525.Az

Modul tipli məktəb binaları: təhsildə yeni və mütərəqqi təcrübə


 

Modul tipli məktəb binaları:  təhsildə yeni və mütərəqqi təcrübə<b style="color:red"></b>

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Azərbaycanda modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq 2016-cı ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137, 2019-cu ildə 50 modul tipli məktəb quraşdırılıb. 2020-ci ildə 60, 2021-ci ildə isə 31 modul tipli məktəb istifadəyə verilib.

Bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Şagird sayına uyğun sinif otaqları, kitabxanası, sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər. Modul tipli məktəblərin bir üstünlüyü də quraşdırılmasına az maliyyə vəsaiti sərf edilməsidir. Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır.

Bu günədək quraşdırılan modul tipli məktəblər sayəsində azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll edilib.

Modul tipli məktəblər regionlar üçün daha əlverişlidir, nəinki Bakıdan ötrü. Paytaxtda kifayət qədər məktəb var, nəqliyyatın hərəkəti sıxdır. Bu, daha çox region məktəbləri üçün yararlı variantdır. Məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi mütləq nəzərə alınır. Kəndin relyefi kifayət qədər nahamardır və burada modul tipli məktəbin tikintisi daha məqsədə uyğun hesab olunub. Məktəblərin tikintisində yerli materiallardan istifadə edilir. Modul tipli məktəblərdə sinif otaqlarının sayını şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırmaq mümkündür. Bu  məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur. Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır.

Modul tipli məktəblərdən Avropa və Amerikada da istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır.

İmişli rayonunun Məmmədli kəndində quraşdırılan modul tipli məktəbin direktoru Bayram Bayramov deyir ki, burada tam orta məktəbin əvvəlki binası 1988-ci ildə inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yararsız vəziyyətdə düşmüşdü. Bu ilin fevral ayında məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb olub: "Məmmədli kəndində yeni məktəb binasının istifadəyə verilməsi valideynlər və şagirdlər tərəfindən böyük sevinclə qarşılandı. Yeni istifadəyə verilən modul tipli ibtidai məktəb 96 şagird yerlikdir. Məktəbdə  9 sinif otağı, müəllimlər otağı, kitabxana, istilik sistemi, sanitar qovşağı istifadəyə verilib və həyətində abadlıq işləri aparılıb. Məktəb avadanlıq və inventarla təmin edilib. Bura olduqca möhkəm tikilidir və ərazinin relyefinə uyğun olaraq bütün lazımi tədbirlər görülüb".

İmişli rayonu Axıcanlı kəndində yeni modul tipli məktəb də bu ilin fevralında istifadəyə verilib. Axıcanlı kəndində fəaliyyət göstərən ilk bina 1972-ci ildə istifadəyə verilib. Bir neçə dəfə cari təmir aparılsa da, bina tələblərə cavab vermədiyi üçün yeni modul tipli məktəbin inşasına başlanılıb. Qısa müddətdə tikintisi başa çatdırılan məktəb kollektivin ixtiyarına verilib. Yeni məktəb binasında 11 sinif otağı kitabxana laboratoriya və digər xidməti otaqlar mövcuddur. Tikili müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, eyni zamanda, müşahidə kameraları quraşdırılıb. Məktəbdə 152 şagirdin təlim tədrisi üçün 23 müəllim çalışır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, müasir dövrün tələblərindən biri də məktəbin görünüşüdür: "Ənənəvi məktəblərdə bunu həyata keçirmək heç də asan məsələ deyil. Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür ki, bunun da şagirdlər üçün faydalı olacağını düşünürəm. Modul tipli məktəblər Azərbaycan təhsilinə yeni nəfəs gətirib, şagirdlərin məktəbə cəlb olunmasında və qəzalı məktəblərin sayının azalması baxımından çox uğurlu bir layihədir. Məsrəflərin ənənəvi məktəblərdən az olmasını nəzərə alsaq, bu gün ölkədə səyyar tipli məktəblərin istifadəyə verilməsi təqdirəlayiq haldır. Bu məktəblər həm də ekoloji baxımdan uğurlu sayıla bilər".

