525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucovdan yeni yazı


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucovdan yeni yazı</b>

Şəhərin tarixi və Renessans epoxasında onun rolu

               

Florensiya gözəl şəhər olmaqla yanaşı, İtalyan Renessansının vətəni sayılır, rəngkarlığın və heykəltəraşlığın inkişafına böyük təkan vermişdir. Şəhərin tarixi və arxitektura abidləri, çox sayda kilsə binaları, dahilərin tişəsindən çıxan heykəllər, onların bəzədiyi gözəl meydanlar bu sənəti inkişaf etdirənlər, onların yenilməz ruhu barədə az qala himn söyləyir. Şəhərin gözəlliyi hər cür vəsfə layiq olması ilə yanaşı,, hətta bir qədər qəribə təsir bağışlayan "Stendal sindromu" adlı ifadəni də psixoloji-tibbi terminlər siyahısına salmışdır. Böyük fransız yazıçısının şöhrətinə, onun  Napoleonun anologeti olması barədəki ittiham müəyyən kölgə salsa da, yaradıcılığı isə dünya ədəbiyyatı klassikasına aid edilmişdir.

Stendal İtaliyanın bir neçə şəhəri ilə yanaşı, Florensiyada səfərdə olarkən, şəhərin arxitektura və rəssamlıq gözəllikləri onu elə heyran etmişdi ki, hətta bu ecazkar təəssüratın ona göstərdiyi güclü psixoloji təsirdən  uzaqlaşmasına da imkan verməmiş, və əhvalınin pisləşməsinə səbəb olmuşdur. Məhz bu hadisəyə görə böyük yazıçının adını daşıyan sindrom barədə düşüncələr meydana gəlmişdir.

XIX əsrin məşhur yazıçılarından biri olan Stendal Romaya, Neapola və Florensiyaya etdiyi səyahətə həsr olunmuş kitab yazmışdır və burada ona təsir edən və keçirdiyi güclü hisslərin də təsviri verilmişdir. Axırıncı şəhərin gözəlliyi, arxitektura və incəsənət inciləri barədə onun təəssüratı o qədər böyük idi ki, bu vaxt xeyli həyəcanlı anlar yaşamalı olmuşdu.

Stendal sindromu daha çox qeyri-adi psixoloji pozğunluğun bir növüdür, ilk dəfə həmin şəhərlə əlaqədar olduğuna görə bəzən "Florensiya sindromu" da adlanır. Bu vəziyyətin meydana gəlmə səbəbi incəsənət əsərləridir, onların sehrliliyidir, bu güclü təsir altına düşən hər bir adam tərəfindən həmin sənət əsərləri qeyri-adi gözəllik kimi qəbul olunur, onun çox sayda nümunələrinin bir yerdə cəmlənməsi isə insanın hisslərinin də bu mənzərənin əsirinə çevrilməsinə şərait yaradır. İncəsənət o qədər gözəl olmalıdır ki, ona tamaşa edəndə beyinə, könülə sensor təəssüratları yükləsin və bu vaxt adam özünü hətta pis hiss edə bilər. Belə seyr etmə prosesi emosional narahatlıq yaradır, ürək öz ritmini dəyişərək, tez-tez döyünməyə başlayır.

Yazıçı Mari-Anri Beyl, o, daha çox Stendal ləqəbi ilə məşhurdur, 54 yaşında italyan Renessans epoxası Florensiyasının incəsənət əsərlərini özünün seyr etmə barədəki təcrübəsini də kitabında təfsilatı ilə qələmə almışdır. O, şəhərdəki Santa-Kroçe kilsəsində olanda orada ilk dəfə Cottonun tavan freskalarını gördükdə, həddən artıq həyəcanlanmış, stressə məruz qalmışdı. Əsərində  o yazır: "Mən Florensiyada belə böyük adamlarla yaxın olmağımla öyünürəm, ancaq mən onların yalnız qəbirlərini gördüm. Yüksək gözəlliyə baxmağa qurşanmaqla, elə bil ki, mən öz hisslərimin göylərə xas olan duyğularla, onların bir-birinə toxunmasını bildirən ana çatdım. Mənə elə gəlirdi ki, ətrafda olan hər şey könlümlə danışır. Mən güman etdim ki, həyatın mənşəyi qeybə çəkilmişdir. Mən çıxıb getməyi qərara aldım, qorxdum ki, yıxılacağam". 

