525.Az

Vətən müharibəsinin ilk günün şəhidi


 

Vətən müharibəsinin ilk günün şəhidi <b style="color:red"></b>

Bir əsgərin şəhadətə yüksəlməzdən bir neçə saat öncə yoxluğa dair mahnı oxuması bəlkə də, özü də bilmədən o dünyasının yaxınlaşmasının işarətidir? Ya bəlkə, ürəyinə damanı mahnı ilə əvvəlcə döyüş yoldaşlarına, sonra valideynlərinə çadırmaq istəyidir? Kim bilir...

Rza Məmmədovun taleyinə 44 günlük müharibənin ilk şəhidi olmaq yazılıbmış.

Alın yazısına inanarmış. Tez-tez söhbətlərində "qismət" deyərmiş. Neyləyəsən ki, o qismət elə həmin gün - 27 sentyabrda, saat 06:30 radələrində gələcəkmiş...

lll

Rza Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində oxuyub. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb.

Məktəbin kandarından içəri girəndə müəllimlərdən biri soruşur ki, hansı kursa yazılmaq istəyirsən? Xanəndəlik kursuna, deyir. Sağlığında istəyərmiş ki, xanəndə kimi elin sevincli məclislərinə rövnəq qatsın. Hələ televiziya ekranlarında görünmək də pis olmazdı. Elə ilk gündən müəllimlərin rəğbətini qazanır. Müəlimləri deyir ki, sən oxuyanda, elə bil, bütün vücudun mahnı oxuyur.

Lakin Şamaxının musiqi məktəbinin xanəndəlik sinfini bitirmək qismət olmur. Təhsilini başa vurmağına 1 ay qalıbmış. Arzusu Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmaq imiş.

İki bacının tək qardaşı olan Rza 2020-ci ilin yanvar ayında ata-anası ilə balaca bacısını böyük bacısına əmanət edib hərbi xidmətə yola düşür. Gedəndə iki məktub yazıb qoyur: birini bacısına, o birini valideynlərinə. Bacısına yazdığı məktubu tamamlasa da, valideynlərinə yazdığı məktub yarımçıq qalır...

lll

2020-ci il 27 sentyabr səhərin erkən saatlarında müharibə başlar-başlamaz Füzuli istiqamətində kəşfiyyat taborun tibb xidmətinin hərbi ambulansı yaralıları xilas etmək üçün yola düşür. Maşındakı qrupda tibb xidmət rəisi Haman Əliyev, sanitar Mircəlal və 9 ayın əsgəri sanitar Rza Məmmədov olur. İkisi maşında imiş, Rza maşına söykənibmiş. Onlar yaralıları təxliyə edən vaxt düşmənin artilleriyasının ilk hədəfi ambulans olur. Həmin ambulansda dörd nəfər yaralanır. Mircəlal yüngül xəsarət alır. Maşın yansa da, elə hey döyüş zonasından uzaqlaşmağa çalışırmış. Haman və Mircəlal tez 4 yaralıya yardım etməyə çalışıblar ki, hospitala çatana qədər ağır vəziyyətlərini minimuma endirsinlər. Axı ilkin tibbi yardım neçə-neçə insanı xilas edib. Lakin Rza komandiri Haman Əliyevin qucağında can verir. Beləcə bir gəncin adı Azərbaycanın zəfər tarixinə ilk şəhid əsgər kimi daxil olur.

Şamaxının mənzərəli Göylər kəndində doğulan körpənin qığıltıları anası Lamiyənin qulağından getmir. Bircə təsəllisi ondadır ki, şəhid  balasının ruhuna bütün xalq ehtiram bəsləyir. Ölüm var çarpayıda olur, ölüm var torpağının azadlığı uğrunda. Rəşadətli şəhadətlik hər insana nəsib olmur.

Atası deyir ki, Rzanın bütün həyatı sanki şəhadətlik zirvəsinə can atırmış. Deyəsən, həqiqətən də bu gənc qəhrəmanın ömür yolu şəhadətə doğru gedirmiş; həm ölümündən neçə saat əvvəl "Ana, mən şəhid oldum" mahnısını oxuyanda, həm də şəhid olduğu gün özü də bilmədən acı zarafat edəndə.

Komandiri danışır ki, müharibədən öncə şəhid polkovnik-leytenant Orxan Ələkbərovun rəhbərliyi altında gecə-gündüz məşqlər gedir. Rza xanəndəliklə məşğul olduğundan hər axşam silah dostları üçün mahnı oxuyur. 26-sı axşam yemək yeyəndən sonra əsgərlər Rzadan mahnı oxumasını istəyirlər. O da "Ana, mən şəhid oldum" mahnısını oxuyur.

Döyüş yoldaşının sözlərinə görə, Rza 27-si səhər tezdən xərək götürməyə gedərkən hərbi hissədən çıxanda gülə-gülə orda işləyən xanımlara deyir ki, xala, birinci özümə qismət olacaq bu xərək...

Vətənə bağlı oğlan idi Rza. Qəlbində düşmənə güclü nifrət hissi bəsləmişdi hər zaman. Bəlkə də, bu ona atasından keçmişdi. Çünki Rzanın atası Birinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdı.

Vətən müharibəsinin ilk şəhidi Rza Məmmədov sentyabrın 28-də yaşadığı Göylər kəndində torpağa tapşırılır. Şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilir.

...Bəzən insanlara elə gəlir ki, həyatda baş verən ən xırda nəsnə təsadüfdür. Lakin zaman keçdikcə anlaşılır ki, bu həyatda təsadüfi heç nə olmur. Rzanın şəhadəti də təsadüf deyildi. Ən azından ona görə ki, hələ çoxu onun şəhadətindən nümunə götürəcək ki, bu torpağı göz-bəbəyi kimi qorusun və o ölümün bəbəyinə dik baxsın. Necə ki Rzadan sonra üç min vətən övladı onun açdığı şəhadət cığırını doğru qürurla addımladı...

 





27.09.2022    çap et  çap et