525.Az

"Biz övladımıza yox, şadlıq evinin müdirinə toy edirik"


 

"Bəzən son qəpiyinə qədər soyulan, illərdən bəri qəlbində gəzdirdiyi övlad toyu görmək arzusu iflasa uğrayan valideynlər görmüşəm"

"Biz övladımıza yox, şadlıq evinin müdirinə toy edirik"<b style="color:red"></b>

- Başlayaq?

- Başlamaq deyəndə ürəyim əsir (gülür). Başlamaq hər sahədə çətindir. Yazıda da! Hansısa şeirdən oxuduğum misralar yadıma düşür:

 

İlk addım çətin olur,

Zirvəyə çıxmaq kimi.

İlk addım çətin olur -

Qayalar yıxmaq kimi.

 

Jurnalistikada məşhur "birinci cümlə sindromu" ifadəsi var. Birinci cümlə, uğurlu başlanğıc çox vaxt yazının sonrakı  taleyini müəyyən edir.

 - Markes deyirdi ki, mənimçün ən çətini birinci cümləni yazmaqdı.

 - Məncə bu, hər sahədə belədir. Hətta  futbolda da! Əbəs deyil ki, futbolda  topa ilk zərbəni vurmağı komandanın  ən yaxşı oyunçularına həvalə edirlər. İlk zərbədən, ilk addımdan, ilk həmlədən çox şey asılıdır.

 - Biz ilk həmləni ədəbiyyatla edək: mən bilən əvvəllər şeir yazmısınız...

 - Bəli, mən yaradıcılığa şeirlə başlamışam ilk şeirlərim Füzuli rayonunda dərc olunan "Araz" qəzetində çıxıb. Sonralar "Azərbaycan gəncləri", "Sovet kəndi", "İnşaatçı" qəzetlərində, "Ulduz" jurnalında çap olunmuşam. Mərhum şair Tofiq Mütəllimov şeirlərimə  "Uğurlu yol" yazmışdı. Şeirlərim dünyadan erkən getmiş istedadlı şair Vaqif İbrahimin da diqqətini çəkmişdi. Mirvarid Dilbazi bir dəfə respublika radiosunda şeirlərimi dinləmişdi gənc ədəbi qüvvələrdən danışarkən adımı unutsa da, bir bənd şeirimi əzbər söyləmişdi:

 

Şimşək göyə çəkdi qamçı,

Buludları tutdu sancı...

Yağış yağdı damcı-damcı-

Çiçəkləri sırğaladı.

 

Sonra "Gənclik" nəşriyyatında bir neçə gənc şairin şeirlərindən ibarət buraxılan almanaxda çap etmək istədilər, razı olmadım. Kiçik olsa, ayrıca öz kitabımın çıxmağını istəyirdim. Alınmadı...

 Sonra Qarabağ hadisələri başladı, zaman dəyişdi. Arzularım da həmin hadisələrin burulğanına qarışıb getdi... İndi üzə  çıxarmasam da, düşəndən-düşənə yazıram...

 - Jurnalistikaya da yəqin elə o həvəslə gəlmisiniz...

- Babam 1934- ildə Zəngilanda çıxan "Şərq qapısı" qəzetinin ilk redaktoru olub. Bunu çox sonralar - özüm jurnalist olandan sonra  bilmişəm. Görünür, jurnalistikaya həvəsim elə ondan gəlib. Babam çox böyük qəzet-jurnal həvəskarı idi. Bizim evdə əksər qəzetlərin podşivkası vardı. Hələ orta məktəbin aşağı siniflərində oxuyarkən ixtisasca müəllim olan atamın o vaxtkı "Kommunist" qəzetində dərc olunan məhkəmə oçerklərini uca səslə isti sobanın ətrafında oxuduğunu indi xatırlayıram. Valideynlərimin ikisi müəllim olub. Atam tarix, anam  ədəbiyyat müəllimi...  Amma mən jurnalistikanı seçdim.

- Sizin nəsildə peşəkar jurnalistlərin sayı çoxdur...

- Bircə faktı demək istəyirəm ki, biz oxuyan vaxt fakültədə "Jurnalist" adlı divar qəzeti çıxırdı. Onu tələbələr o qədər oxunaqlı, səliqəli, rəngarəng maraqlı buraxırdılar ki, qarşısında durub oxumaqdan doymaq olmurdu. Sizi inandırıram ki, həmin o divar qəzeti indiki qəzetlərin çoxundan yaxşı çıxırdı. Hələ fakültədə çıxan "Jurnalist" tədris qəzeti... Yeri gəlmişkən, həmin qəzetin bir nömrəsini bizim qrupun tələbələri buraxmışdı - Elşən Əliyev, Tapdıq Yolçu mən...

