525.Az

"Müharibə pyetası"


 

"Müharibə pyetası"<b style="color:red"></b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar xanım Hətəmovadır. Onunla Maks Ginsburqun "Müharibə pyetası" əsəri haqqında danışmışıq.

Maks Ginsburq 1931-ci ildə Parisdə anadan olub. Lakin özünün də dediyi kimi, bütün yaradıcılıq fəaliyyəti ən zəngin və ən kasıbın, ən yaşlı amerikalı və ən gənc mühacirin, ən ekssentrik rəssam və ən "maço" insanın, bir sözlə, hər cür ziddiyyətlərin bir arada yaşandığı Nyu-York şəhərinə aiddir. Yaradıcılıqda böyük nailiyyətlər qazanmaqda olan sənətkar bu gün Nyu-Yorkda yaşayan ən istedadlı və usta realist rəssam kimi tanınaraq, dünya miqyasında öz şöhrətini təsdiqləyib. Milliyətcə yəhudi olan Ginsburq üçün İkinci Dünya müharibəsi yaradıcılığında xüsusi izlər qoyub. Rəssam öz sənət yolunu "realizm"in bünövrəsi üzərində inşa edir. O, özü də etiraf edir ki, bir realist rəssam kimi əsərlərini 21-ci əsrdə nümayiş etdirə biləcəyi qalereyalar və yaxud fəaliyyətini təkminləşdirmək üçün realizmin xırdalıqlarını tədris edən sənət məşğələləri tapmaqda çox çətinlik çəkib. Beləliklə, gənc rəssamın karyerası professional pilləyə keçid edərək, müəllimliyə çevrilir. 1970 və 1980-ci illərdə Ginsburqun təsviri sənət karyerası layiq olduğu dəyəri tapmağa başlayır. O, ən qabaqcıl sənət məkanları hesab edilən "Harbour", "Qalereya 306", "Reyn" və "Grand Central" kimi qalereyalarda təmsil olunmaq hüququ qazanır. Ginsburq həm də olduqca bacarıqlı və xüsusən də realist bir illustrasiyaçıdır.

 

 

- Nigar xanım, Maks Ginsburqun "Müharibə pyetası" əsərində həm dini motiv, həm də uzaq olmayan tarixin acı reallığını görürük. Din və realizm bu rəsmdə necə kəsişir?

- Din və incəsənət əsrlər boyu bir-birinə çox təsir göstərib və bir-birinin tərkibində şaxələnərək inkişaf edib. Dinlər aid olduqları, yayıldıqları coğrafiyalarda sənətin istiqamətini böyük ölçüdə formalaşdıraraq, yaradıcılıqda son dərəcə mühüm rol oynayıb. Əgər dini mövzu ifadəsini daha çox qərb incəsənəti ilə birgə işlədiriksə, əminliklə onların sintezindən də danışa bilərik. Hamımız bilirik ki, 17-ci əsrin sonlarına kimi sənətin ən böyük hamisi kilsə olub. Rəssamın sənət əsəri yaradarkən məqsədi rəng və kompozisiya mükəmməlliyindən çox, xristianlığı yaymaq, onun prinsiplərini təbliğ etmək olurdu. Qərb sənətini daha aydın və doğru bir şəkildə anlaya bilmək üçün İncili oxumaq, onun haqqında xeyli məlumat toplamaq olduqca önəmlidir. Maks Ginsburqun "Müharibə pyetası" əsəri bu baxımdan olduqca təsirlidir. 2011-ci ilə aid olan bu əsər kətan üzərində yağlı boya texnikası ilə, 50x60 ölçülərində işlənib. Rəssam həqiqətən də çox realistdir.

- Realizm çox vaxt çətin həyat yaşayanların yolu olur. Yəqin rəssamın bu yolu tutmasında keçirdiyi məşəqqətli ömrün böyük təsiri var.

- Maksın həyatı boyunca müharibələrlə, çətinliklərlə qarşılaşdığını, onlarla mübarizə apardığını, kiçik yaşlarından etibarən yəhudi olduğu üçün dözməyə məcbur olduğu təzyiqləri nəzərə alsaq, onun bu mövzuya müraciət etməsinin təsadüfi olmadığını görərik. O, İraqda baş verən müharibənin törətdiyi faciəni və onun dəhşətli simasını kətan üzərinə köçürüb. Bu müharibədə həlak olan çoxlu gənc amerikalının xatirəsini əbədiləşdirmək istəyən rəssam fotoşəkillərdən istifadə edib. Fırça ustası bu kompozisiyanı yaradarkən hər hansı bir canlı model ilə işləmək əvəzinə, Mişel Leqrou adında bir fotoqraf ilə sözləşir. O, təsvir edəcəyi atmosferə uyğunlaşdırdığı modellərinin cürbəcür pozalarda fotoşəkillərini çəkməsi üçün Mişel ilə razılaşır. Rəssam özü qeyd edir ki, bu zaman Mişel onun üçün 100-ə yaxın fotoşəkil çəkmişdi. Maks Ginsburq hətta müharibəyə qarşı bitməyən qəzəbini göstərmək üçün həyatını itirən əsgərin bir qolunu və bir ayağını kəsilmiş formada təsvir edib.

- Tablo hazırda harada saxlanılır?

