525.Az

Media Reyestrinin tətbiqi nələri dəyişəcək?


 

EKSPERTLƏR REYESTRİN YARATDIĞI İMKANLARI ŞƏRH EDİR

Media Reyestrinin tətbiqi nələri dəyişəcək?<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da imzaladığı Fərmanla "Media Reyestrinin aparılması Qaydaları"nı təsdiqləyib. Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Media Reyestrinin əhəmiyyəti nədədir, bu, medianın inkişafında hansı rolu oynayacaq?

Əvvəlcə vurğulayaq ki, Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Başqa sözlə, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatlar vahid bazada toplanacaq. Media qurumlarının, eləcə də jurnalistlərin Media Reyestrinə daxil edilməsi məcburi yox, könüllülük prinsipi əsasında aparılacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq ki, bu da media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.

Sirr deyil ki, bu gün mediada jurnalist adından sui-istifadə edən, jurnalist adını ləkələyən, media nümayəndələrinin nüfuzuna xələl gətirən şəxslər mövcuddur. Onların "fəaliyyətinin" qarşısının alınmasında bu vəsiqələr vacib rol oynayacaq. Bununla belə, media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarını daha yüksək səviyyədə müdafiəsini təmin edəcək.

Başqa bir mühüm məqam isə Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana bilmələridir. Eyni zamanda, Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini də təmin edəcək.

Ekspertlər Media Reyestrinin Azərbaycan mətbuatının inkişafında yeni mərhələ açacağı qənaətindədirlər.

 "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli hesab edir ki, "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı "Media haqqında" Qanunda nəzərdə tutulan bir sıra mühüm hüquqi tənzimlənmə mexanizmlərin hərəkətə gətirilməsi və tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu, media sektorunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının, fərdlərin və topluluqların informasiya təhlükəsizliyini təhdid edən çağırışların yaratdığı reallıqlardan sui-istifadə hallarının məhdudlaşdırılmasına, vətəndaşların, jurnalistlərin və media subyektlərinin hüquqlarının qorunmasına önəmli töhfə verəcək.

Baş redaktor düşünür ki, Media Reyestrinə bəzi maraqlı qruplar və onların yanlış, yaxud məqsədyönlü təbliğatının təsiri altına düşən şəxslər tərəfindən hansısa mücərrəd, ölçüyəgəlməyən anlayışların "məhdudlaşdırılması" kontekstindən təqdimatı kökündən yanlışdır. "Media haqqında" qanun və onun tələbindən irəli gələn Media Reyestri hüquqi platformadır, bütün tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirildiyi, subyektiv mülahizə və qərarlara imkan verməyən hüquqi normalar məcmusudur. Bunun alternativi xaos, özbaşınalıq, dərəbəylik, vətəndaşların, media subyektlərinin və jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına zəmina yarada biləcək hüquqi nihilizmdir.

E.Mirzəbəyli deyib ki, hüquqi dövlətdə heç bir sahə, o cümlədən, media sektoru hüquqi tənzimləmələrdən kənarda qala bilməz və qalmamalıdır: "Bu baxımdan, Media Reyestrinin aparılmasının qaydalarının müəyyənləşdirilməsinə və tətbiqinə bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət mühiti yaradan platforma kimi yanaşmaq lazımdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında aparılacaq və həmçinin, media subyektləri də onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Yəni hansısa şəxsin adının Media Reyestrinə daxil edilməməsi onun peşə fəaliyyəti ilə məşğul olmasına heç bir maneə yaratmayacaq. Amma Media Reyestrinə daxil olmaq həm jurnalistlər, həm də media subyektləri üçün bir sıra istiqamətlərdə, xüsusilə də sosial və digər güzəştlərdən faydalanmaq baxımından daha geniş imkanlar açacaq. Çünki Media Reyestrinə daxil olmaqla, media subyektləri müvafiq peşə standartlarına cavab verdiklərini, medianın klassik və modern institutlarının əks olunduğu bir müstəvidə çalışdıqlarını, yəni peşəkar fəaliyyətlərini ortaya qoyacaqlar. Bu isə bərabər və ədalətli rəqabət mühitinin açarıdır".

O vurğulayıb ki, reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək: "Yəni media subyektləri öz inkişaflarını təmin etmək üçün əsaslandırılmış biznes layihələri ilə çıxış edəcək və bunun qarşılığında həm ölkənin qeyri-neft sektorunun, sahibkarlığın, həm də medianın inkişafı üçün nəzərdə tutulan güzəştlərdən faydalana biləcəklər. Həmçinin, Media Reyestrində yer alan informasiyaların əlçatanlığı, digər mühüm elektron informasiya sistemlərinə inteqrasiyası bu sahədə, xüsusilə də peşə fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunmasına, neqativ halların qarşısının alınmasına, o cümlədən, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edilməsinə imkan yaradacaq. Media Reyestri jurnalistika sahəsində peşəkar fəaliyyətin hüquqi nizama salınmasıdır və sözün bütün mənalarında, mediaya peşəkar fəaliyyət istiqaməti kimi baxanlara, bütün hüquq və azadlıqları kompleks şəkildə dərk edənlərə, medianı öz həyatının ayrılmaz bir parçası hesab edənlərə, kəsəsi, medianın daimi sakinlərinə layiq olduqları imkanları yaradacaq".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli isə bildirib ki, "Media Reyestrinin aparılması Qaydaları" haqqında Prezidentin Fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması  yönündə verilmiş çox mühüm bir qərardır. Bildirib ki, Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni onun "Media haqqında Qanun"un layihəsində nəzərdə tutulduğu gündən  dəstəkləyib. Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr, əslində peşəkar KİV və peşəkar jurnalist anlayışı üçün mövcud olan meyarlardır. M.Ələsgərliyə görə, Reystrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və peşəkar jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini  müəyyənləşdirəcək: "Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reystrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Qaydaların   6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilib. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır".

Media eksperti düşünür ki, qaydaların qüvvəyə minməsi ilə həm də ölkədə ilk dəfə olaraq, sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olur. Onlar adı reyestrdə olan KİV subyektlərinin biri ilə mülki müqavilə bağlamaqla, jurnalist vəsiqəsi ala və hüquqlarını reallaşdıra biləcəklər".

Media eksperti söyləyib ki, Reyestrin tətbiq edilməsi həm də ölkədəki peşəkar KİV subyektləri  və peşəkar jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə, statistik məlumat bazası yaratmağa yardım edəcək. Bu statistikanın əldə edilməsi dövlətə imkan verəcək ki, medianın inkişafı üçün effektiv proqramlar hazırlasın və icra etsin.

 

 





28.09.2022    çap et  çap et