İndiki kimi yadımdadır, yuxarı kursun tələbələrinə, o dövrün mətbu orqanlarından imzası tanış olanlara elə qibtə hissi ilə baxırdıq ki... Belələri isə kifayət qədər çox idi: Müsəllim Həsənov, Xudayət Həsənli, Qərənfil Xəlilova, Əlisəftər Hüseynov, Zöhrab Əmirxanlı, Mirşahin Ağayev, Gülcahan Mirməmməd...

Yeri gəlmişkən, bir məsələni xatırladım: diplom müdafiəsində olarkən "Sovet kəndi" qəzetində "Su dəyirmanlarının yeni həyatı" adlı yazım dərc olunmuşdu. Həmin yazı düz altı ay həmin qəzetin səhifələrində müzakirə olundu. Böyük çıxmasın, həmin yazının təsiri ilə müxtəlif  rayon kəndlərdə onlarca köhnə su dəyirmanları işlək vəziyyətə gətirildi qəzetdə müntəzəm olaraq bu barədə məlumatlar verilirdi. Diplom rəhbərlərimdən biri olan Mahmud Mahmudov yazını o qədər bəyənmişdi ki, indiyədək mənə zarafatla "Dəyirman Süleyman" deyir...

 - Biz sizi "Panorama" qəzetindən tanıyırıq...

 - 1991-ci ilə kimi rayon qəzetində işləmişəm. Həmin ilin əvvəllərində məni "Qarabağ" qəzetinə məsul katib dəvət etdilər. O vaxt bu, çox şərəfli məsul bir sayılırdı. Qəzet tərtibindən baş çıxaran jurnalistlər barmaqla sayılırdı. Təəssüf ki, müasir texnologiyaların geniş yayıldığı  dövrdə indiki qəzetçilərin çoxu bu işin nədən ibarət olduğunu belə təsəvvür etmirlər. Altı ay "Qarabağ" qəzetində məsul katib işləyəndən sonra "Səhər" gündəlik-informasiya qəzetində işləməyə başladım. 1997-ci ilin axırlarında "Panorama" qəzetinə dəvət aldım iki il həmin qəzetdə işlədim.

- "Panorama" çox böyük kollektivi olan qəzet idi. Ayrıca universitet saymaq olardı o redaksiyanı... Elə bil ki, "Panorama"dan sonra jurnalistikadan küsdünüz...

- Bəlkə əksinə jurnalistika məndən küsdü. O illərdən sonra ciddi bir qəzetdən dəvət almadım. Heç elə bil sayılıb-seçilən qəzet qalmamışdı. Yadıma gəlir ki, vaxtilə qəzeti açıb oxuyanda  "Kommunist" Rəfail Nağıyevin, Əhməd İsayevin, Əli İldırımoğlunun, "Bakı"da Şamil Şahməmmədovun, "Sovet kəndi"ndə Vaqif Bəhmənlinin, Loğman Rəşidzadənin, Sədaqət Kərimovanın,  "Azərbaycan gəncləri"ndə Şakir Yaqubovun, Adil Qaçayoğlunun, Hidayət Elvüsalın imzalarını axtarırdıq. Sovet dövrünün jurnalistikası başqa idi. İndi saytın biri xəbəri qoyur, o biriləri eyni xəbərin üzünü çıxarırlar. Sonra da məlum olur ki, həqiqəti əks etdirmir. Başlayırlar təkzib verməyə.

- Süleyman müəllim, sizin jurnalistikanı tamadalığa dəyişməyiniz qəribə təsir bağışladı...

- Əslində mən jurnalistikanı dəyişməmişəm. Altı ildir ki, ayda bir dəfə çıxan "Herba Flora" jurnalının redaktoruyam. Kitablar, məqalələr, hətta köşələr yazıram. Ancaq indiki vaxtda yalnız bir sahədə, bir işlə dolanmağın mümkün olmadığı kimə məlum deyil? Məgər vaxtilə yazıçılardan Hüseyn Cavid, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Sani Axundov, aktyorlardan Ələsgər Ələkbərov, Möhsün Sənani başqaları məclislər idarə etməyiblər? Burda qəbahət var?

