525.Az

Elçin Mirzəbəyli: "İraqda baş verən proseslər Suriyada baş verən proseslərin davamıdır"


 

Elçin Mirzəbəyli: "İraqda baş verən proseslər Suriyada baş verən proseslərin davamıdır"<b style="color:red"></b>

"Türkiyə parlamenti İraqa müdaxilə ilə bağlı qərar qəbul etmişdi. Lakin hökumət parlamentin qərarını sadəcə siyasi təzyiq elementi kimi ortada saxladı hər hansı bir addım atmadı. Nəticədə İraqın türk əhalisi, İraq türkmanları çox çətin bir durumla qarşı-qarşıya qaldı". Belə bir açıqlama ilə politoloq Elçin Mirzəbəyli İraq Şam İslam Dövləti (İŞİD) terrorçu qruplaşmasının İraq ərazisinə keçərək son günlər təhdidedici bəyanatlar səsləndirmələrinə münasibətini bildirərkən çıxış edib.

Politoloq qeyd etdi ki, Türkiyənin zamanında addım atmaması hazırda həmin ərazilərin nəzarətdən çıxması ilə nəticələndi terrorçu qruplaşmaların qarşısını almaqda ciddi problemlərin yaşanacağını proqnozlaşdırmaq mümkündür: "Həmin ərazilər kürdləşdirildi sonradan Türkiyə hökuməti Bərzaninin yəni kürd regional idarəçiliyi ilə əlaqələr qurmağa başladı. Əslində, indi baş verən proses təsadüf nəticəsində ortaya çıxan bir hadisə deyil. Lakin burada digər bir faktor da ortaya çıxır. Belə ki, terrorçu qüvvələrin bu ya digər dövlətlər tərəfindən dəstəklənməsi nəticə etibarilə sözügedən hadisələrin yaşanmasına zəmin yaratmış oldu".

E. Mirzəbəyli İraqda baş verən proseləri Suriyada baş verən proseslərin davamı olduğunu deyib: "Hal- hazırda necə ki, Suriyada yeni proseslər baş verir, bu ölkədə bir tərəfdə Türkiyənin dəstəklədiyi Qərb tərəfindən idarə edilən silahlı qruplar var, digər tərəfdə isə proseslərdən kənara çıxmış digər terrorçu qruplar var. Ancaq fərqi yoxdur, onların hamısı silahlı müxalifət, ya da başqa isə adlanırsa-adlansın, terrorçu qruplardırlar Bəşər Əsəd hakimiyyətinin silah gücünə dəyişməsinə çalışırlar".

Siyasi şərhçi hesab edir ki, bu proseslərdə Türkiyə ilə müttəfiq olan ölkələr nəticə çıxarmalıdırlar. Politoloq onu da bildirib ki,  ABŞ-ın İraqa müdaxiləsi nəticəsində göz önündə olan indiki mənzərə təbii ki, işğal prosesinin, xarici müdaxilənin qədər mənfi perpektivlərə gətirib-çıxardığını sübuta yetirir: "Silahlar üzərində, raket qurğuları üzərində demokratiyanın yaradılması qeyri-mümkündür. Burada çox güman ki, prosesləri həyata keçirənlər gələcəkdə  nəyin baş verəcəyini gözəl anlayırdılar. Yəni məqsəd Yaxın Şərqi bütövlükdə cəhənnəmə çevirmək idi. Ərəb dünyasını, İslam dünyasını bu qədər ciddi təhlükə qarşısında qoymaq idi bu məqsəd demək olar ki, yerinə yetirilmiş oldu".

Sözügedən hadisələrin Qərbə deyil, məhz Türkiyəyə təsir edəcəyini deyən E. Mirzəbəyli, həmçinin bildirdi ki, burada təriqətlərarası münasibətlərin pozulmasını istəyən xarici qüvvələr müəyyən rol oynamaqdadırlar: "Bu proseslər ABŞ-dan, Avropadan uzaqlarda baş verdiyi üçün həmin ölkələrə təsir edə bilməz, amma təbii ki, onların müttəfiqlərinə, eyni zamanda Türkiyəyə çox ciddi təsir etməsi artıq görünməkdədir. Necə deyərlər, mənzərə göz qabağındadır.

Artıq uzun illərdir ki, regionda, bölgədə, yəni İslam dünyasında öz ambisiyalarını təmin etmək üçün Qərb müxtəlif təriqətlərdən istifadə edir. Bu qruplar, bu təriqətlər təbii ki, özbaşına yaranmırlar. Onlar xarici dövlətlərin dəstəyi ilə yaranırlar".

Politoloq İŞİD terrorçu qruplaşması tərəfindən Kərbəlaya hücumun gözlənilməsinə, oradakı şiələrin müqəddəs yerlərinin dağıdılacağı iddialarına da münasibətini bildirərkən dedi ki, bunu da təsadüf hesab etmək olmaz: "Hesab edirəm ki, bölgədə iki böyük məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qüvvələr məqsədyönlü şəkildə terrorçu qruplaşmaları Kərbalaya tərəf yönəltmək istəyirlər".

PƏRVANƏ

 





13.06.2014    çap et  çap et