525.Az

Bir şəhidin iziylə... Üç min şəhidin eşqinə... - Şahanə Müşfiq yazır


 

Bir şəhidin iziylə... Üç min şəhidin eşqinə... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Mən bu sətirləri qələmə aldığım gün xalqımız sonsuz qürur, ehtiram və hüznlə iki il öncə Vətən müharibəsində canını, qanını, arzularını, gözləntilərini, gələcəyini bu torpağın azadlığına qurban verən şəhidlərimizi anır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr hər il ölkəmizdə Şəhidlərimizin Anım Günü kimi qeyd edilir.

Şübhəsiz ki, Vətən müharibəsi və onun qurbanı olan üç minə yaxın şəhidimiz xalqımızın, ölkəmizin tarixində elə şanlı bir səhifə açdı ki, onu unutmaq, xatırlamaq üçün tək bir günə möhtac olmaq mümkün deyil. Çünki müharibə dövründə yaşadığımız həyəcanlar qəlbimizdə, şəhidlərimizin əziz xatirəsi ürəyimizdə, zəfərin qan qarışmış dadı duyğularımızdadır. Nəfəs aldığımız, yaşadığımız hər an, hər an saniyə o qüruru da, o hüznü də, o dadı da hiss edir, şəhidlərimizin bir yerlərdən bizi izlədiyinə əminliklə onların ruhuna və fədakarlığına layiq ömür sürməyə çalışırıq.

Məhz bunun nəticəsidir ki, düz iki ildir, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün hər kəs öz sahəsində, əlindən gələn fəaliyyəti ilə nələrsə etməyə çalışır. Rejissor tamaşa qurur, kino çəkir, aktyor onların obrazını səhnədə, ekran önündə yaratmaqdan sonsuz fəxr duyur. Rəssam fırçasını onların nur üzüylə, yazıçı qələmini onların əzəmətiylə bəzəyir. Ailələrinə diqqət göstərilir, haqlarında verilişlər çəkilir, məqalələr, kitablar yazılır. Bu iki il ərzində Vətən müharibəsinə, onun ayrı-ayrı qəhrəmanlarına həsr olunan onlarla kitab çap edilib.

Böyük qürur və sonsuz məsuliyyət hissiylə deyirəm ki, qələmini bu mövzudan bir an belə olsun ayırmayan, şəhidlərimizi xalqımıza daha yaxından tanıtmaq, onların xatirəsini əbədiləşdirmək naminə əlindən gələni etməyə çalışanlardan biri də bu sətirlərin müəllifidir. Son aylarda iki şəhidimiz haqqında hazırlanan kitab nəinki qələmimin, eləcə də, ruhumun, mənliyimin, bütün duyğularımın ümdəsinə çevrilib. Şəhid mayor, Şuşa fatehi Emin Süleymanov və şəhid leytenant, cəsur qəhrəman Nurlan Zeynalov haqqında yazılmaqda olan bu kitablar oxucularına təqdim olunacağı günün həyəcanıyla yazılmaqdadırlar.

Nə təsadüfdür ki, haqlarında yazdığım hər iki zabitimiz eyni gündə, təxminən eyni anlarda və yaxın məsafələrdə şəhadətə ucalıblar. 44 günlük müharibəni əvvəlindən sonuna kimi torpaqlarımızı azad edə-edə irəliləyən, düşmənə can verməyən hər iki qəhrəmanımız qələbəyə saatlar qalmış, noyabrın 9-u axşamında şəhidlik məqamına ucalırlar. Ancaq onların bu gedişi elə-belə gediş deyildi. Onlar peşəkar zabit, müharibənin əvvəlindən sonuna kimi can qoymuş döyüşçü olaraq artıq qələbinin əvəzolunmaz dadını duymuş, zəfərin heç də uzaqda olmadığını göstərən xoş ətrini hiss etmişdilər. Onlar bu dünyadan qalib ordunun qalib əsgəri kimi gedirdilər. Gedirdilər ki, özlərindən sonra gələcəklər yaşasın. Gedirdilər ki, bu vətən torpağına öz qanlarıyla əbədi qələbəni yazsınlar.

Müdafiə Sənayesi Nazirliyinin üç şəhidindən biri olan Nurlan Rəfail oğlu Zeynalov 2019-cu ilin iyun ayında atasının da əməkdaşı olduğu Nazirliyin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda Kadrlar şöbəsinin rəisi kimi işə başlayır. Mən də Nurlanı şəhadətindən sonra məhz burada - Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor Elçin İsgəndərzadənin sayəsində tanıdım. Agentliyin həyətində onun və buranın I Qarabağ müharibəsi şəhidinin adına bulaq tikilib. İki il keçməsinə baxmayaraq, iş yoldaşları, rəhbərlik hələ də Nurlanı gözəl insan, perspektivli gənc kadr, məsuliyyətli və bacarıqlı işçi kimi yad edir, haqqında gözəl sözlər söyləyirlər.

