525.Az

Tibb Universitetində təsirli və unudulmaz görüş


 

UNİVERSİTETİN 1972-Cİ İL MƏZUNLARININ TOPLANTISI KEÇİRİLİB

Tibb Universitetində  təsirli və unudulmaz görüş<b style="color:red"></b>

Nüfuzlu ali təhsil müəssisələrimizdən olan Azərbaycan Tibb Universitetində həmin universiteti (o vaxtkı adı ilə Azərbaycan Dövlət Tibb İnstitutunu) 1972-ci ildə bitirmiş məzunların görüş-toplantısı təşkil edilib. Sentyabrın 14-də keçirilən tədbir universitet şəhərciyindəki anım mərasimi ilə başlayıb, Vətən Müharibəsində şəhid olmuş Azərbaycan Tibb Universiteti tələbə və məzunlarının xatirəsinə ucadılmış  abidə ziyarət olunub. Abidə üzərinə "ATU-nun 1972-ci il məzunları adından" əklil qoyulub, tər qərənfillər düzülüb.

Sonra tədbir ATU-nun 3 saylı tədris korpusunda (əsasən "Anatomiya korpusu" kimi tanınır), görüşə toplanmış məzunların 56 il əvvəl, yəni 1966-cı il sentyabrın 1-də ilk dərsə girdikləri Anatomiya kafedrasının məşhur yarımdairəvi auditoriyasında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Universitetin tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev ATU-nun rektoru professor Gəray Gəraybəylinin toplantı iştirakçılarına ünvanladığı təbriki çatdırmaqla yanaşı, görüşdə iştirak edən ixtisasca həkim millət vəkilləri Musa Quliyev və Sədaqət Vəliyevanı salamlayıb. Qarabağ müharibəsi, 44 günlük savaşda tarixi qələbəmiz və eləcə də son günlərdə düşmən təxribatının qarşısının alınmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prorektor son illərdə ATU-nun qazandığı yüksək nailiyyətləri, ötən il Beynəlxalq Seritifikasiya Komissiyasından müvəffəqiyyətlə keçməsi barədə məlumat verərək, bugünkü tədbirin də tələbələr arasında ruh yüksəkliyinə səbəb olacağına əminliyini bildirib, "Doğma Universitetinizə xoş gəlmisiniz" deyərək 1972-ci il məzunlarına səslənib.

Söz tədbirin keçrilməsi üçün həmin ilin məzunlardan yaradılmış təşkilat qrupunun rəhbəri, Qarabağ müharibəsi veteranı, Əməkdar həkim, ATU-nun dosenti  Taryel Eyvzova verilib. T. Eyvazov deyib ki, ilk növbədə müraciətimizə yüksək diqqət göstərən doğma universitetimizin rəhbərliyinə, toplantıda iştirak edən, bizə dərs demiş müəllimlərə və qonaqlara 1972-ci il məzunları adından təşəkkürümü bildirirəm: "Həmin il bu doğma universitetimizi - o vaxtkı Tibb İnstitutunu cəmi 930 nəfər bitirərək həkim ixtisasına yiyələnib (40 nəfəri axşam təhsili almışdı). Onların sırasında 18 nəfər elmlər doktoru, 44 nəfər elmlər namizədi, onlarca Əməkdar həkim, müxtəlif medallara layiq görülənlər vardır. Məzunlar arasında Səhiyyə Nazirinin müavini, Bakı Baş Səhiyyə idarəsinin rəisi, Elmi-Tədqiqat mərkəzlərinin rəhbəri, kafedra müdirləri, rayonlarımızda səhiyyə şöbələrinin  rəhbərləri və sair vəzifələrdə işləyənlərimiz olub və hazırda da vardır. Bu toplantıda, demək olar ki, ölkəmizin bütün bölgələrindən gəlmiş 150 nəfərə yaxın məzun iştirak edir. Ancaq təəssüf hissi ilə bildirirəm ki, tələbə yoldaşlarıımız arasında dünyasını dəyişənlərimiz də vardır. Biz onların və  həmçinin rəhmətə gedən müəllimlərimizin əziz xatirəsini daima hörmətlə yad edirik". T.Eyvazov bunu da iqqətə çatdırıb ki, görüşün bütün iştirakçılarını əhatə edəcək "Xatirə Kitabı"nın hazırlanması nəzərdə tutulur.

Toplantıda məzunlardan Əməkdar elm xadimi professor Qalib Qarayev, BBSİ-nin sabiq rəisi, Əməkdar həkim Elmira Əliyeva, "Tərəqqi" medallı Məhəbbət Qəmbərova, hazırda Moskvada həkim işləyən Nailə Ələkbərova, Naxçıvandan gəlmiş Ələkbər Zeynili, həkim, şair-publisist Zakir Ağdamlı, Şəkidən Əməkdar həkim Kifayət Həmidova və başqaları çıxış edərək bu günün sevincini, həyəcanını ömür boyu unutmayacaqlarını vurğulayıb, təşkilatçılara və universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Toplantının ən maraqlı, yaddaqalan və məzunlar üçün təsirli hissələrindən biri də sonda ağxalatlı üç nəfər hazırkı tələbənin məzunları yüksək səviyyədə təbrik etmələri olub.

Sonda iştirakçılar xatirə şəkli çəkdirib, bu cür görüş-toplantıların davamlı olması arzularını dilə gətiriblər.

 

 





27.09.2022    çap et  çap et