- Rəssamın öz qeydlərinə görə, əsər hazırda şəxsi kolleksiyaçılarından birinin kolleksiyasında saxlanılmaqdadır.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Rəssamın palitrası çox canlı və realdır. O, rənglərdən fikirlərini və hisslərini daha güclü çatdıra bilmək üçün istifadə edib. Maks Ginsburq həqiqətin dəhşəti ilə rezonans doğuran, eləcə də vizual elementlərin fakturasını və canlılığını rənglərin dili ilə vurğulayan güclü rəngkarlardan biridir. O, portret rəssamı olan atası Abraham Ginsburqdan çox şey öyrənib. Kompozisiyasında rəng və işığın poetik kombinasiyasından istifadə edən rəssamın Qoya və Karavacco kimi ustadlardan ilham aldığı görünür. Realist rəngkarlıq nümunəsinin mahiyyəti rəngdədir. O, rəngin ton və dəyərlərində incə keçidlərdən istifadə edib. Mat və qaranlıq görünən hissələrdə rəssam eyni rəngin müxtəlif çalarlarından yardım alır. Əslində, rənglərin vasitəsilə reallığı təsvir etmək çox mürəkkəb prosesdir. Eynilə bu əsərdə olduğu kimi, rəssam dolğun və ahəngdar kolorit həllinə nail olsa da, palitrasını bir az məhdudlaşdırmağı da yaddan çıxarmayıb. Rəssam yaxşı bilir ki, bizim gözlərimiz iti, bir o qədər də "hiyləgərdir". Xüsusən də bu gözlər sənət nümunələrinə tuşlandığı zaman daha periferik səciyyəyə bürünür. Maks Ginsburq da kətana köçürdüyü hekayənin əhval-ruhiyyəsini daha dəqiq çatdıra bilmək üçün rəng və işığın manipulyasiyasından məharətlə istifadə edir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- "Pyeta"... İsanın çarmıxdan endirilməsindən sonra anası Məryəmin qucağında əbədi yuxuya getdiyi məqamı təsvir edən əsərlərə belə ad verilir. Kəlmənin anlamı mərhəmət və ya təqva sözlərindən gəlməkdədir. Bu sözü eşitdiyimiz zaman, düşünürəm ki, hər kəsin ağlına eyni mövzuya həsr olunan ən məşhur və fikrimcə, ən gözəl nümunəsi olan Mikelancelonun San Pyotr Kafedrasında saxlanılan "Pyeta"sı gələcək. Maks Ginsburq da bu şah əsərdən təsirlənib. Sadəcə Maksın "Pyeta"sını fərqləndirən ən vacib nüans onun sakral mesaj deyil, sosial mesaj daşımasıdır. Emosional aspektdən də uğurla tamamlanan əsərin dövrün sosial probleminə toxuna bilməsi olduqca innovativdir. Oğlunu itirən ana bu qəddar ölümlə necə barışacağını bilmir. O, əzablar içində qışqırır. Yas içində olan ana təxminən qırx yaşlarındadır. Qucağında dəhşətli bir şəkildə həlak olan oğul isə manqurtlaşmış bir şəkildə ifadə olunub. Bayrağın üzərinə yıxılan gənc onun əsgər kimliyini təsdiqləyir. Bu bayraq həm də müharibədə həlak olan minlərlə amerikalı əsgəri simvolizə edir. Yerə səpələnən mərmilər, qana bulanan dəbilqə, hərbi ləvazimatlar, silah... hər biri rəssamın nöqteyi-nəzərindən olduqca real təsvir olunub. Yaralarla dolu bədən, yırtıq geyim və yenidən qırmızıya boyanan sarıqlar müharibənin dəhşətindən xəbər verir. Kompozisiyanın diqqəti ən çox cəlb edən hissəsi arxa fonudur. Arxa fonda yanmaqda olan neft yatağının üzərini bürüyən qara tüstü erkən intibah dövrünün ikona sənətini xatırladır. Qəzəbli görünən arxa fonda neftin təsviri təsadüfi deyil. İraq və Amerika arasındakı müharibənin həqiqətini işarə edən rəssam "neft naminə axıdılan qan"ı bəşəriyyətə göstərir.

- Sizcə, bu əsər bizə nə deyir?

- Bu əsər bu günümüzü çox gözəl izah edir. Rəsm birbaşa izləyici ilə ünsiyyət qurur. Rəssamın məqsədi açıq və aydındır: o, xalqa səslənir. Bu günün həqiqətinə güzgü tutan rəssam ondan qaçmağı qorxaqlıq kimi görür. Heç nəyi saxtalaşdırmır, ört-basdır etmir. Acgözlüyə, mənfəətə və onlardan törəyən cani addımlara ikrah hissi ilə yanaşır. Bəşəriyyətin qəlbinə toxunmağa qadir olan həssas, dini səhnələri təkcə müqəddəslərə deyil, bu günün real həyat problemlərinə də aid ola biləcəyini göstərir. Bunun üçün realizm ona kifayət edir. Emosional şəkildə hər hansı bir sosial problemə istinad edə bilmək üçün sənətkarların xüsusilə metaforaya müraciət etməli olmadığını sübut edir. Müharibə onu o qədər qəzəbləndirir ki, öz hisslərini ifadə etmək üçün heç bir maneəyə məhəl qoymadan bunu bütün dünyaya bəyan edir.

Aytac SAHƏD

 





28.09.2022    çap et  çap et