətirilməlidir. Həmçinin, orada Ali Məhkəmə tapşırılır ki, presedent hüququ öyrənilsin digər məhkəmələrin işində istifadə olunması üçün tövsiyə edilsin. Yəni, presedent hüququnun gətirilməsi çox mühüm bir məsələ idi. Bundan başqa, son illər ölkədə məhkəmələrin, məhkəmədə çalışan hakimlərin sayının artırılması məsələsi çox önəmli məsələdir. Çünki hər bir hakimin üzərinə düşən yükü həddindən artıq çoxdur. Sadəcə, hakimlərin bunu görməyə fiziki imkanları belə çatmır. Bundan başqa, məhkəmələrin maddi-texniki bazasının yüksəldilməsi, elektron məhkəmə sisteminə qoşulması sairə, bütün bunlar  həm ki, hakimlərin özünün peşəkarlığının, bütövlükdə məhkəmələrdə baxılan işlərin keyfiyyətinin artırılmasına səbəb olan hallardır. Amma andlı iclasçılar belə demək mümkünsə,  sovet hökumətinin vaxtında bir hakimdən iki iclasçıdan ibarət məhkəmə tərkibinə bənzəyir. Yadınızdadırsa,  həmin iclasçılar da sağıcılar, çilingərlər, qaynaqçılar yaxud digər insanlar-əmək qəhrəmanları olurdu ki, onların da elementar hüquq məsələlərindən xəbərləri belə yox idi. Mən özüm  həmin dövrdə prokurorluq orqanlarında işləyən bir insan kimi deyirəm ki, onların, ümumiyyətlə, qanundan anlayışları belə yox idi ki, hər hansı bir məsələnin həllində   peşəkar bir mövqe nümayiş etdirsinlər. Çünki sağıcı, qaynaqçı ya sürücü, yaxud, digər əmək qəhrəmanı öz sahəsinin mütəxəssisidir. Amma onlar hüquq sahəsində mütəxəssis deyil. Andlı iclasçılar da onlar kimi. Hətta, andlı iclasçıları ziyalılardan, peşəkar hüquqşünaslardan təşkil etsələr belə, inanın ki, bu da hansısa bir müsbət nəticə verməyəcəkdi.  Çünki hakimlik məsələsi hüquqi məsələlərdir. Hüquqi məsələlər    həddindən artıq çətin məsələlərdir. Həddindən artıq yüksək peşəkarlıq tələb edən  məsələlərdir. Bu gün məhkəmələrdə peşəkar hakimlər tərəfindən bəzən kifayət qədər səhvlərə yol verilir. İndi belə olan halda, qeyri-peşəkarlara bu işin tapşırılması, düşünürəm ki, ümumiyyətlə, düzgün olmazdı. Özü ki, hər hansı səhvin düzəldilməsi o qədər acı nəticələr vermir, nəinki hüquqi məsələlərdə səhvin olması. Çünki belə deyək söhbət cinayət qanunvericiliyindən gedir, hakimlərdən gedir. Burada hər hansı bir məhkəmə tərkibi bu insanın həyatında, konkret onun azadlıq hüququnda öz əksini tapır. Ona görə belə, çətin bir məsələnin - insanın azadlıq hüququ ilə bağlı olan bir məsələni qeyri-peşəkarlara tapşırılmasını  düzgün hesab etmirəm.

- Yeri gəlmişkən, əgər 15-20 il bundan əvvəl insanların müəyyən  bir kəsimi ədalətin, haqqın daha çox digər hüquq-mühafizə orqanlarında pozulduğu, tapdandığı qənaətində idilərsə, son zamanlar məhkəmələrdə tapdanması qənaətindədirlər. Sizcə, bu, niyə belədir, məhkəmələrə niyə bu qədər inam azalıb?

- Mən heç düşünmürəm ki, məhkəmələrə inam azalıb.  Amma bununla belə,  məhkəmələrdə işlərə baxılmasının keyfiyyəti bu gün məni qane etmir. Əgər hər hansı bir məhkəmədə, məsələn belə götürək, bəraət hökmü yoxdursa, bu, xoşagələn hal deyil. Bu da iki səbəbdən ola bilər. Ya məhkəmələr cəsarətsizlik göstərib bəraət hökmləri çıxarmırlar, ya da məhkəmələrə daxil olan işlərin keyfiyyəti-istintaq keyfiyyəti, təhqiqat keyfiyyəti həddindən artıq yüksəkdir. Amma mən düşünmürəm ki,  məhkəmələrə daxil olan işlərin keyfiyyəti həddindən artıq yüksəkdir. Dünyanın hər yerində, o cümlədən,  bizdə bəraət hökmləri azdır, məhkəmələr,  hakimlər bu məsələdə çox cəsarətsiz davranırlar.  Amma bu o demək deyil ki, məhkəmələrə xalqın inamı azalıb.

Kamil HƏMZƏOĞLU

 





13.06.2014    çap et  çap et