525.Az

Bakıda birinci Ədəbiyyat gecəsi keçirilib


 

Bakıda birinci Ədəbiyyat gecəsi keçirilib<b style="color:red"></b>

Latviya və Çexiya səfirliklərinin birgə əməkdaşlığı, “EUNİC Azerbaijan”ın (Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları) təşkilatçılığı ilə Bakıda birinci Ədəbiyyat gecəsi keçirilib.

525.az xəbər verir ki, tədbirdə Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı səfirləri və diplomatlar iştirak ediblər.

Latviya səfirliyinin müvəqqəti işlər vəkili xanım Vija Buşa açılış nitqində deyib ki, Avropa Şurası 26 sentyabr tarixini Avropa Dilləri Günü kimi qeyd edir: “Biz bundan çıxış edərək Azərbaycan Dillər Universitetində Avropa Dilləri Gününü və ilk Avropa ədəbiyyat gecəsini keçirmək qərarına gəldik.

O bildirib ki, EUNİC Azerbaijan Cluster 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərinin bir-birinə daha da yaxinlaşdırmaq məqsədi ilə yaradılıb: “Həmin il mədəniyyət gecəsi təşkil etmişdik. Bu ilki tədbirlər Çexiya səfirliyi ilə birgə əməkdaşlıqla keçirilir. Çexiya bu il Aİ Şurasına sədrlik edir. Tədbirlərə, eyni zamanda Aİ-nin Bakıdakı nümayəndəliyi dəstək verir”.

Diplomatın sözlərinə görə Latviya səfirliyi hazırda EUNİC Azerbaijan Cluster-ə sədrlik edir.

Çexiya səfirliyinin nümayəndəsi Daniel Putik qonaqları salamlayaraq ilk dəfə keçirilən Ədəbiyyat gecəsinin əhəmiyyətini qeyd edib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, daha çox dil bilmək ölkələrin mədəniyyətini daha yaxşı anlamağa kömək edir: “Dillər və ədəbiyyat vasitəsilə digər ölkələrin mədəniyyətini öyrənirik, eyni zamanda ünsiyyət qururuq. Hansı dildə danışmağınızdan asılı olmayaraq isə ən vacib olanı humanizm və sülh mesajıdır ki, bu tarixin məqsədi məhz budur”.

Daha sonra müxtəlif ölkələrin ədəbiyyat nümunələri təqdim olunub. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən, Ukrayna şairi Taras Şevçenkonun 177 il əvvəl yazdığı “Qafqaz” poemasından parçalar və bir sıra Avropa yazıçılarının yaradıçılığından nümunələr müxtəlif Avropa dillərində səsləndirilib.

PƏRVANƏ

 





27.09.2022    çap et  çap et