İtaliya incənət inciləri barədə böyük elmi dəyərə malik olan  "Korinna" adlanan daha məşhur əsəri ondan xeyli əvvəl fransız qadın yazıçısı Madam de Stal yazmışdı. O, ölkənin incəsənətinin geniş tarixi təsvirini verdiyinə görə bu böyük tədqiqat işini həm də "İtaiya" adlandırmışdı.  Bu heç də təsadüfi deyildir, axı  İtaliya sivilizasiyaya verdiyi töhfələrə görə Qədim Yunanıstan istisna olmaqla, bütün Avropanı geridə qoyur. Bir cəhəti də qeyd etmək lazımdır ki, Stendaldan fərqli olaraq, Madam de Stal Napoleonun qatı əleyhdarı idi, onu "azadlığın qəbir qazanı" adlandırmışdı .

Madam de Stalın əsərini, İtaliyanın  incəsənət nümunələrini dərindən duyduğuna və layiqincə anladığına görə böyük yunan tarixçisi Plutarxın (45-127-ci illərdə yaşamışdır) "Müqayisəli həyat təsvirləru" adlı məşhur kitabları ilə müqayisə etmək olar. Plutarx öz əsərini qədim yunan və Roma dövlət və hərbi xadimlərinin fəaliyyətinə həsr etmişdi, Alkviadın və Femistoklun, Marinin və Pompeyin, onlarla digərlərinin, tarixin gedişinə öz təsirini göstərən əməllərini canlı səhnələrlə təsvir etdiyi kimi, Madam de Stal da İtaliya rəssamlarının, heykəltəraşlarının yaradıcılığını ciddi analizə məruz qoymuş, onların möhtəşəmliyini obyektiv və elmi təhlil əsasında qiymətləndirmişdi. Çünki yazıçının sənət əsərlərinə dikilmiş məhəbbətlə dolu gözü onların mahiyyətini bütünlüklə dərk etməyə, obrazlı şəkildə desək, malik olduqları hüceyrələri anatomik qaydada hiss etməklə, hətta ən uzaq ulduzlardakı yazını oxumağı da bacarmışdır. Bütün bunları nəzərə alaraq, onun "Korinna"sını böyük italyan mədəniyyəti barədə ən mükəmməl və çox samballı əsər saymaq olar.

Seyr etdiyi gözəlliklər qarşısında isə, qeyd edildiyi kimi Stendal az qala huşunu itirmişdi. Gözəlliyin ecazkar xüsusiyyətləri saysız-hesabsızdır, yəqin ki, bu da onlardan biridir.

Axı vəziyyəti düzgün qiymətləndirsən, yazıçı heç də hansısa təəccübə səbəb olan bir hala düşməmişdi. Gözəllik könülə təsir etdikdə tufan gücünə yiyələnir, hissləri təlatümə salır, dənizin iri dalğası təsirini bağışlayır və xeyli müddət adamı özünün təzyiq xüsusiyyətini andıran təsirindən buraxmır. Böyük italyan rəssamı və həm də müasiri olan dahil yaradıcı insanlar barədə qiymətli xatirələr yazmış Corco Vazari 1560-cı illərdə Uffitsi qalereyası binasını tikəndə "incəsənət ideyasının nəsə bir hipnoz gücündə olduğu" barədəki müdrik fikrini irəli sürmüşdü. Gözəlliyə səriştəli qiymət verməyi bacaranlar bir qayda olaraq öz zövqlərinə uyğun olaraq heç vaxt primitivliyə yuvarlanmırlar və güclü təsirə məruz qaldıqlarından hipnoza tutulmaqla da rastlaşırlar. Florensiyanın saysız-hesabsız incilərinin sehrli təsirini başqa seyr edənlər də özlərində onların necə güclü iz buraxdığını gizlətsələr də, bu hisslərin onları çox yüksəltdiyini hökmən anlayırlar. Ona görə də yazıçının başına gələn qəribə hadisə sonralar çox saydakı nümunələrdə də təkrar olunmuşdur.

