525.Az

Zəfər tariximizin başlandığı gün


 

Zəfər tariximizin başlandığı gün<b style="color:red"></b>

Bu gün Vətən müharibəsinin başlanmasından iki il ötür. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən və Azərbaycanın böyük zəfəri ilə noyabrın 10-da başa çatan müharibə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın işğal altında qaldığı müddətdə aparılan sülh danışıqları heç bir nəticə vermədi. Ermənistan hakimiyyəti sülhlə manipulyasiya edir, ATƏT-in Minsk qrupu isə sadəcə turistik səfərlər etməklə işini bitmiş sayırdı. Azərbaycan Prezidenti hər zaman bəyan edirdi ki, tarixi torpağlarımızda ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verə bilmərik. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik.

2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası təxribatçı bəyanatları və addımları ilə danışıqlar prosesində staqnasiya vəziyyəti yaratdılar. Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal altındakı torpaqlarına səfərlər edir,  "Qarabağ Ermənistandır və nöqtə" kimi təxribatçı bəyanatlar verirdi. Həmin vaxt müdafiə naziri vəzifəsində çalışan David Tonoyan isə 2019-cu ilin martında ABŞ-da "yeni torpaqları üçün yeni müharibə" çağırışını etdi.

Ardınca Ermənistan  2020-ci ilin iyul ayında Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik yaratmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaq idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.

Nəhayət, 27 sentyabrda 44 günlük müharibəyə gətirən daha bir hərbi təxribat... Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Müharibənin ilk günlərindən başlayaraq hərbi üstünlüyə malik olan  Ordumuz "Dəmir yumruq" adlandırılan əməliyyatlarla kəndləri, strateji yüksəklikləri, ardınca şəhər və rayonlarımızı düşmən işğalından azad etməyə başladı. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

Ümumilikdə, Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Dövlət başçısı xüsusilə Füzuli döyüşləri barədə danışarkən deyib: "Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi".

Şuşanın işğaldan azad edilməsi xəbərini isə dövlət başçısı noyabrın 8-də Şəhidlər xiyabanından xalqa sayca yeddinci müraciətində elan etdi. Həmin günü hələ də hər bir azərbaycanlı böyük həyəcanla xatırlayır. Çünki Şuşanın tarixən Azərbaycan xalqı və dövləti üçün böyük mənəvi dəyəri olub.

Prezident İlham Əliyev hələ oktyabr ayında Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında demişdir: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Dövlət başçısı noyabrın 8-də Şuşanın azad olunması xəbərini elan edəndə dedi: "Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Nəhayət noyabrın 10-da ağır məğlubiyyətlə üz-üzə qalmış Ermənistan rəhbərliyi kapitulyasiyaya məcbur oldu. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda, həmçinin, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmini, erməni qanunsuz hərbi birləşmələrinin ərazimizi tərk etməsi və s. yer alıb. Bəyanata uyğun olaraq, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Prezident Laçının mərkəzində dövlət bayrağımızı ucaltdı.

Vətən müharibəsində böyük qələbəyə imza atan Azərbaycan 3 minə yaxın şəhid verdi, bu günə itkin düşmüş şəxslərin sayı 6 nəfərdir və onların axtarışları davam etdirilir.

Düşmənin itkiləri isə daha çox 7-8 minə çatır. Baxmayaraq ki, rəsmi olaraq hələ də qarşı tərəf itkilərin sayını gizlədir.

Azərbaycan dövləti və xalqı daim şəhidlərimizin əziz xatirəsini uca tutur, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə böyük diqqət və qayğı göstərir.

Müharibədən sonra Azərbaycan qalib tərəf olsa da, məğlub Ermənistana sülh müqaviləsi təklif etdi. Ermənistan sözdə sülh desə də, təxribatlarından əl çəkmir, belə ki, bu il Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Anar Kazımov şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü, düşmənə sarsıdıcı zərbə endirildi. 12-13 sentyabr tarixində Ermənistan ordusunun sərhəddə növbəti genişmiqyaslı təxribatı da onların sarsıdıcı zərbə alması ilə nəticələndi. 44 günlük müharibədəki böyük qələbəmizi təmin edən mühüm məqamlardan biri də Azərbaycan xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi oldu. Dövlət başçısı həmin günlərdə tək döyüş meydanında deyil, həm informasiya cəbhəsində apardığımız müharibənin başında dayanmışdır. Təəssüf ki, ağır məğlubiyyətindən dərs almayan Ermənistan sülh prosesindən yayınmaq üçün müxtəlif hiylələrə əl atır. Amma İrəvanda yaxşı anlayırlar ki, yeganə yol Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaqdır. Əks halda, daha ağır günlərə hazır olmalıdırlar...

Anım Günündə hər bir şəhidimizi ehtiramla yad edib, ruhları qarşısında baş əyirik.

 

 





27.09.2022    çap et  çap et