Azər Həsrət, jurnalist:
- Jurnalistlərin 8-ci qurultayı keçirildi. İndi bəziləri iddia edirlər ki, qurultayda saxtakarlıq olub, bir nümayəndəyə iki bülleten verilib. Şəkil və video da paylaşırlar. Amma şəkildə də, videoda da görünür ki, bülleteni alan adamın əlində iki mandat var. Suala cavab olaraq da bildirir ki, digər yoldaşı xahiş edib, adam bülleteni onun yerinə də götürüb. Fəlakət, faciədirmi bu? Təbii ki, deyil. Bilirsiniz niyə? Çünki mandat adamın əlindədirsə, demək ki, mandatın sahibi də ordadır, seçimini özü edəcək. Sadəcə fürsətkən siqaret çəkməyə, çay içməyə çıxıb. Normal bir haldır.
Digər bir iddia da budur ki, jurnalist bir nəfərin telefonundakı siyahıya baxaraq namizədlərə səs verməsini lentə alır (hələ belə çəkiliş etməyin ədəbsizliyini bir kənara qoyuruq) və iddia edir ki, əvvəlcədən siyahı varmış. Nə qədər anormal olmalısan ki, belə bir iddia irəli sürəsən!
Təbii ki, 23 nəfərə səs verəcək adam əvvəlcədən özü üçün bir siyahı-yaddaş tərtib edəcək və səs verərkən ondan yararlanacaq. Burada hansı qanunun hansı bəndi pozulub? Heç bir qanun pozuntusu yoxdur.
Daha bir "pozuntu". Mikrofon qarşısında həyəcan keçirən qadın jurnalist Rəşad Məcidə səs verəcəyini deyir. Sədr vəzifəsinə. Jurnalist də ona yönəldici sual verib çaşdırmağa çalışır. Burda da qanun pozuntusu axtarır. Əgər kimsə öncədən qərarlaşdıraraq, yaxud elə təbliğat nəticəsində R.Məcidə səs verirsə, burda hansı qanun pozulur? Seçki öncəsi əlbəttə ki, təbliğat da var, lap yeri gələndə həmkar olaraq kimsə kimdənsə kiməsə səs verməyi xahiş də edə bilər. Normal deyilmi bu? Normaldır. Bunu mən deyirəm, Azər Həsrət. Ki, 10 illərdir yalnız Azərbaycanda deyil, beynəlxalq platformalarda da bənzər qurultaylarda iştirak edib belə təbliğat üsullarını görmüşəm. Və şəxsən özümə də yanaşıb səs verməyimi istəyənlər olub. Və şəxsən özüm də başqa nümayəndələrə yanaşıb mənə səs vermələri üçün təbliğat aparmışam.
Söz beynəlxalq təcrübədən düşmüşkən, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumların qlobal qurultaylarında dəfələrlə iştirak etmişəm. Örnək üçün, BJF-də üzv təşkilatların fərdi üzvlərinin sayına görə təşkilata səs haqqı - nümayəndə yeri ayrılır. Həmin nümayəndələrin sayı 1 də ola bilər, 10 və daha çox da. Və hərəsi də bir səs deməkdir. Qurultayda həmin 10 səs sahibi olan təşkilatdan 10 nəfər deyil, 1 nəfər belə iştirak etsə də, yenə seçki zamanı 10 səs verə bilər. Çünki həmin 10 səs o təşkilatın haqqıdır və heç kim o haqqı onun əlindən ala bilməz. Şəxsən mən özüm bir dəfə qurultayda 2 bülleten alıb səs vermişəm. Demək istədiyim odur ki, indi bu "saxtakarlıq" kimi təqdim edilməyə çalışılan hal da o qəbildəndir. Adamın əlində 2 mandat varsa, 2 bülleten alması təbiidir.
Onu da qeyd edək ki, qurultay n
ümayəndələrinin siyahısı dərc edilib, bülletenləri də verərkən siyahıda mandatı yoxlanılaraq onu alan adamın qarşısına işarə qoyulurdu ki, təkrar ala bilməsin. Bu qədər açıq və sadədir məsələ. Ona görə də stəkanda fırtına yaratmaq cəhdi etməsin heç kim...
