525.Az

İtaliyada hakimiyyətə sağçılar gəlir - Xaqani Cəfərli yazır


 

İtaliyada hakimiyyətə sağçılar gəlir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

İtaliyada keçirilən növbədənkənar parlament seçkilərində, ilkin məlumatlara görə, Giorgia Meloninin rəhbərlik etdiyi "İtaliya qardaşları" Partiyasının (Fratelli d'Italia, FdI) liderlik etdiyi sağ mərkəzçi koalisiya qalib gəldi. Giorgia Meloni çox yaxın günlərdə İtaliyanın 68-ci hökumətini quracaq. Xanım meloni Faşizmin banisi hesab edilən Benito Mussolinidən sonra ilk ifrat sağçı və eyni zamanda ilk qadın baş nazir olacaq.

Hökuməti hər ilyarım-iki ildən bir dəyişmək ənənəsi yaranmış Avropada İtaliyanın Giorgia Meloninin başçılıq edəcəyi hökumətə nə qədər "dözəcəyi" məlum deyil. Ancaq uzun müddətli olmayacağını söyləmək mümkündür. Çox böyük ehtimalla, Giorgia Meloninin quracağı hökumətin ömrü Mario Draqinin başçılıq etdiyi 67-ci hökumətin ömründən çox uzun olmayacaq. Doğrudur, koalisiyanın üzvləri növbəti seçkilərə kimi, yəni beş il hakimiyyətdə olacaqlarını düşünürlər. Məsələn, koalisiyanın ikinci partiyası hesab olunan Liqa Partiyasının lideri Matteo Salvinin Meloniyə ünvanladığı təbrikdə belə deyib: "Giorgianı təbrik edirəm. Biz uzun müddət birlikdə işləyəcəyik. İtaliyanı beş illik sabitlik gözləyir". Matteo Salvinin nikbin proqnozuna baxmayaraq, sağ mərkəzçi hökumətin həqiqətən beş il iqtidarda qalacağı çox az ehtimal olunur.

Məsələ ondan ibarətdir ki, Giorgia Melonini təkbaşına hökumət qurmaq imkanlarına malik deyil. Yeni hökumət seçkinin qalibi sağ mərkəzçi koalisiya tərəfindən qurulacaq. Bu koalisiyada isə bir-birinə zidd mövqeli olan iki siyasi liderin - Matteo Salvinin və Silvio Berluskoninin partiyaları da yer alır. Silvio Berluskoni Rusiya Prezidenti Vladimir Putinin yaxın dostudur. Keçmiş Baş nazir olan Silvio Berluskoni Rusiyaya qarşı sanksiyaların əleyhinədir və Moskva ilə münasibətləri yenidən yaxınlaşdırmağı təklif edir. Silvio Berluskonidən fərqli olaraq Matteo Salvinin Rusiya əleyhinə fikirləri ilə tanınır. Koalisiyada ikinci ən çox səs alan Liqa Partiyasının lideri Ukraynanın dəstəklənməsinin və Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarıdır.

Ukrayna məsələsi koalisiya ortaqları arasında münasibətlərə təsir etməklə qalmayacaq. Bu məqam həm də İtaliya ilə müttəfiqləri arasında əsas münaqişə səbəbi olacaq. Çünki sağçılar hesab edirlər ki, sanksiyalar "müharibəni qızışdırır" və Avropa Rusiyaya qarşı siyasətinə yenidən baxmalıdır. Seçki kampaniyası zamanı xanım Meloni özü Ukraynaya dəstəyini bəyan etməklə Avropa İttifaqı və NATO kimi müttəfiqlərini sakitləşdirməyə çalışırdı. Ancaq Giorgia Meloni, eyni zamanda, Rusiya ilə münasibətləri yaxınlaşdırmağın tərəfdarıdır. Belə görünür ki, Rusiya ilə Ukrayna arasında seçim etmək istəməyən Giorgia Meloni şəraitə uyğun siyasət aparacaq.