Məsələ burasındadır ki, bir sıra naşı, peşəkarlıqdan uzaq aparıcılar bu işi gözdən salıblar. Biri şeir deyir, biri lətifə danışır, biri parodiya edir, biri müğənniyə qoşulub oxuyur... Axı tamadalıq bu deyil. Tamada ilk növbədə idarəedici, məclisdə qonaqlarla toy sahibi, musiqiçilər arasında bir vasitəçidir. İndi əksər məclislərdə aparıcıya ehtiyac duymurlar. Aləm qarışır bir-birinə... Həmin toyların kasetinə baxanda zövq almaq əvəzinə xəcalət çəkirsən. Bir dəstə adam meydana düşüb qədər, neçə saat oynaya bilər? Biz bununla nəyi nümayiş etdiririk, hansı milli-mənəvi dəyərləri yaşadırıq? Rəhmətlik Bəxtiyar müəllim deyirdi ki, Qarabağı itirəndən sonra camaatımız yaman oynamağa başlayıb. Əlbəttə, toyun yaraşığı oynamaq, rəqs etməkdir. Amma bir qrup adam bir məclisdə qədər oynayar? Məgər oynamaq özü asandır? İbn Sina deyirdi ki, mən öz həyatım boyu 29 elm öyrəndim, amma rəqs etməyi öyrənə bilmədim...

- Belə baxıram, siz tamadalığı ciddi sənət hesab edirsiniz...

- Söhbət təkcə tamadalıqdan getmir. İndiki toyların səviyyəsi, gedişi kimi razı salır? Mən həmişə deyirəm: əslində biz toyu övladımıza yox, şadlıq evinin müdirinə edirik. Çünki orda bəzən son qəpiyinə qədər soyulan, illərdən bəri qəlbində gəzdirdiyi övlad toyu görmək arzusu iflasa uğrayan valideynlər görmüşəm.  Şadlıq evlərinin bərbad, ağız deyəni qulaq eşitməyən akustikasında hansı normal toydan danışmaq olar? Valideyn xeyli xərc çəkir, dost-tanış, qohum-əqrəba gənclərin sevincinə qoşulmaq üçün məclisə gəlir, axırda hamı başını götürüb qaçmağı qənimət bilir. O boyda vurhavurda, səs-küyün içində necə oturasan?

Elə bil camaatın təbiəti dəyişib. Əvvəllər övlad valideyndən qorxub-çəkinər, ehtiyat edərdi. İndi elə bil valideynlər övladlardan qorxurlar. Ata-ana qalır bir tərəfdə, şadlıq sarayını uşaqlar seçir, menyunu özləri sifariş verir, musiqiçini özləri dəvət edir, məclisin ssenarisini onlar müəyyən edir.

Əlbəttə, fürsət düşdükcə imkan daxilində mən bunları məclis əhlinə, orda iştirak edənlərə çatdırmağa çalışıram. Şübhəsiz ki, auditoriyadan da çox şey asılıdır. Çarli Çaplin deyirdi ki, məni hər kəs öz səviyyəsi qədərində başa düşür.

- Tamada bir növ məclisi ssenariləşdirir...

- Bilirsiz, necədir? Bir sıra şadlıq saraylarının proqramları o qədər zəngindir ki, orda sənin ssenarinə yer olmur. Rəqqasələr, rəqs qrupları, qrup formasında oxuyanlar, məzhəkəçilər, müğənnilər, ifaçılar... İndi son toylarda xınayaxdı mərasimləri aparılır. Sonra mərasimi, şirniyyat süfrəsi, şar yağışı... Rəhmətlik Telman Adıgözəlovun sözü olmasın, təsəvvür elə ki, Bakı-Yevlax qatarındakı basabas... Toyda hərənin ürəyindən bir arzu keçir. Biri xeyir-dua vermək, biri yallı getmək, biri dincəlmək, biri xoş bir söz eşitmək istəyir. Həmin çoxsaylı arzuların hamısının mərkəzləşdiyi nöqtə tamadadır. Uşaq da, böyük , toy sahibi , qonaq da - bir sözlə hamı ondan umur.

- Bir qrup yazar toya getməməyə qərar verib. Buna necə baxırsınız?

- İndiki toyların səviyyəsindən mən razı deyiləm. Normal keçən məclisləri demirəm, amma indiki toylardan razı qalmaq üçün gərək ağlını itirəsən. İntəhası, zəncirvari reaksiya yaranıb, vaxtilə sən getmisən, indi sən toy çaldıranda da onlar gəlməlidir s. Əslində hamımız giley-güzar edirik, vəziyyəti hamı başa düşür, di gəl, bu labirintdən çıxış yolu tapa bilmirik.

- Təəssüf ki, elədir...

- Bizim ustad aparıcılardan birinin gözəl sözü var: Hər toy öz sahibinə oxşayır. Gəlin sizli-bizli toylarımızdakı narazılıq doğuran məqamlardan gileylənməkdənsə daha müasir milli-mənəvi dəyərlərə söykənən model axtarıb tapaq. Çinlilərin yaxşı bir sözü var: "Qaranlığı söyməkdənsə, özün bir şam yandır!"

 





13.06.2014    çap et  çap et