Elçin İsgəndərzadə sözügedən instituta direktor təyin olunandan az sonra buranın şəhidi Nurlan haqqında məlumata yiyələnir və atası Rəfail Zeynalovla tanış olur. Bundan sonra Elçin müəllim həm şəhidlərimizin ruhuna ehtiram duyan bir azərbaycanlı, həm o şəhidlərimiz sayəsində öz torpaqlarına qovuşan şuşalı, həm də qələmiylə hər zaman "Qarabağ, Şuşa, Xarıbülbül" deyib inləyən şair həssaslığıyla Nurlanın xatirəsinin əbədiləşdirilməsinə çalışır. On ilə yaxındır tanıdığım hörmətli ziyalımızla Yazıçılar Birliyindəki görüşlərimizin biri müqəddəs bir layihənin başlanğıcına rəvac verdi. Mənim iki ildir şəhidlərimizdən, qazilərimizdən yazdığımı bilən, məqalələrimi oxuyan professor Nurlan Zeynalov haqqında kitab yazmaq fikrindən bəhs etdi və mənim də bu işdə ona dəstək olmağımı istədi. Təbii ki, bu qutsal vəzifəni məmnuniyyətlə qəbul edib, vaxt itirmədən şəhidimizi tanımaq və həyatını, keçdiyi döyüş yolunu qələmə almaq üçün işə başladıq. Artıq aylardır E.İsgəndərzadəylə birlikdə üzərində işlədiyimiz, hər detalına böyük həssaslıqla yanaşdığımız kitab son mərhələlərə gəlib çıxmaqdadır. Allahın izniylə, Nurlanın şəhadətə ucaldığı və xalqımızın böyük zəfəri əldə etdiyi o şanlı günlərdə təqdimatı planlaşdırılır.

Bu günlərdə kitabdakı müvaqif bölməni işləmək üçün Rəfail müəllimlə birgə Nurlanın ata yurdu, könlüylə bağlı olduğu və qısa ömrünün daha çoxunu keçirdiyi Sabirabada üz tutduq. Özü atasına hər zaman deyərmiş ki, "nə olsun, Bakıya gəlmişəm, bir gün mütləq əbədi Sabirabada qayıdacağam". Beləcə də olur. Bakıya gəlməyindən çox keçməmiş Nurlan Sabirabada torpağında əbədi uyumaq üçün qayıdır. Biz də onu yatdığı bu əbədi ünvanında ziyarət etmək, oxuduğu məktəbləri görmək, dostları, müəllimləriylə həmsöhbət olmaq üçün yola çıxdıq. Nurlan bu gün o torpaqda bir zamanlar məktəb lövhəsinə çəkdiyi vüqarlı Azərbaycan əsgəri kimi şəstlə, vüqarla, əzəmətlə uyumaqdadır. Bütün şəhidlərimiz kimi, o da yatdığı torpağı müqəddəsləşdirib. İndi oraya səfər edənlərin əksəriyyəti ilk növbədə onu və onunla birgə uyuyan şəhadət yoldaşlarını ziyarət edirlər. Bizim kimi...

Nurlan Sabirabadda ilk təhsilini 9 saylı ümumi orta məktəbdə alıb. Son iki ilini isə M.Ə.Sabir adına 1 saylı məktəbdə davam etdirib. Hər iki məktəbdə Nurlanın şəkilləri həkk olunmuş guşə bizi qarşıladı. Sanki onun sorağıyla buralara üz tutduğumuzu bilən şəhidimiz bizə "xoş gəldin"ə özü şəxsən çıxmışdı. Məktəblərin direktorları, vaxtilə Nurlana dəsr deyən müəllimlər, onunla birgə oxuyan sinif yoldaşları, dostları onun adını göz yaşına qərq olmadan çəkə bilmirlər. Ta uşaqlığından yetkin xarakterə malik, özünü yaşından dəfələrlə böyük aparan Nurlan müəllimlərinin göz bəbəyi, dostlarının könül sırdaşı, ağsaqqalı imiş. Nahaqdan deyil ki, bütün sinif yoldaşları ona ta uşaq yaşlarından "baba" deyə müraciət edərmişlər.

Biz bir şəhidin sorağıyla çıxdığımız yolda vətənpərvər, hər cür xoş xüsusiyyətlərə, yüksək keyfiyyətlərə malik, savadlı, ailəsini, yurdunu, torpağını canından artıq bilən bir Azərbaycan gəncini tanıdıq. Bəli, təəssüf ki, şəhadətindən sonra tanıdıq, amma bu danılmazdır ki, o vardı, var və olacaq! Bu vətən, bu torpaq, bu millət uğrunda canını fəda edən bütün qəhrəman şəhidlərimiz kimi. Və əminik ki, təkcə 27 sentyabr anım günündə deyil, hər gün, hər an onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Gələcək nəsillərimiz vətəni sevməyi məhz onlardan öyrənəcək!

 

 





28.09.2022    çap et  çap et