|
|
|
|
“İki il öncə sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir". Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda həmin gün böyük coşğu var idi. Çünki, nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya-başa çatdıran ana-atalarımıza minnətdarıq.
"27 sentyabrda başlanan Vətən müharibəsi ilə Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu"- deyən Millət vəkilinin sözlərinə görə, həmin il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat Azərbaycanın siyasi qələbəsi oldu. Bəyanata əsasən üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı. Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman xatırlayacaq. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən, milli həmrəylikdən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Müharibə ərzində Azərbaycan xalqı, cəmiyyəti möhtəşəm birlik nümayiş etdirərək ordumuzla, müzəffər Ali Baş Komandanımızla sıx birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Hörmətli Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu.
Fatma Yıldırım qeyd edib ki, bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Bununla yanaşı, düşmənin vandalizm aktları törətdiyi doğma torpaqlarımızda sürətlə yenidənqurma, bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, dövlətimiz azad olunmuş ərazilərdə hərbi cəhətdən də möhkəmlənməkdə davam edir, özünün sərhədlərini qoruyur.
“Bütövlükdə, hesab edirəm ki, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir”- deyə Fatma Yıldırım vurğulayıb.
Sevinc Qarayeva