Şahlar Əsgərov qeyd edib ki, 50-100 nəfər əhali yaşayan ərazilərdə, məktəbə gedən uşaqların sayı maksimum 20-30 nəfər ola bilər: "Belə yerlərdə böyük fundamental məktəb tikmək məqsədəuyğun deyil. Buradakı şagirdlərin qonşu kənddəki məktəblərə getmələri müəyyən problemlər yaradır. Modul tipli məktəblər belə məntəqələrdə əhalinin təhsilə olan tələbatını ödəməklə dövlətə kömək edir".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2016-cı ildən etibarən qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Bu məktəblərə az miqdarda pul xərcləndiyindən sərfəlidir. Bunlarla yanaşı, ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdu. Modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahatdırlar. Məsrəflərin ənənəvi məktəblərdən az olmasını nəzərə alsaq, bu gün ölkədə səyyar tipli məktəblərin istifadəyə verilməsi təqdirəlayiq haldır. Bu məktəblər həm də ekoloji baxımdan uğurlu sayıla bilər. Bu tipli məktəblərin istifadəyə verilməsindən sonra Azərbaycanda "Hər kəndə bir məktəb" layihəsi həyata keçirilə biləcək. Modul tipli məktəblərin quraşdırılması bir o qədər böyük vəsait tələb etmir. Lakin məktəblər hansı rayonda və kənddə quraşdırılacaqsa, həmin ərazidə şagirdlərin sıxlığı əvvəlcədən nəzərə alınmalıdır. Yaxşı olardı ki, səyyar məktəblər qəzalı vəziyyətdə olan və şagirdlərin daha sıx olduğu ərazilərdə tez quraşdırılsın. Modul tipli məktəblər 100-300 uşaq tutumuna malik olur. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli, amma keyfiyyətli, tam tədris resursları ilə təmin olunmuş məktəblər əvəz edir. Ancaq ənənəvi məktəblərdən birbaşa imtina edib, sırf səyyar məktəblərə keçid etmək də mümkün deyil: "Belə məktəblər kəndlərdə və qəsəbələrdə həyata keçirilərsə, həm əlavə iş yerlərinin açılmasına, həm müəllimlərin sayının artmasına, həm də otaqların və məktəbin dizaynının dəyişməsinə səbəb olacaq. Belə məktəblər həm də dizayn baxımından şagirdləri daha çox cəlb edəcək. Modul tipli məktəblər həm də dizayn baxımından şagirdləri daha çox cəlb edir. Bir şeyi də qeyd edim ki, yeni tipli məktəblərin dizaynının tez-tez dəyişdirilə bilməsi də çox müsbət haldır".

Təhsil eksperti Elşən Qafarov vurğulayıb ki, Azərbaycanda yeni modul tipli məktəblərin inşası müsbət haldır: "Hər il onlarla məktəb tikilir, yenidən qurulur, bərpa işləri aparılır. Yeni məktəblərin inşası əlavə vəsait deməkdir. Hələ də regionlarda elə məktəblər var ki, təhsil üçün yararsızdır. Bu baxımdan bu regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədəuyğundur. Modul tipli məktəblərdən Avropa və Amerikada da istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Şagird sayı sıx olan, daha təhlükəli vəziyyətdə olan məktəblər ilk olaraq modul tipli məktəblərlə əvəz edilməsi müsbət haldır. Modul tipli məktəblər regionlar üçün daha əlverişlidir, nəinki Bakı. Bakı şəhərində kifayət qədər məktəb var, nəqliyyatın hərəkəti sıxdır. Bu, daha çox region məktəbləri üçün yararlı variantdır".

Sevinc QARAYEVA

 

 





28.09.2022    çap et  çap et