525.Az

Şəhidlik - Maya İmran yazır


 

İKİ BƏNDLİK DASTAN KİMİ DƏRİN VƏ MƏNALI

Şəhidlik - <b style="color:red">Maya İmran yazır</b>

Bir körpənin üzünü də görmədiyi atası üçün darıxdığı qədər acı,
toya hazırlaşan nişanlı bir qızın şəhid tabutu qarşılayacaq qədər
qaralı, ağrılı,
“Atam işdədir” deyən körpənin həyatının ən böyük itkisindən
xəbərsiz olduğu kimi məsum,
Bundan sonra həm də ata olmaq yükünü çiyinlərinə götürən qadın
qədər qüssəli və məğrur,
Bu an ən böyük arzusu atasını qucaqlaya bilmək olan uşağın
sevgisi kimi təmənnasız, iki bəndlik dastan kimi dərin və mənalı,
səssizcə edilən vida kimi,
hisslərin dil açıb danışması, kəlimələrin utanması kimi...
Ölümlərin ən gözəlidir şəhidlik...
Ölərək ölümsüzləşməkdir!
Qürurdan doğulan acı, qürrədən yaranan məyusluq, torpağa
qarışan torpaq sevgisidir!
Ana vətənin övladıdır şəhidlik..!
Milyonların qəlbinə dağ, milyonların ürəyinə fərəhdir şəhidlik!
Şərəfdir şəhidlik!

Uğruna can verilən torpağın Vətən kimi qucaq açması, qoynuna
almasıdır!
Şəhidlik vətənin öz oğlu ilə görüşüdür!
Uzun, çətin bir yolun sonunda vətən oğlunun uğruna qan tökdüyü
torpaqla vüsalıdır şəhidlik!
Bayraqlaşan nümunədir şəhidlik!
Bir ömürlük acı,
Bir ömürlük həsrət,
Sağalmayan yara,
Bitməyən, azalmayan fəxrdir şəhidlik..!
Çoxları gözəl yaşamağı arzulayar...
Onlar gözəl ölümü seçənlərdir..!
Çoxları ölər, amma onlar şəhid olarlar...!

 





27.09.2022    çap et  çap et