Giorgia Meloninin daxili siyasətinin ehtimal olunan cizgiləri də Avropa İttifaqında narahatlıq yaradır. Miqrantlara qarşı sərt mövqeyi ilə tanınan Giorgia Meloni vergilərin artırılmasına, qadınların abort hüququna və LGBT icmasına qarşı çıxır. Bu isə İtaliyada faşizmin yenidən qayıdışı ilə bağlı Brüssel və digər Avropa paytaxtlarında narahatlıq yaradır.

Seçkidə inamlı qələbəyə baxmayaraq, Giorgia Meloninin quracağı hökuməti çox ciddi sınaqların gözlədiyi tam aydın görünür. Seçkidə məğlub olmasına baxmayaraq, sol mərkəzçi koalisiya da hökumətə problemlər yaradacaq. Seçki gününü ölkə üçün kədərli gün adlandıran Demokrat Partiyasının sədr müavini Deborah Serraçiani İtaliyanın Avropa dəyərlərindən qopmasına və Konstitusiyanın fundamental dəyərlərindən əl çəkməsinə imkan verməyəcəklərini bəyan edib. Demokrat Partiyası isə seçkidə 19,09 faiz səs qazanaraq ikinci partiya olub. Keçmiş Baş nazir Cüzeppe Kontenin "5 Ulduz hərəkatı" isə 15,39 səslə üçüncü olub.

"İtaliya qardaşları" Partiyasının seçkidə qələbəsi Rusiyada sevinclə qarşılanıb. Macarıstanın Baş naziri Viktor Orban dostu Giorgia Melonini ilk təbrik edənlərdən olub. Bununla belə, Avropada və digər ölkələrdə narahatlıq mövcudur. Türkiyənin "Daily Sabah" qəzeti İtaliya seçkiləri ilə bağlı məqaləsində Giorgia Melonini nəzərdə tutaraq başlığa "Yeni Mussolini?" sualını çıxarıb. "Daily Sabah" qəzetinin və bütün Avropanın narahatlığı isə əsassız deyil. 45 yaşlı Meloninin quracağı hökumət İtaliyada Benito Mussolinidən sonra ən sağçı hökumət olacaq.

Bu məqamın doğurduğu narahatlıq bütün Avropada sağçıların mövqelərinin güclənməsi ilə bağlıdır. Sosial-demokratiyanın alınmaz qalası hesab olunan İsveçdə sağçı qüvvələri hakimiyyətə gəlişi Avropada narahatlıq yaradıb. İlk dəfədir ki, ifrat sağçı İsveç Demokratları (SD) siyasi spektrin sağ cinahında daha çox səs toplayıb. Bu partiya ötən əsrin 80-ci illərində bir neçə marginal ultrasağ qrupların birləşməsi nəticəsində yaranıb. Doğrudur, İsveç Demokratları ötən illər ərzində daha mötədil siyasi qüvvəyə çevrilib və eynicinsli nikahlara dözümlü yanaşacaqlarını ifadə edirlər, bununla belə, miqrasiyaya qarşı sərt mövqe tutur, sığınacaq verilməsinin kəskin azaldılmasını, cinayətkarlara daha sərt cəzalar verilməsini, iqlim dəyişikliyinə qarşı mübarizənin məhdudlaşdırılmasını təklif edirlər. İsveç Demokratları Avropa İttifaqının gələcəyi ilə bağlı bədbin fikirə malik siyasi qüvvələrdən hesab olunur.

Faşizmin qayıdacağı ilə bağlı narahatlıqları artıran daha bir hadisə isə Almaniyada baş verib. İfart sağçı qrupların Rusiyanın "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin fəaliyyətinin bərpa edilməsini tələb etdiyi aksiyada yaşanıb. Aksiyaya etiraz edən ukraynalı gənc qadınlar sağçı qüvvələrin hücumuna mərzu qalıb.

Bütün bunlar Avropada narahatlığı artırır və faşizmin yenidən baş qaldırması kimi qəbul edilir. Ancaq əksər siyasi təhlilçilər yüz il əvvəlkindən fərqli olaraq demokratik təsisatların və dövlətlərin indi daha güclü olduğunu əsas götürərək, sağların yüksəlişinin müvəqqəti xarakter daşıdığını qeyd edir, faşizmin hakimiyyətə qayıdışını mümkün hesab etmirlər.

 

 

 

 

 

 





28.09.2022    çap et  çap et