Vilayət Quliyev, filologiya elmləri doktoru:
- Əzizim Rəşad Məcid, yeni fəaliyyətində sənə uğurlar arzulayıram. Üzərinə böyük və çətin missiya düşür. Mətbuatı, ən azı onun avanqard hissəsini daha vacib məsələlərin həlli istiqamətində birləşdirmək, laxlayan nüfuzu yüksəltmək, mətbu sözü fikir və düşüncələrə impuls verən qüvvəyə çevirmək, ucuz dedi-qodu, fürsətcillik, şouçuluq və "şok" xəstəliyinin kökünü kəsmək (sadalanacaq işlər çoxdur) sənin və komandanın üzərinə düşür. Müvəffəq olacağınıza çox ümid bəsləyirəm!
Gündüz İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini:
- Dəyərli ziyalımız, mənim də üzərimdə böyük haqqı olan Rəşad Məcidin Mətbuat Şurasının sədri seçilməsinə çox sevindim. Bu münasibətlə öncə mətbuat nümayəndələrini, sonra da Rəşad müəllimin özünü ürəkdən təbrik edirəm. Media təmsilçilərinin ən doğru seçim etdiklərinə zərrə qədər şübhəniz olmasın. Rəşad müəllimə uğurlar!..
Bəxtiyar Məmmədli, jurnalist:
- Rəşad Məcidi - Rəşad müəllimi tanıyanlar bilir ki, yalanı sevmir. Səhv etmisənsə, yalnışlıq olubsa, doğru olanı deyəcəksən və onda onun necə gözəl ürəyi olduğunu biləcəksən. Etiraf edim ki, "525-ci qəzet"də işləyərkən yanlışlarım olub və bunu yaşa dolduqca başa düşdüm. Və başa düşdüm ki, Rəşad müəllim həqiqətən böyüklük göstərib. Bu gün Rəşad müəllimin Mətbuat Şurasına sədr seçilməsinə çox sevindim. Təbrik edirəm.
Elxan Şahinoğlu, politoloq:
- Kreml saxta referendumun nəticəsinə görə Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirəcək. Müharibə daha da şiddətlənəcək, bundan sonra mümkün danışıqların əhəmiyyəti qalmayacaq. Türkiyə tərəflər arasında taxıl anlaşmasından və əsirlərin dəyişdirilməsindəki vasitəçiliyindən sonra müharibənin dayandırılmasında artıq israr edə bilməyəcək. Çünki nə Kreml saxta referendumla Rusiyaya biləşdirdiyi bölgələri geri qaytarmaq istəyəcək, nə də Kiyev bununla barışaraq əks-hücumlarını dayandıracaq. Kreml Ukraynanın uğurlu əks-həmlələrinə cavab olaraq nüvə silahından istifadə edəcəkmi? Vaşinqton Putini artıq xəbərdar edib, Kremli anladıblar ki, Ukraynaya qarşı nüvə silahından istifadə etsə, Rusiyaya da nüvə silahı atılacaq. Putin səfərbərlik qərarıyla Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Dağıstanda etirazlar kütləvi xarakter alıb, valideynlər övladlarını ölümə göndərmək istəmirlər. Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq.
Asif Nərimanlı, jurnalist:
- Paşinyan yeni hücumun anonsunu verib. BMT Baş Assambleyasında çıxışı zamanı iddia edib ki, "Azərbaycandan yeni təcavüz təhlükəsi var". Bu, Şərq İqtisadi Forumunda etdiyi "alibi qazanmaq" gedişinin təkrarıdır.
Erməni Baş nazir Vladivostokda iddia etdi ki, "Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, hücum edəcək". Ardınca 12 sentyabr təxribatı ilə Azərbaycanı "hücum edən" tərəf kimi göstərmək və bölgədəki sülh gündəliyini arxa plana keçirmək ssenarisini oynadılar.
İndi BMT tribunasından Azərbaycanın "yeni hücumu" haqda xəbərdarlıq edir, paralel olaraq, sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla hücumlar intensivləşir. Bu təxribatların məhz indi - Paşinyanın Nyu-Yorkda olduğu vaxt intensivləşməsi də "mən ölkədə olmadığım vaxt Azərbaycan hücum etdi" rəyinin dünyaya sırınmasına hesablanıb.
Təxribatların daha da şiddətlənəcəyi istisna deyil. Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə "təcavüzkar" kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək ssenarisini davam etdirir.