Həqiqətən də, Florensiyanın memarlıq incilərinə, Mikelancelonun "David" heykəlinə, Uffitsi qalereyasının heyrətamiz eksponatlarına, xüsusən buradakı Sandro Botticcelinin və venetsiyalı rəssam Titsianın rəngkarlıq əsərlərinə tam aludəçiliyə qapılmadan tamaşa etmək mümkün deyildir. Şəhərin yuxarı tərəfində olan baxış meydanından aşağıdakı mənzərəni seyr etdikdə dahilərin vətəni olan bu məkanın onların füsunkar yaradıcılığının valehedici izlərini saxlayan arxitektura incilərini də pərəstiş qaydasında seyr edirsən.

İtaliya çox sayda gözəl şəhərləri ilə fəxr edə bilər. Roma, Venetsiya, Milan təsadüfi deyildir ki, dünya şöhrəti qazanmışlar və bu şəhərlərə gələn hər bir turist onların abidələrinin ilahi təzahürünə böyük hörmət hissi ilə tamaşa edirlər. Romanın San Petro bazilikası qarşısındakı meydanı və Trevi fəvvarəsini, Venetsiyanın San Mario meydanını, Milanın Duomo kilsəsini, bu gözəllik məbədlərini ziyarət etmiş hər kəs, bunları öz yaddaşında ən qiymətli anlar kimi qoruyub saxlayır və xatirələrə dalanda incə  və gur hisslər axını nə qədər gec və uzaq olsa da, yenə həmin gözəllik etalonlarının seyrinə qaytarmaqla adama mənəvi rahatlıq verir. Amerikan kinematoqrafçıları bu gözəlliklərin cazibə qüvvəsini düzgün dərk edərək, XX əsin ortalarında İtalyan paytaxtını vəsf edən "Roma kanikulları" film-novellasını yaratmışlar, bundan yarım əsr sonra  sadə "Turist" adını daşıyan filmdə isə Venetsiyanın ilahi gözəlliklərini süjetə xələl gətirmədən böyük ustalıqla təsvir etmişlər. Əgər hindlilər Tac Mahala görə haqlı iftixar hissləri keçirirlərsə, italyanların belə qürur aşılayan obyektləri daha çoxdur və onların yüksək qiymətini təkcə həmin ölkənin sakinləri deyil, bəşəriyyət özü də tam obyektiv olaraq verir və qədim misirlilər faraonlara səcdə qılan kimi, buraya gələn hər bir kəs tam pərəstiş etirafı qaydasında onlara yanaşmağı özünə borc bilir.

Əgər Roma antik abidələri ilə seçilirsə, Venetsiya muzey-şəhər təsiri bağışlayırsa, Milan möhtəşəm binaları ilə öyünürsə, Florensiya vətəni olduğu Renessansın heykəltəraşlıq, rəssamlıq və arxitektura incilərinin zənginliyi ilə fərqlənir. Bu şəhər öz tarixi eksponatlarını qoruyub saxlayan Renessansın qiymətdən düşməyən sərgi - yarmarkasını xatırladır, buradakı  möcüzələr onları yaradanlara pərəstiş aşılayan heyrətamiz incilər, zamanın da soldura bilmədiyi memarlıq çiçəkləri ilə doludur.

