525.Az

Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir


 

Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.

APA xəbər verir ki, Forumun keçirilməsinin əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasını, dövrün tələblərinə uyğun təşkil edilməsini, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir.

Forumda çıxış edən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc beyin mərkəzlərinin vahid platformasının yaradılmasını təklif edib. O bildirib ki, belə bir platforma beyin mərkəzlərinin, ekspertlərin daha yaxşı əməkdaşlıq etməsinə imkan yarada bilər. O, çıxışında Azərbaycandakı beyin mərkəzlərinin xarici beyin mərkəzləri ilə sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Forumda səfir Alev Kılıç, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru da çıxış edib.

O çıxışında Ermənistan Azərbaycan münaqişəsinə toxunub. Alev Kılıç bildirib ki, Ermənistan tərəfi sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı məsələlərdən yayınır, normallaşma istiqamətində işləri təxirə salır.

Səfir Kılıç regionda normallaşma prosesində regional aktorların rolunu, həmçinin vətəndaş cəmiyyətinin rolunu vurğulayıb. O deyib ki, beyin mərkəzləri də vətəndaş cəmiyyətinin təmsilçisi olaraq prosesdə aktiv iştirak etməlidir.

"Cənubi Qafqaz qlobal geosiyasətdə strateji nöqtəyə çevrilir. Yaxın ölkələr olaraq Azərbaycan və Türkiyə birgə hərəkət etməlidir".

O, Forumda praktiki təkliflərin olacağını və bu Forumun əməkdaşlıq və kommunikasiyanın genişlənməsi imkan verəcəyinə inandığını deyib.

Forumda Səfir Xalid Mahmud, Pakistan Strateji Araşdırmalar İnstitutunun sədri də çıxış edib. O, Azərbaycan xalqını və hökumətini ərazi bütövlüyünün bərpa etməsi münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan və Pakistanın çox yaxın münasibətləri var, Qarabağın işğalı dövründə Pakistan öz mövqeyində qətiyyətli olub. "Pakistan beynəlxalq hüquq və prinsipləri dəstəkləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Forumda çıxışı zamanı beyin mərkəzlərinin üzləşdiyi problemlər barədə danışıb.

O bildirib ki, vacib problemlərdən biri ölkənin hökumət institutlarından informasiya alınması xüsusilə də iqtisadi məlumatlarla bağlıdır. İnformasiyaya əlçatımlılığının bəzən mürəkkəb olduğunu bildirib

"Digər problem maliyyələşmə sahəsi ilə bağlıdır, maliyyələşmədə ciddi problemlər var bu da yaxşı ekspertlərin cəlb olunmasını çətinləşdirir.

Digər çətinlik analizlərin araşdırmaların qərar-vermə prosesində iştirak edənlərin diqqətini çətinliklə cəlb edir, bəzən yazıb göndərilən analizlər, təhlillər oxunmur. Hətta 3-4 səhifəlik analizləri oxumurlar.

Digər bir məsələ yaxşı analitiklərin azlığıdır xüsusilə də gənc analitiklərin azlığı, gənclər üçün təlimlərin verilməsi vacibdir.

Həmçinin qeyd edim ki, ekspertlərin çoxu Avroatlantik regiona fokuslanırlar, Yaxın və Orta Şərq regionlar, Avrasiya regionu ilə bağlı yazılar, ixtisaslaşmış ekspertlər azdır, bu istiqamətdə işləmək lazımdır".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da Forumda çıxış edib. O, deyib ki,

Azərbaycan trilemmanın ortasında düzgün tarazlığı qurur. "Beyin mərkəzləri bu trellamada balansın müəyyən olunmasında hökumətə dəstək verməlidir".

 





28.09.2022    çap et  çap et