Müşfiq Şükürov, filosof:
- Dünən axır XİN sözçümüz o vacib arqumenti İrana dedi. 30 il (!) 135 km (!) sərhədimizi erməni zəbt eləmişdi. İran bir dəfə "qırmızı xətt" söhbəti eləmədi, sərhədə 45 min ordu tökmədi. 40 km Ermənistan sərhədi üçün çıxmadığı oyun qalmadı, söyləmədiyi hədə olmadı.
İlahi ədalət görürəm İrandakı hadisələrdə. Özləri nə görürlər, bilmirəm.
Əli Məhərrəmli, bloger:
- İranda hökumət əleyhinə kütləvi etirazlar davam edir. Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərdə qadınlar baş örtüklərini yandırır, insanlar dövlət qurumlarının binalarına hücum çəkir, siyasi-dini liderlərin posterlərini cırıb atırlar. Cənubi Azərbaycan şəhərlərində "Azadlıq, Ədalət Milli Hökumət" şüarları səsləndirilir.
Polis xalqa qarşı silah işlədir, ölən və yaralananlar var. Xatırlayırsınızsa "Ərəb baharı" da bir gəncin öldürülməsi ilə başladı, İran payızı da.
İdxal edilən inqilab texnologiyaları bənzər regionlarda da bir-birinə oxşayır.
İran rejim gec-tez devriləcək, ancaq nəzərə alaq ki, İran 80 milyonluq bir dövlətdir. Orada baş verəcək siyasi və sosial partlayışların zərbəsi qonşu dövlətlərə də zərər verə bilər. Ancaq indiki geosiyasi vəziyyətdə İranın başının özünə qarışması arzuolunan idi...
Anar Cəbrayıllı, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri:
- "Levi" işlədilən su ilə qüsul almaq olarmı?" videosunu mənə yüzlərlə dost, həmkar göndərib.
Deməli 2013-cü il idi, departamentimizin ağsaqqal əməkdaşı Vəliyyədin müəllim şikayətə gələn mömin bir insanı qəbul edir. Şikayətçi artıq borc yazıldığını və onun silinməsini israrla tələb edir. Vəliyyədin müəllim də abonent koduna uyğun bazaya baxır və məlum olur ki, möminə artıq heç nə yazılmayıb, üstəlik, onun xeyli borcu var, heç vaxt da işlətdiyi suya görə ödəniş etməyib (2011-ci ilin fevralına qədər yığılmış borc Prezident fərmanına uyğun olaraq sıfırlanıb).
Gözünə döndüyüm Vəliyyədin müəllim şikayətçiyə deyir ki, iddia etdiyin artıq yazılan borcu mən öz cibimdən bağlayaram, bəs qıldığın namazların qüsulunu aldığın suyun pulunu kim ödəyəcək?
Deyir ağsaqqal qıpqırmız qızardı, durdu ayağa və sağollaşmadan çıxıb getdi. 2 gün sonra borcunu bağladı. Yazdım biləsiniz, belə də olur...
Elçin Mirzəbəyli, jurnalist:
- Eyni vaxtda həm dövlət, həm də özəl xəstəxanalarda çalışan həkimlər "müştəriləri"ni (pasiyentlərini) dövlət xəstəxanalarında qəbul edir, əməliyyatları isə min cür bəhanə gətirərək özəl xəstəxanalarda keçirirlər. Bütün mexanizm onun üzərində qurulub ki, nə olursa-olsun vətəndaş icbari sığortadan istifadə edə bilməsin. O zaman vətəndaş hansı səbəblərdən onun heç bir işinə yaramayan icbari sığorta üçün vəsait ödəməlidir? Bu utancverici dələduzluğa nə zaman son qoyulacaq?
Orxan Cəbrayıl, həkim:
- Dünyanın hər yerində xəstələr xəstəxanalarda müalicə olub sağaldıqdan sonra, xəstəlik tarixlərinə "evə yazılır" və ya buna bənzər sözlər yazılar. Yalnız bir ölkədən, Türkiyədən başqa.
Türkiyədə "evə yazılır" əvəzinə "taburcu edildi" yazılır.
Nə üçün belə yazılmasının çox həzin bir hekayəsi var.
Birinci Dünya savaşı sırasında Türkiyədə olan bütün xəstəxanalarda əsasən, müharibədə yaralanan əsgərlər müalicə alırdı. Onlar sağaldıqdan sonra evlərinə yox, taborlarına göndərildikləri üçün, xəstəlik tarixlərinə də "taburcu edildi" yazılarmış.
Bu ənənə də həmin günlərdən qalmış bir ənənədir.