Hamı bir danılmaz faktı etiraf edir ki, Florensiya Renessansın yarandığı, təşəkkül tapdığı, böyük inkişaf yolu keçdiyi bir şəhər olmaqla yanaşı, həm də bəşəriyyətə çox sayda dahilər bəxş etmişdir. Onları sayıb qurtarmaq da çətindir, bu siyahıya Cotto, Dante, Donatello, Bokkaçço, Petrarka, Mikelancelo, Sandro Bottiçelli və Vazari kimi böyük sənətkarlar daxildir.

Bu şəhər başlanğıcdan Roma mənşəyinə və ənənələrinə sahib olan adamların yüksək toplumundan ibarət idi, onlar isə, əsasən, başlıca olaraq sənətkarlar idi. Bu adamlar kiçik, əsasən də, ailə əlaqələri qururdular, həm də onlar müqayisəyə sığmayan kreativlik qabiliyyəti ilə xarakterizə olunurdular. İlk əvvəllərdə onlara qiymət verən nizamlayıcılar olmaması uzündən çətinliklərlə üzləşmişdilər. XII əsrin əvvəllərindən Toskana rəhbərliyi Florensiyanın işlərinə maraq göstərməyə başladı, lakin daha fərasətli biri isə bu işi tezliklə öz əlinə götürdü.

Həmin dövrdə Florensiya ərazisi. əsasən german mənşəli olan düşmən tipli kübarlar tərəfindən əhatə olunmuşdu. Onlar şəhər divarlarından kənarda qalırdılar və elə bir strateji əhəmiyyət kəsb etməyən bu əraziyə girməyə heç ehtiyac da duymurdular.  Florensiya da Piza kimi düzənlik sahədə genişlənmişdi, onu başqa şəhərlər kimi təbii sərhəd rolunu oynayan dağlar da qorumurdu, ancaq təpələrin hasarladığı dairənin ortasındakı vadidə yerləşirdi. Əslində, şəhər potensial düşmənlərlə əhatə olunmaqla, kövrək bir  vəziyyətdə idi. Potensial düşmənlərin təhlükəsi isə onu əzirdi, çünki istənilən vaxt onlar şəhərdən çıxışa nəzarət qoya bilərdilər, bu çıxış isə şəhərin kommersiya fəaliyyəti üçün çox vacib idi.

Müqəddəs Roma imperiyasına qarşı mübarizədə özünü müdafiə etmək üçün, Kommuna elan edilməmişdən əvvəl özünün rəsmi mövcudluğunun tanınmasına nail oldu. Şəhər vətəndaşları şirkətlərdə, birliklərdə, qruplarda birləşib, daxildə bölünməklə təşkilatlanırdılar. Onlar qüdrətli olan Böyük və Kiçik gildiyalara çevrildilər.

Kommunadan əvvəl şəhər öz müstəqilliyini elan etdi və bu əsl bir muxtariyyət forması tələbinin əlaməti idi. Florensiya, əslində, özünün qorxu yaradan şirkətlərinin, gildiyalarının dəstəyi hesabına güclü idi.

Burada yeddi böyük gildiya var idi, onlar hakimlər və notariuslar, əcnəbi paltarlarında olan tacirlər, pul dəyişənlər, yun tacirləri, ipək parça tacirləri, həkimlər və bitkiçilər, xəz ustaları idi. Kiçik gildiyalarda isə 14 üzv var idi, onlara qəssablar, ayaqqabı tikənlər, dəmirçilər, yun ustaları və onun məhsulunu daşıyanlar, maye yağ tacirləri, kolbasa və pendir, xəncər, dəri tacirləri, zireh və qılınc düzəldənlər, ağac materialı tacirləri, şərab tacirləri, mehmanxanaçılar və çörəkbişirənlər daxil idi. Toxuculuq və pul dəyişənlər gildiyaları uzun müddət daha qüdrətli idilər, həm də ona görə ki, onlar başqalarından daha sürətlə inkişaf edirdilər.

(Ardı var)

 





28.09.2022    çap et  çap et