525.Az

Haqqın bərqərar günü... - Şahanə Müşfiq yazır


 

Haqqın bərqərar günü... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bir dəfə Gəncə səfərimdə Şəhidlər xiyabanını ziyarət edərkən 1994-cü ildən 2020-ci ilə kimi - yəni, heç bir müharibə olmadığı atəşkəs dönəmində şəhid olmuş onlarla oğullarımızın məzarını gördüm. Daha sonra ziyarət etdiyim ayrı-ayrı Şəhidlər xiyabanlarında, qəbiristanlıqlarda bu cür "atəşkəs dövrü şəhidlərimiz"in məzarlarına şahid oldum. Bəli, illərdir ara-sıra Müdafiə Nazirliyindən atəşkəsin pozulması, çıxan hansısa atışmalarda şəhidlərimizin olmasıyla bağlı açıqlamalar alırdıq.

Bu gərdişin bir sonu olmalı, azğınlaşmış erməniyə "Dur!" deyilməli idi. Nəhayət, o gün düz iki il öncə - 2020-ci ilin 27 sentyabrında gəlib çatdı. Həmin ilin yayında müxtəlif təxribatlara əl atan, "Tovuz" hadisələriylə ordumuzun generalını, yüksək rütbəli zabitlərimizi, qəhrəman hərbçilərimizi şəhid edən düşmən səbrimizin son həddindən xəbərsiz payızda yenidən təxribatlar "eşqinə" düşdü. Ancaq bu dəfə qarşısına böyük bir ordu, əzəmətli bir xalq çıxdı. 2020-ci il sentyabrın 27-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu, çoxdan gözlənilən anın çatdığının, illərdir "müharibə", "Qarabağ" deyə inləyən xalqın səbrinin daşdığının, Azərbaycanın öz haqqı uğrunda hər şeyi gözə almasının sübutu idi. Məhz bu gün tariximizə şanlı zəfərə, böyük qələbəyə gedən yolun başlanğıcı kimi düşdü.

Müharibənin birinci günü Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi, Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.

Bəlkə də dünyada yeganə xalq olduq ki, rəhbərin bu məlumatlarını "müharibə əmri ver!", "səfərbərlik elan et!" arzusuyla dinlədik və elə ilk gündən ehtiyac olmasa da, əli silah tutan, qəlbi vətən eşqiylə alovlanan oğullarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanlarına axışdılar, müharibəyə göndərilmək üçün qəti tələblər irəli sürüb, orduya könüllü yazıldılar.

"Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!",- dövlət başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını Şanlı Zəfərə kökləyən əsas şüara çevrildi.

Beləcə, 27 sentyabrda xalq-dövlət vəhdətiylə, bütöv bir ulusun arzusuyla başlayan haqq savaşımız düz 44 gün sonra 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Sentyabrın 27-dən noyabrın 9-dək davam edən əks-hücum əməliyyatı nəticəsində ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş hərbi əməliyyat, rast gəlinməmiş zəfər, taktikası bu gün dünyanın ən qabaqcıl hərb məktəblərində öyrənilən müharibə idi. Zamanında düşmənin 4-5 ilə zorla aldığı torpaqları ordumuz son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində geri qaytardı və ilk gündən düşmənin müdafiə xəttini yararaq sonuncu günə qədər yalnız irəli getdi.

Təbii ki, müharibə itkisiz olmur. Vətən müharibəsi də xalqımızın yaddaşında böyük qələbəylə yanaşı, qəlbimizdəki üç minə yaxın şəhidimizin ağrısıyla qaldı. Nə qədər müasir texnikalardan, silahlardan istifadə edilsə də, cənab Ali Baş Komandanımızın da dediyi kimi, bu qələbəni qazanan texniki vasitələr yox, əsgər və zabitlərimizdir: "Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

Şəhidlərimizə və qazilərimizə sonsuz ehtiramın nəticəsidir ki, sentyabrın 27-si Prezidentin sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Tək bu gün deyil, var olduğumuz hər gün xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Onlar öz qanlarıyla bu torpağın alnına bir daha və əbədi silinməyəcək qərarlılıqla yazdılar: "Qarabağ Azərbaycandır!"

 

 





27.09.2022    çap et  çap et